09 aprel 2024 02:58
397

Avropa İttifaqı və “dostları” regionda düşmənçiliyi körükləyir

Necə olur ki, 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasına, tarixi abidələrimizin məhvinə, etnik təmizləmə siyasətinə heç bir səs çıxarmayan Aİ indi “qış yuxusundan oyanır?!

Avropa İttifaqı (Aİ) növbəti dəfə ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyir. Belə ki, qurumun sözçüsü Peter Stano “Azadlıq radiosu”nun erməni xidmətinə aprelin 6-da verdiyi müsahibəsində ifadə etdiyi təxribatçı fikirləri ilə bu təşkilatın əsl niyyətini açıqlayıb. Avropa İttifaqının rəsmisi Ermənistana dair sualın cavabında ərazi bütövlüyü prinsipinin əhəmiyyətindən geniş danışıb və bununla da guya beynəlxalq hüquqa əhəmiyyət verdiklərini göstərməyə çalışıb. O, həmçinin etnik ermənilərin Azərbaycana qayıtmasına şərait yaradılması məsələsini də qaldırıb. Sadə sual meydana çıxır – görəsən Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanda Aİ harada idi? 8 Azərbaycan kəndinin Ermənistan tərəfindən işğalının davam etməsinə niyə hələ də susur? Nə üçün Aİ Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələlərini qaldırmır?

Qeyd edək ki, bu kimi hal ilk dəfə deyil ki yaşanır. Belə ki, bir neçə ay öncə həmin Peter Stano ölkəmizə qarşı hədələyici bəyanatla çıxış etmişdi. Bəyan etmişdi ki, Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulmasının qəbuledilməz olduğu və münasibətlər üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edəcək. Ardınca Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da ölkəmiz əleyhinə şər-böhtan kampaniyasına qoşuldu. Mixalko bildirdi ki, Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, qadınlara qarşı məhkəmə zalında "qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər" onu dəhşətə salıb. Bunun ardnca Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti bu iddiaya cavab verərək vurğuladı ki, ölkənin məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”. Sual yaranır, Aİ niyə öz problemləri ilə məşğul olmur? Avropa ölkələrinin bir çoxunda dinc etirazlar vəhşicəsinə dağıdılır. Yada salaq, 2023-cü ilin sentyabrında Fransanın paytaxtı Parisdə polis zorakılığına, irqçiliyə qarşı geniş nümayişlər keçirildi. Həmin vaxt 30 minə yaxın insan küçələrə çıxmışdı. Daha əvvəl, 2020-ci ildə də Fransada oxşar hadisələr olmuşdu. Bundan başqa, həmin Avropa ölkələrində islamafobik meyillər getdikcə güclənir. Demokratiyadan dəm vuran dövlətlər öz ölkələrində sanki insan azadlıqlarına qarşı mübarizə aparırlar. Birincisi, Azərbaycan bütün dövlətlərin, o cümlədən Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Rəsmi Bakı bunu dəfələrlə, müxtəlif səviyyələrdə bəyan edib. İkincisi, necə olur ki, 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasına, tarixi abidələrimizin məhvinə, etnik təmizləmə siyasətinə heç bir səs çıxarmayan Aİ indi “qış yuxusundan oyanır?! Bütün bunların, o cümlədən Azərbaycana qarşı qərəzin, ikili standartların məqsədi aydındır: Cənubi Qafqazda “suyu bulandırmaq”, yeni münaqişə ocağı yaratmaq. Qərəzli bəyanatlar səsləndirən, qeyri-obyektiv açıqlamalar verən Aİ-nin zaman-zaman sülhdən danışması heç də səmimilik əlaməti deyil, əksinə riyakarlıqdır.

Brüsseldə Ermənistanı himayəyə götürənlərin bugünkü davranış və ritorikası xalqımıza Minsk qrupunun uğursuz 28 illik vasitəçilik təcrübəsini xatırladır. Eyni vasitəçi ölkələr həmin dövrdə də işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanın hüquqi və gerçək vəziyyətini ədalətsiz şəkildə eyniləşdirməklə məşğul olurdular. Cəmiyyətimizdəki ictimai hiddətin və qınağın bir səbəbi də budur ki, ABŞ və Aİ kimi beynəlxalq birliyin iki aparıcı aktoru təşəbbüskarı olduqları Brüssel görüşünə, etdikləri ayrı-seçkiliyə hüquq və ədalət donu geyindirməyə çalışırlar. İctimai rəyi manipulyasiya edərək elə rəy formalaşdırmaq istəyirlər ki, guya 30 il ərzində separatçılıqdan və işğaldan əziyyət çəkən, şəhər və kəndləri yerlə-yeksan edilən, tarixi, mədəni və dini abidələri qəsdən təhqir olunan Azərbaycan deyil, işğalçı Ermənistandır. Amma belələri Aristotelin müdrik kəlamlarından birində ifadə olunan bu həqiqəti unudurlar: “Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir”. Bu böyük həqiqəti görməzdən gələn, son dörd ildə ədaləti və beynəlxalq hüququ tapdalamaqdan sanki “zövq” alan Fransanın hazırkı Avropa və xarici işlər naziri Stefan Sejurne Brüssel görüşündən cəmi bir gün əvvəl bəyan etdi ki, guya Azərbaycan Ermənistana qarşı təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu cür uydurma bəhanə və yalanlar yalnız ona hesablanıb ki, Fransanın və NATO-ya üzv olan digər ölkələrin, eləcə də Avropa Sülh Fondunun Ermənistana göstərdiyi çoxşaxəli hərbi yardım kampaniyasına haqq qazandırılsın, “ədalət” donu geyindirilsin. Dünya ictimaiyyəti çoxəsrlik nağıllardan birinə yenidən inanaraq düşünsün ki, guya “məzlum” Ermənistan təhlükə qarşısındadır, guya Azərbaycan ona qarşı müharibəyə hazırlaşır və buna görə də ABŞ başda olmaqla Avropa İttifaqı Ermənistandan öz dəstəyini əsirgəməməlidir. Təəssüf ki, bu cür nağıllara dünyada inananlar da var və bu işdə beynəlxalq media resurslarından aktiv şəkildə istifadə olunur. Onlarda tirajlanan feyk məlumatlar və həqiqəti təhrif edən informasiya çirkliliyi dünya ictimaiyyətini “məzlum və əzabkeş” Ermənistan obrazına yenidən inandırmaq məqsədini güdür. Üçtərəfli görüşün təşkilatçıları nə qədər iddia etsələr də ki, məqsədləri Ermənistanın iqtisadi təhlükəsizliyinin təmin olunması ilə bağlıdır atdıqları addımlar, verdikləri bəyanatlar və Ermənistanı davamlı şəkildə silahlandırmaları əsl hədəflərinin fərqli olduğuna işarə edir. Ermənistanı Cənubi Qafqazda özlərinin hərbi forpostuna çevirmək istəyənlər guya bilmirlər ki, son 30 ildə işğalçı dövlətin yeganə hərbi hədəfi məhz Azərbaycan olub? Yaxud guya biz bilmirik və ya görmürük ki, müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistanın iqtisadi cəhətdən təhlükəsizliyinə verilən xarici “töhfə və qrantlar” həm də onun hərbi potensialının gücləndirilməsinə yardım etmək deməkdir.

Sevinc Azadi, “İki sahil”