10 aprel 2024 08:15
398

Mərhəmət, xeyir-bərəkət, şəfqət, milli birlik və həmrəylik bayramı

Prezident İlham Əliyev Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, əmin-amanlıq, milli həmrəylik, birlik arzulayıb

İslam aləminin ən müqəddəs, on bir ayın sultanı adlandırılan Ramazan ayı başa çatdı. Özünəməxsus ayinləri, adət-ənənələri ilə seçilən, Şərqdə, müsəlmanların iki ən müqəddəs bayramlarından olan bu bayramda həyata keçirilən ibadətlərin ictimai, sosial mahiyyəti də vardır. Kütləviliyi, insanlara bəxş etdiyi mənəvi dəyərləri ilə seçilən, müsəlmanlara islamofob nəzərləri ilə yanaşanlara həmrəylik nümunəsi olan Ramazan bayramının ayin və adətlərində bəşəri, sivil ideyalar da təbliğ edilir. Bəzən Fitr bayramı adlandırılan həmin gün müsəlmanlar bir araya gələrək bu müqəddəs bayramın mənəvi dəyərini bir-biri ilə bölüşür və birlikdə namaz qılaraq Uca Allaha şükürlərini bildirirlər. Saf qəlbləri ilə əllərini Allaha açıb Ondan öz arzu və diləklərini istəyirlər. Din xadimlərinin bildirdikləri kimi, bayram namazı Ramazan ayında tutduqları oruc, qıldıqları namazları ilə mənəvi olaraq ilahi zirvəyə yetişənlərin Uca Tanrı ilə birbaşa ünsiyyətidir. Ailə üzvləri ilə birlikdə bayram süfrəsi arxasında bu gözəl mənəviyyat bayramını qeyd edənlər yaşlıları təbrik , dünyasını dəyişən əzizlərini ziyarət edirlər. Bayram axşamı ayrılan fitrə, zəkatlar zöhr azanınadək ehtiyacı olanlara verilir. Orucluq ayın ən gözəl xüsusiyyətlərindən biri də insanlar arasında fərqin aradan götürülməsidir. İmkanlılar kimsəsizlərə, ehtiyacı olanlara yardımlar göstərir, birlikdə iftar süfrələrində iştirak edir, namazlarını qılırlar.
«Qurani-Kərim»in məhz Ramazanda nazil edilməsi Tanrının bəndələrinə böyük lütfü, ədəb-ərkan qaydalarına əməl etməyin, haqqı, ədaləti qorumağın hər bir müsəlmanın müqəddəs borcu olduğunu təlqin etməsidir. Müqəddəs kitabımızın bütün ayələrində bəşəriyyətin nicat yolunun birlik və həmrəylikdən qaynaqlandığının qeyd olunması insanlıq naminə doğru yola, mənəvi aləmimizin saflığına çağırışdır. Alimlərin vurğuladıqları kimi, Ramazan” yay aylarının sonunda və payızın əvvəlində yağan və yerdəki tozları təmizləyən yağış hikmətindədir. Yəni, bu yağış yer üzünü necə yuyub təmizləyirsə, Ramazan ayı da insanları günahlarından təmizləyir, mənən saflaşdırır.
 Bu ayda tutulan orucun əsas mahiyyəti bəndələri pis vərdişlərdən uzaqlaşdırmaq, əxlaq və fəzilət sahibi olmasını təmin etməkdir. Mərhəmət, xeyir-bərəkət şəfqət dolu bu ayda insanların daxilindəki xeyirxahlıq duyğuları daha da artır, Məhəmməd Peyğəmbər buyurub ki, Ramazan mübarək bir aydır: «Allah- təala sizə Ramazan ayını fərz etdi. O ayda lütf, mərhəmət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. O ayda bir gecə var ki, min aydan daha xeyirlidir. O gecənin xeyrindən məhrum olan bütün xeyirlərdən məhrum olmuş kimidir.» Müqəddəs Qədr gecəsi də bu aydadır. İnsanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız «Qurani-Kərim”»in nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Digər müsəlman dövlətlərində olduğu kimi, Azərbaycan xalqı da bu məqəddəs bayramı bütün adət-ənənələri, ayinləri ilə qeyd edir.

«Bizim İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə də münasibətlərimiz çox yaxşıdır. Azərbaycan müsəlman aləminin bir parçasıdır və beynəlxalq təşkilatlarda biz tərəfdən ən çox dəstək alan ölkələr müsəlman ölkələridir və bizə də müsəlman ölkələrindən ən çox dəstək gəlir» söyləyən Prezident İlham Əliyev İslam aləmində əməkdaşlığın, həmrəyliyin möhkəmlənməsinə önəmli töhfələr verir, din, əqidə qardaşlığının sağlam prinsiplər əsasında inkişafını islamofobiyaya qarşı mübarizədə güclü silah adlandırır.

