09 aprel 2024 15:24
507

Akademik Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində qazandığı uğurlar Azərbaycan tibb elminin parlaq səhifəsidir

Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 101, əbədiyyətə qovuşmasının 39-cu ildönümüdür. Azərbaycan qadınlarına məxsus ləyaqətli ömür yaşamış Zərifə xanımın ürəklərdə əbədi yaşayan nurlu xatirəsi xalqımız tərəfindən hər il hörmətlə anılır.

Akademik Zərifə xanım Əliyevanın həyatı  mənalı və zəngin çalarlarla dolu idi. O, qədim Naxçıvanda, adlı-sanlı ziyalı ailəsində- Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtı kəndində keçən Zərifə Əliyeva həmin kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında çox dəyərli fikirlər bildirmişlər.

Xüsüsilə akademik Zərifə xanım Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoymaqla tibb elminə yeniliklər gətirdi. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Apardığı tədqiqatların nəticələri olaraq Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. Ötən əsrin altımışıncı illərinin sonlarından etibarən Zərifə Əliyeva fəal həkimlik fəaliyyəti ilə məşğul olurdu.
Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olub. Təsadüfi deyil ki, onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi yer tutur. Diqqətəlayiqdir ki, Ulu Öndər Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o, yaratmışdır. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Bu müdrik xanım həm də icitmai fəaliyyətlə məşğul olmuşdur. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. İctimai sferadakı fəallığının daha bir nümunəsi kimi Zərifə Əliyeva ötən əsrin 70-ci illərində respublikamızda qadın hərəkatının liderlərindən biri kimi diqqət çəkmişdir. Zərifə Əliyeva ictimai sferadakı uğurlarına respublikanın birinci şəxsinin həyat yoldaşı olduğuna görə nail olmamışdı. O, yüksək statuslara özünün elmi fəaliyyəti, zəngin mənəviyyatı ilə sahib olmuşdu. Alimlərin, yaradıcı insanların dostu olmaqla yanaşı, Zərifə Əliyeva öz xeyirxah əməlləri ilə həm də sıravi vətəndaşların himayədarı idi və bu gerçəklik heç vaxt diqqətdən qaçmayıb.

 Zərifə xanım Əliyeva bir sədaqətli və müdrik bir həyat yoldaşı kimi müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin ən böyük ilham mənbəyi olmasıdır. 1969-cu ildə Heydər Əliyevin respublikamızın rəhbəri seçilməsi bu xanımın da həyatında yeni mərhələnin başlanması demək idi. Əlbəttə, ölkə rəhbərinin xanımı olmaq mühüm sosial status, eyni zamanda böyük məsuliyyət idi. Bu baxımdan böyük şəxsiyyət, əbədiyaşar Heydər Əliyevin ən etibarlı silahdaşı kimi Zərifə xanım bu məsuliyyətin də öhdəsindən layiqincə gəlmişdir.

Ulu öndər Heydər ömür-gün yoldaşı xanım haqqında belə demişdir: «Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.»

Bu, Ulu Öndər tərəfindən  Zərifə xanımın həyat və yaradıcılığına verilən ən böyük dəyərdir. Eyni zamanda, bu  işıqlı qadın- ana ömüründən hər bir azərbaycanlı xanımın pay alması milli- mənəvi dəyərlərimizə, ailə bağlarımıza qiymətli töhfədir. 

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri