10 aprel 2024 10:49
464

Regionların inkişafı yeni dövrün əsas prioritetləri sırasındadır

Dövlət başçısı İlham Əliyevin Hacıqabul, Qəbələ rayonlarına və Gəncə şəhərinə səfəri bir daha bu reallığın təsdiqidir ki, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilir

Dövlət başçısı İlham Əliyev 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində yeni dövrün hədəflərini açıqlayarkən bildirdi ki, əlbəttə, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Müqayisə üçün qeyd edildi ki, 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bu, sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.

Cənab İlham Əliyev diqqəti sosial sahədə əldə edilən göstəricilərə də yönəltdi. Qeyd etdi ki, sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək.

Onu da qeyd edək ki, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, həm də turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.

Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. Yeni iş yerlərinin yaradılması qarşıya prioritet məsələ kimi qoyulub. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, yeni iş yerlərinin yaradılması daimi prosesdir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürdü. Eyni zamanda, bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə qarşıya əsas vəzifə kimi qoyuldu. Bu məqsədlə təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası hazırda bölgələrin hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır.

Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bölgələrə davamlı səfərləri Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev görülən işlərlə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq regionlara səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, onları narahat edən məsələləri özlərinin dilindən eşitməyi daha məqsədəuyğun hesab edir. Regionların inkişafı, eyni zamanda, qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirilir. Yaradılan şərait bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş təkan verir. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı platformasının bir hissəsi idi. Cənab İlham Əliyev həmin vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional inkişaf proqramları qəbul olundu və uğurla icra edildi. Artıq dördünsü proqramın icrası ötən il başa çatdı.

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi şərtləndirir.

Azərbaycanın uğurlu inkişafı beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Azərbaycan mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.

Hazırda qeyri-neft sektorunun inkişafı əsas prioritetlər sırasındadır. Davamlı inkişafın əsası olan Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdi. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir.

Aprelin 9-da Hacıqabul rayonunda və Gəncə şəhərində səfərdə olan dövlət başçısı İlham Əliyev Hacıqabulda avtomobil yolunun açılışında iştirak etdi, həmçinin «Agro Dairy» MMC-yə məxsus torpaq sahəsinə suvarma suyunun çatdırılması üzrə qurğular kompleksi ilə tanış oldu. Gəncədə idman sarayının açılışında iştirak etdi. Gəncə şəhər stadionunun təməli qoyuldu. Həmçinin Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanışlıq oldu. Gəncə İdman Sarayının timsalında qeyd edə bilərik ki, belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Qəbələ rayonunda da səfərdə oldu. Qəbələ Rayon Mərkəzi Xəstəxanası istifadəyə verildi. Cənab İlham Əliyev Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun, Bum qəsəbəsində tam orta məktəbin yeni binasının və “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinin açılışlarında iştirak etdi.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı bir zamanda paralel olaraq digər bölgələrin də sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində addımların atılması Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir.

Reallıq budur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə Prezidentinin bildirdiyi kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Bölgələrdə yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” mərkəzlərinin coğrafiyası genişlənir. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 100 faizdir. İşğaldan azad edilmiş ərazilərdə də bu mərkəzlərin yaradılması əsas hədəflər sırasındadır. Artıq Şuşa şəhərində «ASAN xidmət» mərkəzinin tikintisi başa çatdırılıb.

Bütün çıxışlarında müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd edir ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Bölgələrə səfərlərinin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daşı-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik. Ona görə müharibə başa çatan kimi dərhal quruculuq işlərinə start verilmişdir. 

Ağalı kəndinin ardınca Talış və Zabux kəndləri sakinlərini qarşıladılar. Həmçinin Laçın və Füzuli şəhərləri qısa zamanda bərpa edilərək sistemli şəkildə sakinlərini qarşılayır. Atılan bu addımlar bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını təqdim edir.

İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə institutunun yaradılması görülən işlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac yarandı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. İqtisadi rayonların yeni bölgüsü həyata keçirildi. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Milli Prioritetlər tarixi torpaqlarımızın əvvəlki vəziyyətinə qaytarılmasına, iqtisadi inkişafının bərpa olunmasına, bir sözlə, Azərbaycanın gələcəyinə hesablanıb.

Əvvəldə də qeyd etdiyimiz kimi, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun yüksəldilməsi dayanır. Bugünədək pensiyalar, sosial müavinətlər, əməkhaqları daim artırılmış, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlamış, milyonlarla yeni iş yerləri açılmış, yoxsulluq və işsizlik minimuma endirilmişdir.Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Yuxarıda da qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Azərbaycan artıq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə dünyanın diqqətindədir. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Bu ərazilərdə yeni idarəetmə sistemi yeni uğurların açarı olaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz bu torpaqlarda əbədi olacağıq. Cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı da özündə hədəflərə çatmaq üçün icra mexanizmlərini və nəzarəti ehtiva edir. Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının yüksək səviyyədə qorunması və təmin edilməsi üçün möhkəm baza mövcuddur.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatları dəfələrlə artmış və ondan səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi güclənmiş, təhsil və digər sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq yaxşılaşmışdır. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlamışdır. Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı, rəqabətli iqtisadiyyatını formalaşdırılması olacaqdır. Dövlət başçısı İlham Əliyev bildirir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir.» Hazırda işğaldan azad edilmiş ərazilərimiz müasir şəhərsalmanın təcrübəsini dünyaya təqdim edir. Ağdam və Zəngilan bununla bağlı keçirilən Foruma ev sahibliyi edib. Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan bu torpaqlarda bütün işləri daxili imkanları hesabına həyata keçirir. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma, o cümlədən idarəetmə mexanizmi sonra bütün ölkə üzrə də tətbiq olunacaq.

Yeganə Əliyeva, «İki sahil»