10 aprel 2024 01:16
550

Qərbin çürük dayağı

Xeyli müddətdir ki, Qərb dairələri Ermənistanın əli ilə Cənubi Qafqazda  möhkəmlənməyə çalışırlar.  Son zamanlar bu proses daha da sürətlənib. Şübhəsiz, təcavüzkar ölkəni silahlandıran və sülh sazişi imzalamamağa təhrik edən ABŞ və Avropa İttifaqının hədəfləri sırasında Ermənistanı Rusiyadan uzaqlaşdırmaq dayanırsa, digər hədəf Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaqdır. Bu baxımdan aprelin 5-də Brüsseldə keçirilən ABŞ- Avropa İttifaqı-Ermənistanın  müştərək konfransı regionda İrəvanın vasitəsilə yeni məkrli planların reallaşdırılması cəhdi idi. Doğrudur, rəsmi bəyanatlarda həmin görüşün Ermənistan iqtisadiyyatına və demokratiyanın inkişafına dəstək məqsədi daşıdığı bildirilir. Amma  əslində, maliyyə yardımı donu geyindirilən bu “platformanın” Qərbin geosiyasi məqsədlərinə xidmət etməsi şübhə doğurmur. Yəni, həmin  açıqlamalar sadəcə gözə kül üfürməkdən və yaxud gözdən pərdə asmaqdan başqa bir şey deyildi.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanla bağlı Qərbin yürütdüyü siyasətin Cənubi Qafqaza yaxşı heç nə vəd etmədiyi Azərbaycan, Rusiya və Türkiyə rəsmiləri tərəfindən dəfələrlə vurğulanıb. Hətta həmin bəyanatlarda ötən ilin sentyabrından indiyədək Avropanın beynəlxalq qurumlarının, eləcə də bir sıra ölkələrin Azərbaycan əleyhinə qərəzli mövqe nümayiş etdirmələrinin, Ermənistanın timsalında Cənubi Qafqazda bir silahlı forpost dövlət yaratmaq cəhdlərinin gələcəkdə çox böyük fəsadlar törədəcəyi bildirilib.

Sual olunur: Azərbaycan və Türkiyə kimi dövlətlərlə sərhədləri bağlı olan, guya rus sülhməramlılarının üzərlərinə düşən “öhdəliyi” yerinə yetirmədiyni bəhanə edərək Rusiyadan uzaqlaşmaq xətti tutan Ermənistana, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin sözləri ilə desək, “iqtisadiyyatının və cəmiyyətinin daha güclü və sarsıntılara davamlı olması” üçün ayrılan 65 milyon dollar və 270 milyon avro ilə onu gözləyən defoltdan xilas etmək mümkündürmü?

Bu suala erməni siyasətçilərinin fikirləri ilə cavab verməyə çalışaq. Siyasi şərhçi Sergey Melkonyan  bildirib ki, üçtərəfli görüş İrəvana heç bir xüsusi bonus gətirməyib. Politoloq Andreas Qukasyan ayrılan məbləği uşaq başı aldatmaq kimi dəyərləndirib. Ermənistanın enerji təhlükəsizliyi üzrə eksperti Vahe Davtyan isə deyib ki, Brüsseldə bizə konfet yox, konfet kağızı göstərdilər, çünki Avropa və ABŞ-ın 4 il ərzində verdiyi pul Ermənistanda bir dənə də olsun ciddi məsələni həll edə bilməz: “Ermənistanın suverenliyi və ərazi bütövlüyü satışa çıxarılıb. 270 milyon avro + 65 milyon dollar heç bir infrastrukturu inkişaf etdirə biləcək məbləğ deyil. Başqa sözlə, Avropanın Ermənistana iqtisadi marağı sıfırdır”. Erməni politoloq Stepan Danielyan bu məsələdə əsas məqsədin Rusiya ilə münasibətləri kəsmək və rus qoşunlarını Ermənistandan çıxarmaqdan ibarət olduğunu vurulayıb. Onun fikrincə, Ermənistan  iqtisadi cəhətdən Rusiyadan asılıdır və bu əlaqələr kəsilsə, Ermənistan iqtisadiyyatı çökəcək. Ermənistan Milli Tərəqqi Partiyasının koordinatoru Levon Zurabyan da, parlamentin müxalif deputatı Artur Xaçaturyan da elə bu kimi aspektlərdən çıxışlar ediblər. Bütün bunlardan belə anlaşılır ki, Brüssel görüşündə təcavüzkar ölkəyə tula  payı ayrılıb.

Amma bu, bir həqiqətdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Qərb rəsmi İrəvana bu tula payını Nikol Paşinyanın qara qaşına, qara gözünə görə vermir. Qərbin bu addımı Ermənistanda kök salaraq, onu müstəmləkəsinə çevirməklə  bölgəni istədikləri kimi idarə etməyə, həmçinin Azərbaycana qarşı revanşist və şovinist siyasət üçün dayaq nöqtəsi axtarmağa, regional sabitliyə və təhlükəsizliyə böyük təhdid yaratmağa hesablanıb. Elə son günlər Azərbaycan–Ermənistan şərti sərhədində tez-tez atəş səslərinin eşidilməsi bunu bir daha sübut edir. Yeri gəlmişkən qeyd edək ki, aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar. Müdafiə Nazirliyinin məlumatına görə,  qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bəli, re­vanşist xətt yürüdən rəsmi İrəvan da Qərbə arxalanaraq, sülh yolunda indiyədək mü­şahidə edilmiş müsbət dinamikanı arxa plana keçirmək niyyətindədir. Qərbin adamı sayılan Nikol Paşinyandan isə bundan artıq nəsə gözləmək sadəlövhlük olardı. Şübhəsiz, bütün bunlar Brüssel gö­rüşündə əldə edilmiş gizli hərbi razılaşmaların əsasında baş verir. Amma Qərb nədənsə anlamaq istəmir ki, onun güvəndiyi Ermənistan çürük dayaqdan başqa bir şey deyil. Bütün bunlar isə Ermənistanın  əleyhinədir. Hayastanın yeganə yolu tezliklə sülhə nail olmaq, Azərbaycan və Türkiyə ilə regional əməkdaşlığa qoşulmaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”