28 mart 2024 01:36
410

Erməni "cəfakeşləri", Cənubi Qafqazdan uzaq durun!

Gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı -Ermənistan-ABŞ müştərək konfransı ikili standartlardan qaynaqlanan məkrli anti-Azərbaycan şousunun növbəti ssenarisidir

Beynəlxalq münasibətlər sistemində diplomatiyası, iqtisadi gücü, qlobal təşəbbüsləri, dünya ictimaiyyətinə humanitar çağırışları ilə seçilən Azərbaycanın daxili və xarici siyasətinin əsasını qarşılıqlı anlaşma, etimad prinsipləri təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sözü imzası qədər dəyərli olan ölkəmizin Cənubi Qafqazda lider dövlət kimi tanınması, bu reallığın beynəlxalq aləmdə dəstəklənməsi də balanslaşdırılmış xarici siyasət strategiyasının uğurudur. Bu gün respublikamızın sivilizasiyalararası körpü, siyasi, iqtisadi, humanitar platforma, dialoqlar məkanı kimi tanınması da təkzibedilməz faktdır. İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaratdığı yeni reallıqlarla diqqət çəkən, təkcə regionda deyil, bütün dünyada sabitliyin, sülhün təminatına önəmli töhfələr verən Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda da fəallıq göstərir, bəzi dairələrin regionumuza ikili standartlardan qaynaqlanan mövqeyini açıq, birmənalı bəyan edir.

Çox təəssüf ki, xarici siyasəti başqaları tərəfindən müəyyənləşdirilən Ermənistandan istifadə edərək bölgədə sabitliyin pozulmasına çalışan, eyni mənbədən idarə edilən qərəzli qüvvələr son vaxtlar fəallaşıblar. Vətən müharibəsindən sonra Azərbaycan tərəfindən irəli sürülən və ölkəmizin konstruktiv mövqeyini əks etdirən sülh sazişinin imzalanmasına bilərəkdən mane olan Qərbin, ABŞ-ın Ermənistana dəstəyi bölgədə sabitliyə ciddi təhlükədir.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olundğu kimi, cari ilin aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı -Ermənistan-ABŞ müştərək konfransı da ikili standartlardan qaynaqlanan məkrli siyasətin növbəti ssenarisidir.

«Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub» sözlərinin qeyd olunduğu açıqlamada diqqətə çatdırılır ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP-nın fəaliyyəti uzadılmış, müşahidəçilərin sayı artırılmışdır. Başqa sözlə, Monitorinq Potensialı Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilməklə anti-Azərbaycan təbliğatı ilə məşğul olur. Yersiz müdaxilələr isə ölkəmizə qarşı əsassız bəyanatların qəbulu ilə nəticələnir. Fransanın Ermənistanı daha böyük həcmdə öldürücü və hücum tipli silah növlərilə təchiz etməklə bağlı vədləri də anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. «Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir» sözlərinin yer aldığı açıqlamada haqlı olaraq qeyd edilir ki, 30 ilə yaxın Ermənistanın silahlı təcavüzünə, etnik təmizləmə siyasətinə məruz qalan Azərbaycanın haqlı səsini eşitməyən, BMT Təhlükəsizlik Şurasının Hayastanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin həllinə etinasız qalan Azərbaycan Aİ və ABŞ-dan bu formatda heç vaxt dəstək almayıb. Bu cür qərəzli görüşlər erməni revanşistlərinə dəstək olmaqla haylarda təhlükəli illüziya yarada bilər. Bu halda Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda tərəflərin sülh səylərinə əks təsir göstərəcək bu cür addımlar yolverilməzdir.

Bu günlərdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın növbəti dəfə sərgilədiyi anti-Azərbaycan mövqeyi və media azadlığına qəsd xarakterli yanaşması qurumun ermənipərəst mövqeyindən qaynaqlanır. Aİ nümayəndəsinin rəsmi İrəvanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb etməsi əvəzinə hələ də Ermənistanın işğalı altında qalan kəndləri « mübahisəli məsələ» adlandırması işğalçıya dəstəkdir.

Azərbaycanın bir sıra ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasına haqq qazandıran Aİ təmsilçisinin təcavüzkar Ermənistanın cinayətlərini ört-basdır etmək üçün respublikamızdakı kütləvi informasiya vasitələrinə «senzuranın tətbiqi» ilə bağlı sayıqlaması həddini aşmaq, səlahiyyəti çatmayan məsələlərə burnunu soxmaqdır. Məsələyə münasibət bildirən Qərbi Azərbaycan İcmasının açıqlamasında qeyd olunduğu kimi, Klaar üçün problem Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlılara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməsi yox, bu faktların mediada işıqlandırılmasıdır”.

Çox təəssüf ki, Azərbaycana qarşı belə təxribat kampaniyaları nə ilk, nə də sonuncudur. Erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan, 1992-ci ildə guya Azərbaycan tərəfindən Dağlıq Qarabağın «işğalının» və Ermənistana qarşı blokadanın dayandırılması məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmiş, naməlum səbəblərə görə qeri qaytarılmış, sonra isə ABŞ-ın siyasi dairələrinə yaxın erməni lobbisinin güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmiş «Azadlığı Müdafiə Aktı»na 907-ci düzəlişi xatırlayaq.

Sözügedən Aktın tətbiqi indiyədək dondurulsa da, tam ləğv edilməməsi əslində işğala məruz qalan Azərbaycana qarşı ədalətsiz yanaşma və təhdid vasitəsidir.

