10 aprel 2024 00:12
511

Cənubi Qafqazda sülh və təhlükəsizliyin müstəsna təminatı

Dünyada baş verən proseslər göstərir ki, bu və ya digər ölkənin müdafiə qüdrətinin yüksəldilməsi imkanlarının olması onun suverenliyinin və müstəqilliyinin əsas qarantıdır. Bu baxımdan müdafiə sənayesinin potensialının artırılması son dövrlərdə hər bir ölkənin önəmli məsələlərindən birinə çevrilib. Bu vacib məsələ dövlətimiz üçün də prioritet sayılır.

Bu  gün Azərbaycan milli təhlükəsizliyini təmin etmək məqsədilə xarici ölkələrdən avadanlıqlar almaqla kifayətlənmir, eyni zamanda, müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatlar, bir sözlə, 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edir. Həmin məhsullar arasında pilotsuz uçuş aparatları , o cümlədən məşhur “İti qovan” PUA-lar xüsusi yer tutur. Bu məmulatlar Vətən müharibəsində, eləcə də digər hərbi əməliyyatlarda özünü yüksək səviyyədə doğruldub. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal antiterror tədbirinin 23 saat çəkməsi də məhz bu amillərlə bağlı idi.

Azərbaycan bu sahədə digər ölkələrlə, o cümlədən haqq işimizi həmişə dəstəkləyən, torpaqlarımızın azad edilməsində mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş Türkiyə ilə də əməkdaşlıq edir. Hazırda Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələri bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində çox yüksək səviyyədədir. Hətta demək olar ki, bu münasibətlər digər dünya dövlətləri üçün nümunədir. Qeyd edək ki,  2021-ci ildə Şuşa Bəyannaməsi imzalandıqdan sonra Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri hər sahədə daha da güclənib.

Son illərdə Türkiyədə fəaliyyət göstərən müdafiə sənayesi şirkətləri də Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafına dəstək verirlər.  Yeri gəlmişkən qeyd edək ki, fevralın 19-da Türkiyədə rəsmi səfərdə olan Prezident İlham Əliyev dövlətlərimiz arasındakı mövcud əlaqələrdən danışarkən hərbi sənayemizin inkişafı ilə bağlı qardaş ölkə ilə birlikdə atılacaq addımların da diqqət mərkəzində olduğunu qeyd etmişdir: ”Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb”.

Dövlətimizin başçısı, həmçinin bildirmişdir ki, müdafiə sənayesi sahəsində çox gözəl irəliləyişlər var və prezident seçkilərindən iki gün sonra mənim iştirak etdiyim ilk tədbir “Bayraktar Akıncı” PUA-sının təqdimatı idi: “Artıq PUA-lar da Azərbaycan səmasında uçur və bu, bizim üçün həm əlavə imkanlar yaradır, eyni zamanda, texnoloji inkişafımız üçün önəmli şərtdir. “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılması üçün işlər sürətlə gedir. Ümid edirəm ki, bu il və ya gələn il bu gözəl mərkəz açılacaqdır”. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin "Baykar" şirkəti arasında "Bayraktar" pilotsuz təyyarələrinin ölkədə birgə istehsalına dair müqavilə imzalanıb. Bu ilin mart ayında 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulan “KAAN” beşinci nəsil hərbi təyyarəsinin bir parçası Azərbaycanda istehsal olunur.

Bu günlərdə Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımların atıldığını vurğulamaqla yanaşı, Türkiyənin aparıcı şirkətlərinin (“ASELSAN”,  “ASFAT”, “HAVELSAN”, “Maşınqayırma və Kimya Sənayesi”, “REPKON Grup”, “ROKETSAN”, “Müdafiə Texnologiyaları və Mühəndislik”,  “Türkiyənin Aviasiya və Kosmos Sənayesi - TUSAŞ”) əməkdaşlığa yeni töhfələr verəcəyini bildirib. Haluk Görgün səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində olan şirkətlər ilə Azərbaycan müdafiə sənayesi şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətlə bağlı anlaşma memorandumlarının imzalanması barədə dövlətimizin başçısına məlumat verib. Şübhəsiz, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə getdiyi bir dönəmdə bu kimi addımlar  ölkəmiz üçün olduqca önəmlidir. Digər tərəfdən, Azərbaycan–Türkiyə əlaqələri, xüsusən də hərbi müttəfiqliyi  bütövlükdə  Avrasiya məkanında, o cümlədən Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün son dəcərə müstəsna təminatdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”