08 aprel 2024 23:58
381

Qərbin mülki missiyanı hərbi missiyaya çevirmək planı

Bu, Ermənistanı Ukraynanın, Suriyanın və Livanın gününə salacaq

Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan görüşündən əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng etmələri Azərbaycanın haqlı narahatlığını əsaslandıran faktlar idi. Ona görə ki, Qərb artıq postmüharibə dövründə Ermənistanın bölgədə ölmüş  nüfuzunu diriltmək və özünün orada möhkəmlənməsi üçün əlindən gələni edir. Xüsusilə buna iqtisadi don geyindirmək üçün Ermənistana maliyyə yardımları da edir. Nəticədə bu çirkli oyunlar Cənubi Qafqazda siyasi ab-havaya mənfi təsir edir. Ən başlıcası isə  Azərbaycanla Ermənistan arasında imzalanması planlaşdırılan sülh müqaviləsinin müzakirələrinə zərbə vurur.

Həm ABŞ Dövlət katibinin, həm də Avropa Komissiyasının Prezidentinin telefon zəngləri zamanı ABŞ və Aİ Azərbaycanı inandırmaq istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. Halbuki bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. İlk olaraq Azərbaycanla Ermənistan arasında başladılan normallaşma müzakirələrində istər dövlətlər, istərsə də xarici işlər nazirləri səviyyəsində Qərb daha fəallıq göstərərək, hətta ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib və buna nail də olub. Lakin ədalətli və qərəzsiz vasitəçilik etmək əvəzinə  Ermənistana yönəlik çıxışlar etdikləri üçün onlar bu imkanlarını itirmiş oldular.

Burada açıq-aydın görünən odur ki, Qərb Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirmək istəyir. Xatırladaq ki, bundan əvvəl də Qərb Gürcüstanda inqilab ssenarilərini reallaşdırmaq istəyirdi. Məqsəd Gürcüstan vasitəsilə Ermənistanın Qara dənizə çıxışını təmin etmək idi.

Göründüyü kimi, məhz Azərbaycanın son bir neçə ildə hərbi və geosiyasi cəhətdən qüdrətlənməsi Qərbi çox ciddi narahat edir. Bu səbəbdən də məğlub Ermənistanı öz vassallarına çevirmək üçün ona hərtərəfli yardımı, xüsusilə də hərbi dəstəyi ön plana keçiriblər.

Məşhur «Politiko» saytı yazır ki, Brüssel görüşü ərəfəsində Ermənistan Aİ və ABŞ-da Azərbaycanın silahlanmasına dair «sənədlər» təqdim edib. Təbii ki, bu, Ermənistanın ölkəmizə qarşı növbəti avantürasıdır.

Məlumdur ki, Qərb Ermənistanı silahlandırmaq, onun hərbi müqavimət gücünü artırmaq üçün sözügedən 5 aprel görüşündə gizli, pərdəarxası  danışıqlar aparıb. Yəni, məqsəd yaxın perspektivdə Ermənistanda Aİ-nin mülki missiyasını hərbi missiyaya çevirməkdir. Bu isə birbaşa Azərbaycan dövlətinin təhlükəsizliyinə qarşı atılan növbəti addımdır.

Aydın görünür ki, Brüsseldə Ermənistanın «iqtisadi inkişafı» müzakirə olunacağı vəd edilsə də bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Demək burada söhbət ölkəmizə qarşı hərbi birlikdən, məkrli oyunlardan gedir.

Daha bir ciddi fakta diqqət yetirək. Bu gün  ABŞ-ın regionda ən böyük səfirlik kontingentini  (2 min nəfər) İrəvanda saxlaması, hazırda burada da amerikalı hərbi instruktorların, Pentaqonun nəzarət etdiyi xüsusi hərbiləşdirilmiş strukturların olması və s. dediklərimizin təkzibolunmaz təsdiqidir.

Digər diqqətçəkən məqam odur ki, 5 aprel Brüssel görüşü ilə Ermənistan geri dönüşü olmayan dalana sürüklənib. Artıq bu ölkə tamamilə Qərbdən asılı vəziyyətə salınıb. Əslində  bunu tarixi «Sevr» müqaviləsi ilə müqayisə də etmək olar. Otən əsrin əvvəllərində də ermənilər vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdi, amma həm məğlub oldu, həm də vəd edilənləri  ala bilmədi.  Ermənistan tarixdən nəticə çıxarmır və yenə özünü eyni tələyə salır.

Bu gün Ermənistandan yenə də qonşu dövlətlərə qarşı istifadə olunur. Ancaq bu rəzil ölkənin başsız başbilənləri hələ də anlamırlar ki, Emənistan üçün təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modelidir. Əvəzində özünün guya təhlükəsizliyini Qərbdə axtarması bu ölkəni yeni faciələrə məruz qoyacaq. Yəni, Ermənistanı Ukraynanın, Suriyanın və Livanın aqibəti gözləyir və bu proses qaçılmazdır. Hətta bəzi analitiklərin fikrincə, Ermənistan müxtəlif zonalara parçalana bilər.Təbii ki, bu vəziyyətdə Türkiyə və digər region dövlətləri riskləri nəzərə almalı və bölgədə təhlükəsizlik zonası yaratmaq barədə  düşünməlidirlər.

Elçin Zaman, «İki sahil»