ABŞ-ın antidemokratik, qərəzli yanaşmasına daha bir nümunə Birləşmiş Ştatlarda keçirilən demokratiya sammitlərinə Azərbaycan, Türkiyə, Macarıstan və Çin kimi ölkələrin dəvət edilməməsidir. Xatırladaq ki, «Birinci Demokratiya Sammiti»”nə dəvət olunan 110 ölkənin üçdə biri «Freedom House”» təşkilatı tərəfindən müəyyən edilmiş demokratik meyarlarda zəif nəticə göstərən ölkələr olub.
2023-cü il martın 30-da ABŞ-ın təşkilatçılığı ilə keçirilən « İkinci Demokratiya Sammiti» əvvəlkindən heç də fərqlənməyib. Adı demokratiya olan bu Sammit də özünəməxsus oyunlar əsasında təşkil edilib. Ölkəsində insan hüquq və azadlıqları pozulan, humanizm prinsiplərindən əsər-əlamət olmayan Ermənistanın demokratik ölkə hesab edilərək Sammitə dəvət edilməsi demokratiya anlayışına təhqirdir.

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizlə bağlı qərəzli, əsassız sayıqlamaları yaxın aylarda baş verən anti-Azərbaycan kampaniyasının tərkib hissəsi idi. Göründüyü kimi, özünü dünyaya guya «beynəlxalq siyasətin dəmir qanunu”» sayılan demokratik ölkə kimi qəbul etdirməyə çalışan Amerika Birləşmiş Ştatlarının Şərqdə, müsəlman ölkələrində həyata keçirdiyi «təcrübələr» nəticəsində düzəni pozulan dünyanın üzləşdiyi vəziyyət getdikcə daha da tündləşir. İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdıran ölkəmizə qarşı qısqanclığını qərəzli yanaşmaları ilə bildirən, Ermənistanın havadarı, işğalçı ölkəni silahlandıran, təxribatlara şirnikləndirən, sülh müqaviləsini imzalamaqdan çəkindirən Fransa kimi, ABŞ administrasiyası da bölgədə sabitliyin yaranmasına hər vasitə ilə mane olur. Artıq tarixin zibilxanasında çürüyən keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ da digər həmfikirləri kimi, 28 ilə yaxın davam edən missiyasını da ermənisayaq «yerinə yetirmişdir.» Buna görə də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycanla bağlı səsləndirdiyi birtərəfli və qərəzli fikirlərə nə təəccübləndik , nə də təəssüfləndik.

Ötən il sentyabrın 19-20-də Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən, tarixdən, Cənubi Qafqaz haqqında adi məlumatı belə olmayan özlərinə məxsus bütün əşyalarını götürərək sərbəst, könüllü olaraq Xankəndini tərk edən ermənilərin taleyinə acıyan, 1992-ci ildə erməni faşistlərinin törətdikləri Xocalı dəhşətlərindən söz açmayan Ceyms O’Brayn erməni cəlladlarının vəhşicəsinə qətlə yetirdikləri soydaşlarımızın basdırıldıqları kütləvi məzarlıqları təbii qəbul edir.

Bu baxımdan aprel görüşlərinin də eyni ssenarilər əsasında planlaşdırıldığına şübhə etmirik. Amma ABŞ rəsmiləri unutmamalıdırlar ki, Birləşmiş Ştatlar üçün gərəkli olan vacib məqamlarda Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla okeanın o tayına yardım əlini uzadıb. Əfqanıstanda ABŞ ilə çiyin-çiyinə mübarizə aparan ilk və Kabili tərk edən sonuncu tərəfdaş ölkə Azərbaycan idi. Belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib. Amma unudulmamalıdır ki, tarix təkrarlana bilər.

Bu günlərdə ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında Azərbaycanla əməkdaşlığı, müttəfiqliyi məmnunluqla qeyd edən, ölkəmizi Şimali Atlantika Alyansının uzunmüddətli tərəfdaşı adlandıran, Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhyaratma missiyasını quruma töhfə kimi dəyərləndirən NATO-nun Baş katibi Yens Stoltenberqin vurğuladığı kimi, qarşılıqlı tərəfdaşlıq təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir. Uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanlarının yarandığını vurğulayan Baş katibın «Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm» sözlərindən Avropa İttifaqı -Ermənistan-ABŞ üçlüyü nəticə çıxarmalıdır. «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik» söyləyən Prezident İlham Əliyev korrupsiyalaşmış kənar qüvvələrin Ermənistandan bir alət kimi istifadə etmələrini riyakarlıq adlandırır. Xankəndidə Novruz tonqalını alovlandıran, bayram münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyevin vurğuladığı kimi, ədaləti öz gücü ilə bərpa edən xalqımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayır: «Biz hamımız fəxr edirik ki, biz özümüz torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.»

Bu günlərdə paytaxtımızda «Parçalanmış dünyanın bərpası» mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda Azərbaycanın haqlı mövqeyini, ölkəmizə qarşı aparılan təxribatların fayda verməyəcəyini «Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi» sözləri ilə diqqətə çatdıran dövlət başçımız qüdrətli ölkəmizə qarşı bütün təxribatların qarşısının qətiyyətlə alınacağını bildirir.

Xuraman İsmayılqızı, «İki sahil»