10 aprel 2024 02:17
422

Brüssel görüşündə Fransa barmağı

Bu ermənipərəst ölkə hələ də qüdrətli Azərbaycanı və onun tarixi zəfərlərini həzm edə bilmir

Qərb postmüharibə dövründə Ermənistanın bölgədə ölmüş  nüfuzunu diriltmək və özünün orada möhkəmlənməsi üçün əlindən gələni edir. Xüsusilə buna iqtisadi don geyindirmək üçün Ermənistana maliyyə yardımları da edir. Nəticədə bu çirkli oyunlar Cənubi Qafqazda siyasi ab-havaya mənfi təsir edir. Ən başlıcası isə  Azərbaycanla Ermənistan arasında imzalanması planlaşdırılan sülh müqaviləsinin müzakirələrinə zərbə vurur. Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan görüşü də Ermənistanın hərbi müqavimətini artırmağa hesablanmış bir anti-Azərbaycan tədbiri idi.

Əslində, bütün bu anti-Azərbaycan prosesinin arxasında Avropanın aparıcı ölkələrindən biri olan Fransa durur. Düzdür, sözügedən Brüssel görüşündə görünməsə də ancaq prosesin pərdəarxasında onun olduğu açıq şəkildə hiss olunurdu.  Çünki indiyədək Avropada ölkəmiz əleyhinə hansı qərəzli proseslər baş veribsə orada mütləq Fransanın dirijor çubuğu görünüb.

Bəli, bu gün  dünyadakı real münaqişələrə Fransa qədər ədalətsiz, ikili standartlarla yanaşan ikinci bir dövlət yoxdur. Bu rəzilliyin arxasında isə Prezident Emmanuel Makron və  onun komandası dayanır.  Makronun ən böyük riyakarlığı ondadır ki, tarixi cinayətlərin sahibi olmuş ölkəsinin törətdiyi soyqırımlara görə üzrxahlıq etmək əvəzinə öz sərhədlərindən min kilometrlərlə uzaqlarda, xüsusilə də İslam ölkələrində cinayətkar siyasətini davam etdirir.

Erməni lobbisinin köləsinə çevrilən Makron və  komandası son zamanlar daha da azğınlaşaraq Cənubi Qafqazı öz inhisarına almaq istəyir. Xüsusilə Ermənistanı silahlandırmaqla bu bölgədə müharibəni yenidən alovlandırmağa çalışır. Lakin bu gün haylar elə bir iflas həddindədirlər ki, onlar müharibə etmək iqtidarında deyillər. Makronun son addımları göstərir ki, bu ölkə Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasında  qətiyyən maraqlı deyil. Xüsusilə Azərbaycan Ordusunun  həm İkinci Qarabağ müharibəsində, həm də 2023-cü il sentyabrın  19-da Qarabağ iqtisadi rayonunda başladığı və cəmi bir günə uğurla başa çatdırdığı  lokal antiterror tədbirlərindəki hərbi  qələbələri onun gözünə ox olub batır. Hətta bu üstünlüyümüzlə  Ermənistan barışsa da Makron barışmaq istəmir. Bu isə elə avropalılar demişkən  «Roma Papasından da artıq katolik olmaq» anlamını verir. 

Prezident İlham Əliyev çıxışlarında rəsmi Parisin bu xain addımlarını qətiyyətlə qınayıb: «Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır… Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum».

O da xüsusi vurğulanmalıdır ki, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən haqsız qətnamələrin təşəbbüskarı da Makrondur. Bir sözlə, bizə qarşı ortaya qoyulan bu haqsız mövqelər heç bir halda regionda sülhün, sabitliyin təmin olunmasına xidmət etmir. Fransa son davranışları ilə həm də dünyaya nümayiş  etdirmək istəyir ki, guya Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla bölgəyə sülh gətirməyə çalışır. Ancaq dünya ictimaiyyəti yaxın tarixdən də yaxşı bilir ki, Fransa 30 il ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövləti kimi bir dəfə də olsun sülh təşəbbüsü ilə çıxış etməyib. Əksinə, ortaya atılan təşəbbüslərin müzakirəsinə mane olub. 2020-ci ildə isə ölkəmiz işğaldakı torpaqlarını  azad edəndə Fransa bizə qarşı çirkin böhtan kampaniyasına başladı. Eyni zamanda, hərbi əməliyyatların dayandırılmasına çalışdı.

Bundan başqa, Fransa anti-Azərbaycan mövqeyini müxtəlif formalarda davam etdirir. Bunlardan biri də ölkəmizə qarşı casusluq təsisatlarını işə salmasıdır. Belə ki, 2023-cü ilin dekabrında Bakıda saxlanılan Fransa vətəndaşı Martin Rayanın ölkəsinin xeyrinə casusluq məqsədilə istifadə olunduğu üzə çıxıb. Rəsmi Paris əvvəllər də Azərbaycanda oxşar cəhdlər edib. Aydın məsələdir ki, bu cür cəhdlərlə də kəşfiyyat məlumatları əldə etməyə çalışır. Eyni zamanda, ötən həftə daha iki Fransa casusu xüsusi xidmət orqanlarımız tərəfindən Bakı Metropolitenində zərərsizləşdirildilər.

Təbii ki, Fransanın ölkəmizə qarşı riyakarlıqları bununla bitmir. Qarabağda «mədəni irsə təhlükə»yə dair əsassız iddialar irəli sürən bu ölkədə azərbaycanlı şairə Natəvanın heykəli təhqir olunub, abidəyə qarşı vandalizm aktı həyata keçirilib. Məlumata görə, 2024-cü ilin ilk günlərində Evian-le Bon şəhərində heykəlin üzərinə qırmızı boya atıldı. Bundan sonra isə abidənin ümumiyyətlə götürüləcəyinə dair məlumat yayıldı. Rəsmi Bakı isə operativ surətdə məsələyə münasibət bildirdi.

Həmçinin ötən il Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın Şengen vizası olmasına baxmayaraq Fransa hakimiyyətinin ona qarşı nalayiq, qəddar rəftarı bu ölkənin  riyakarlığının növbəti nümunəsi idi. Halbuki, rəsmi Paris həmişə söz və ifadə azadlığını əlində bayraq edərək özünü demokratiya «mələyi» kimi göstərməyə çalışıb.Bəs görəsən yüz illərdir ki, özünü «mədəniyyət beşiyi»  kimi qondarma titulla tanıtmağa çalışan bu ölkə nə üçün bu cür rəzilliyə əl atır? Əlbəttə, belə təxribatçı addımlar ikitərəfli münasibətləri daha da gərginləşdirməyə hesablanıb və onların ideoloji himayədarları dəstəkçiləri isə erməni lobbisidir.  

Əvvəldə qeyd etdiyimiz kimi, Fransa regionun ən zəif ölkəsi olan Ermənistanı silahlandırmaqla, oradakı revanşist qüvvələri qızışdırmaqla, hayları sülh sazişindən imtinaya sövq etməklə Azərbaycanın maraqlarına zərbə vurmağa çalışır. Lakin unutmamalıdır ki, bunu bacarmayacaq. Çünki bölgədə şərtləri diktə edən Azərbaycanın gücü və qüdrəti qarşısında duruş gətirmək  mümkün deyil.

Elçin Zaman, «İki sahil»