Hazırda İslam dünyası ilə münasibətlərin gücləndirilməsi, inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan beynəlxalq təşkilat kimi ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmuşdur. 1991-ci ildə ölkəmiz Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESCO) üzvü seçilmişdir. İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq şəkildə pisləyən ilk beynəlxalq təşkilat olmuşdur.

Ölkəmizin müsəlman aləmində fəal rol oynadığının bariz nümunəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva İSESCO-nun Xoşməramlı səfiri adına layiq görülən ilk qadındır.

2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə çoxəsllik tarixə malik Naxçıvanın İSESCO-nun İslam mədəniyyətinin paytaxtları elan olunması Azərbaycanın müsəlman aləmində sülh və birliyin bərqərar olunması naminə həyata keçirdiyi mühüm təşəbbüs və tədbirlərə töhfədir. 2016-cı ilin respublikamızda «Multikulturalizm İli», 2017-ci ilin ölkəmizdə «İslam Həmrəyliyi İli”» elan edilməsi, həmin ildə paytaxtımızda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan xalqının islami dəyərlərə sadiqliyinin ifadəsidir. Təsadüfi deyil ki, suverenliyimiziin əsas atributlarından olan Dövlət Bayrağımızdakı yaşıl rəng Azərbaycan xalqının İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Azərbaycanın Türk Dövlətləri Təşkilatının üzvü kimi ölkələrarası əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələr daim dəstəklənir.

Milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, qoruyan, təbliğ edən Azərbaycan xalqı həyat tərzində ümumbəşəri, sivil, dünyəvi, tolerant və multikultural dəyərləri yaşadır. Bu baxımdan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş cəmiyyətinin bərqərar olunması istiqamətində inamla addımlayan Azərbaycan İslam dünyasında özünəməxsusluğu ilə fərqlənir. Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayan ölkəmiz dünyada dinlər və sivilizasiyalararası dialoqların təşkilinə, yer üzündə sülh və harmoniyanın bərqərar olunmasına mühüm töhfələr verir, unikal birgəyaşayış və nümunəvi multikulturalizm modelini təqdim edir. Beləliklə, Azərbaycan həm ümumbəşəri, həm də milli-mənəvi dəyərlərə, o cümlədən İslam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını göstərir.

Azərbaycanın 30 il işğal altında saxladığı ərazilərində xalqımıza məxsus məscidləri, dini abidələri dağıdan erməni faşistlərindən fərqli olaraq respublikamızda məskunlaşan digər xalqlara məxsus müqəddəs yerlərin, o cümlədən erməni kilsəsinin qorunub, saxlanılmasına, təmir-bərpa işlərinin aparılmasına xüsusi diqqət göstərilir. Rus, yəhudi, provaslav, katolik dininə məxsus xalqların dini və milli bayramları qeyd olunur, azsaylı xalqların inanclarına, adət-ənənələrinə hörmətlə yanaşılır. İngilis dilindən tərcümədə «çoxlu mədəniyyətlər» anlamında başa düşülən mltikultural dəyərlərin qorunduğu Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır.

Ümummilli Lider Heydər Əliyevin söylədiyi «Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”» ifadəsini dini, milli mənsubiyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı qürurla səsləndirir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunması uğrunda birgə vuruşması da göstərdi ki, bölünməz Azərbaycan dinindən, dilindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün müqəddəsdir, doğmadır, bir sözlə, bölünməz Vətəndir.

Prezident İlham Əliyev Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçımızın vurğuladığı kimi, xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuzillik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirildiyi üçün daha əlamətdardır. «Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcək» sözlərinin qeyd olunduğu təbrik milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə, islami dəyərlərə bağlılığın ifadəsidir.

Hər bir müsəlmanın müqəddəs bayramının qeyd olunduğu gündə kimliyindən asılı olmayaraq bütün insanlara əmin-amanlıq, müharibəsiz, münaqişəsiz, təbii fəlakətlərsiz dünya arzulayırıq. Tanrı bütün müsəlman aləmini qorusun, bu mübarək ayda qılınan namazları, tutulan orucları, edilən duaları qəbul etsin. Ölkəmizdə daim sabitlik, birlik, həmrəylik olsun. Bayramımız mübarək!

Xuraman İsmayılqızı, «İki sahil»