10 aprel 2024 01:58
459

Fransa rəhbəri Əbdürrəhim bəyə heyranlığını necə bildirdi?

Təbii ki, söhbət siyasi avantürist Emmanuel Makrondan getmir. Bütün Azərbaycan xalqı Fransanın təsadüfi prezidenti Makronun simasında özünün qart, böhtançı, həyasız və namərd düşmənini görür. Bir nəfər ləyaqətsiz bütöv zəngin mədəniyyətə malik ulu xalqa ləkə gətirir, onun adını bədnam edir, dünyanın hər yerində ona saysız-hesabsız düşmənlər qazandırır. Ancaq fransız xalqı heç də bir qrup Makrondan və ona bənzərdən ibarət deyil. Keçən onilliklərdə və yüzilliklərdə əlaqələrimiz qarşılıqlı hörmətə bağlanıb, dostanə olub. Buna dair minlərlə nümunələr gətirmək olar. Ancaq bu gün onların yalnız birini xatırladacağıq.

Bu hadisə keçən əsrin 30-cu illərində Azərbaycan SSRİ adlanan "qırmızı imperiya"nın tərkibində olarkən baş verib...

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İosif Stalin Fransa KP Mərkəzi Komitəsinin birinci katibi Moris Torezlə yaxın münasibət saxlayırdı. 1930-cu ilin ortalarında səhhətində nasazlıqlar yaranan Moris Torez SSRİ-yə, Qafqaza istirahətə gəlməyə qərar verir. Torez Azərbaycanda səfalı yerlər haqqında çox eşitdiyi üçün Bakıya gəlməyi qətiləşdirir və Stalinlə bu səyahət barədə ətraflı söhbət edir. Stalin həmkarına Azərbaycanda həqiqətən gözəl məkanların olduğunu bildirir və onu gözləyəcəklərini söyləyir. Sonra Stalin Azərbaycana rəhbərlik edən Mircəfər Bağırova zəng vurur, ali qonaq üçün hər cür rahat şəraitin yaradılmasını tapşırır. Bağırov başa düşür ki. Onu da anlayır ki, onun üzərinə ağır məsuliyyət düşür, anlayır ki, o cür yüksək vəzifəli qonaq Bakıdan narazı getməməlidir. Özlüyündə təxmini planlaşdırma aparır. İlk növbədə fransız dilini bilən bir nəfər tərcüməçi lazım idi. O vaxt yazıçı Mirzə İbrahimov Mərkəzi Komitədə mədəniyyət məsələlərinə nəzarət edən şöbənin müdiri olduğu üçün Mircəfər Bağırov onu yanına çağırır:

- Mirzə, Bakıda fransız dilini yaxşı bilən kim var?-deyə soruşur. Mirzə İbrahimov bir az düşünüb cavab verir:

- Yoldaş Bağırov, yazıçı Əbdürrəhim bəy Haqverdiyev fransız dilinin əsl bilicisidir, amma Bakıda yaşamır. Bəy nəslindən olduğuna görə ictimaiyyət arasında, qaynar yerlərdə görünmək istəmir. Ancaq onun nəslindən olan bəylər, atası Əsəd bəy heç kəsi incitməyib, istismarçı olmayıb, kəndlilərə zülm etməyib. Özü də təbiətən sakit, kasıb-kusuba kömək əli uzadan, zəngin biliyə malik xeyirxah qələm əhlidir. Cox sayda maraqlı əsərləri var. Eşitdiyimə görə, Şuşada Ağbulaq kəndindəki ata-baba mülkünə gedib, orada guşənişin bir həyat keçirir, öz yazı-pozusu ilə məşğuldur, əsərlər yazır və kənar yerlərə çıxmır. Şübhəli adamlardan da kənar gəzir ki, adını nədəsə hallandıran olmasın.

Bağırov dərhal tapşırıq verir:

- Ardınca maşınla adam göndər, gəlsin Bakıya, təcili lazımdır. Tezliklə Fransadan ali qonağımız gəlir, onunla ünsiyyət qurmaq üçün  lazım gələcək.

İki gündən sonra Əbdürrəhim bəy Haqverdiyevi Bakıya gətirirlər. Daha bir neçə gündən sonra isə Moris Torezin təyyarəsi Bakı aeroportunda eniş edir. Qonağı qarşılayanlar arasında Haqverdiyev də vardı. O, Mircəfər Bağırovla Moris Torezin arasında dayanıb deyilənləri dərhal , çaşmadan, duruxmadan, birbaşa tərcümə edir.

Ali qonaq on gün Bakıda qalır. Tərcüməçi hər səhər qonaq yuxudan oyanandan ta gecə yatana qədər onun yanında olur, onu maraqlandıran suallara cavab verir, şəhərdə və ətrafındakı görməli yerlərlə, qədim tarixə malik abidələrlə tanış edir, lazımi məlumatlar verir. Əbdürrəhim bəyin nurlu siması, səlis nitqi, rəvan danışığı, kübar davranışı, zəngin biliyi Moris Torezin xoşuna gəlir, onu heyranlıqla dinləyir. O, Bakıda qaldığı müddətdə bir dəfə də olsa "darıxdım" demir. Nəhayət, on gün başa çatır, istirahət müddəti qurtarır, ali qonaq vətəninə qayıtmağa hazırlaşır. Bu məqsədlə yolasalma mərasimi düzənlənir.

Aeroportdakı səmimi vidalaşmada Moris Torez Əbdürrəhim bəyə işarə edərək Mircəfər Bağırova deyir:

- Yoldaş Bağırov, bu adamın qədrini bilin. O, fransız dilidə biz fransızlardan daha yaxşı danışır, qiymətli kadrdır.

Vidalaşmadan sonra Bağırov Mirzə İbrahimovu qəbuluna dəvət edir.

- Mirzə, gördünmü yoldaş Torez Əbdürrəhim bəy haqqında necə yüksək fikir söylədi? Ona görə də ona heç kəs toxuna bilməz. Belə qiymətli adam hansısa uzaq kənddə deyil, burada, bizim lap yaxınımızda olmalıdır. Ona lazımi şərait yarat, həmişəlik qalıb Bakıda yaşasın, gözümüzün önündə olsun, daha haradasa axtarmayaq.

Cəmi bir neçə gün ərzində şəhərin mərkəzi küçələrindən birində Əbdürrəhim bəyə telefon çəkilmiş üçotaqlı abad, əşyalarla təmin olunmuş mənzil verilir, Azərbaycan Yazıçılar İttifaqında məsul katib vəzifəsinə təyin olunur. Böyük yazıçı-dramaturq, ictimai və teatr xadimi bu hadisədən bir qədər sonra, 1933-cü ilin dekabrında, altmış üç yaşında dünyasını dəyişir. Ölkənin siyasi və ədəbi ictimaiyyətinin nümayəndələri onun cənazəsini böyük ehtiramla Fəxri xiyabanda dəfn edirlər. Görkəmli yazıçının nəslindən olan bir çoxları hazırda Bakıda, Tərtərdə, Ağdamda və respublikamızın digər bölgələrində yaşayırlar.

1946-cı ildə Fransada hakimiyyətə gələn general Şarl-de Qollun da Azərbaycana xoş münasibəti olub. Ancaq vəzifədə qalmaq üçün ermənilərin səsindən istifadə edən, bununla da bizimlə münasibətləri pozan, haqq-ədaləti ayaqlar altına atan Emmanuel Makronda bizə qarşı namərdlik nədən qaynaqlanır? Onu bir özü bilir, bir də xidmətində durduğu nadürüst hayların astvası...

Vəli İlyasov,  "İki sahil"