10 aprel 2024 21:33
446

Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına dəyərli töhfələr vermişdir

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda göz önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələridir.

Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev yüksək intellekti ilə onu əhatə edənlərin dərin rəğbət və hörmətini qazanmışdı. O, özünün şəxsi nümunəsi ilə övladlarına mübariz olmağı aşılamış, gələcəyə ümid, inam bəsləməyi öyrətmiş, hər zaman hamıya xeyirxah, qayğıkeş münasibətdə olmağı tövsiyə etmişdi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə fərqlənirdi. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təcəssümünü tapmışdı.

Cəmiyyətin həyatında  fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi.  Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hər bir kəsin hörmət və məhəbbətini qazanmış bu insan, ilk növbədə böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi. Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Zərifə xanım həkimlik peşəsini çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”.

Zərifə xanım Əliyevanın elmi-tədqiqatlara olan sonsuz marağı onu Oftalmologiya Elmi Tədqiqat İnstitutuna gətirib çıxarmışdı. O, bu ixtisası seçərkən ölkə əhalisinin bu sahəyə böyük ehtiyacı olduğunu düşünmüş və Vətənə bu istiqamətdə daha çox xeyir verəcəyini fikirləşərək bu addımı atmışdı. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma göz xəstəliyinə qarşı təsirli müalicə üsulları yox idi. Bu xəstəliklə mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə Respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Zərifə xanım elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. O, traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olmuşdur.

Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, eyni zamanda, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftolmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim oftalmoloqların böyük bir nəsli yetişmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.

Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi.

Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyaya tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dəfələrlə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Görkəmli alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı