28 mart 2024 00:58
444

“Solovyov sindromu” və…

Bu üzdəniraq teleaparıcının Azərbaycana qarşı nifrəti yenidən fontan vurub

Rusiyanın ermənipərəst teleaparıcısı, bu ölkənin siyasi ideologiyasının əsas təbliğatçılarından sayılan Vladimir Solovyov hər zaman Azərbaycana qarşı nifrəti ilə seçilib. Dəfələrlə Azərbaycanda olmasına, hörmətlə qarşılanmasına baxmayaraq nifrəti zərrə qədər də azalmayıb. Əksinə artıb, kükrəyib. Hətta, Azərbaycanının 44 günlük Vətən müharibəsindən qazandığı qələbəni gözdən salmaq üçün öz efirindən ağlına gələn iftira, iddia, böhtan söyləməkdən çəkinmədi. Həmişə iyrənc xislətini nümayiş etdirən Solovyov bu dəfə də qəlbində heç zaman gizlədə bilmədiyi erməni sevgisinin təsiri ilə mənfur erməni xislətinə bürünərək Azərbaycana böhtan atıb. Belə ki, bu üzdəniraq teleaparıcı martın 22-də Moskvanın qərb kənarında yerləşən Rusiyanın Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktına etnik fon verərək azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə alıb. Məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədləri aşdığını göstərir. V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun “təfəkkürünü” işə salmasına heç bir ehtiyac yoxdur. Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyini” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xəttin davamıdır. Hiss olunur ki, başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. Jurnalistin hadisə və proseslərə yanaşması, habelə qitmətləndirmə tərzi Rusiya ictimaiyyətini, o cümlədən, media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solovyov cəmiyyəti yanlış yönləndirməklə məşğuldur. Onun tutduğu mövqe əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verməkdir. Bu, bir peşə sahibinin nəinki başqa, ən əsası vətəndaşı olduğu ölkəyə vurduğu son dərəcə ağır zərbə və ziyandır.

Rusiya Federasiyasının kütləvi informasiya vasitələri haqqında qanununun 51-ci maddəsini - (jurnalistin hüquqlarından sui-istifadənin yolverilməzliyi), kobudcasına pozan Solovyov heç şübhəsiz ki, qanunla müəyyən edilmiş hüquqlarından ictimai əhəmiyyətli məlumatları gizlətmək və ya saxtalaşdırmaq, etibarlı mənbələr adı altında şayiələr yaymağa icazə verilməməsi barədə məlumatlıdır. O, bu qanunun 49-cu maddəsində (Jurnalistin vəzifələri) qeyd olunan - dövlət jurnalistə peşə fəaliyyəti ilə əlaqədar olaraq, ictimai vəzifəsini yerinə yetirən şəxs kimi şərəf, ləyaqət, sağlamlıq, həyat və əmlakının qorunmasına zəmanət verdiyini də bilməmiş deyil. Maraqlıdır, o zaman bəs nədən bu “peşəkar” Solovyov Rusiya Federasiyasının kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilikdə müəyyən edilmiş digər öhdəlikləri daşıdığını anlamaq istəmir? Nədən peşə fəaliyyətini həyata keçirərkən vətəndaşların və təşkilatların hüquqlarına, qanuni mənafelərinə, şərəf və ləyaqətinə hörmət etmək məcburiyyətinin, eləcə də, jurnalist borcu olduğunu qanmır?! Özünü hamıdan ağıllı hesab edən bu “peşəkar telejurnalistin” öz ölkəsinin KİV haqqında qanunlarına barmaqarası baxması qoy bir yana qalsın, görəsən o, heç Beynəlxalq Jurnalistlər Federasiyasının qəbul etdiyi jurnalistlər üçün “Davranış Prinsiplərinin Bəyannaməsi”ndən xəbəri varmı? O zaman qoy bilsin: 25-28 aprel 1954-cü il tarixlərində Bordoda Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) İkinci Dünya Konqresində qəbul edilmiş və 2-6 iyun 1986-cı il tarixlərində Helsinkidə keçirilən BJF-nin XVIII Dünya Konqresində dəyişikliklər edilmiş bu Bəyannaməyə görə, həqiqətə hörmət və cəmiyyətin həqiqəti tanımaq hüququ hər bir jurnalistin əsas vəzifəsidir.

Saxtakar Solovyov bilməlidir ki, peşəkar jurnalist yalnız mənbəyi məlum olan məlumatlarla fəaliyyət göstərmək məcburiyyətindədir. O, vacib məlumatlara laqeyd yanaşmamalı, sənədləri saxtalaşdırmamalı, böhtan atmamalıdır. Jurnalist ciddi zərər verəbiləcək məlumatları düzəltmək və ya təkzib etmək üçün əlindən gələni etməlidir. Jurnalist mediada yayılmış yalan və böhtan çağırışının yaratdığı təhlükənin fərqində olmalıdır, siyasi və ya digər baxışlar milli, sosial mənsubiyyət, irqi, cinsi, dil, din, ayrı-seçkiliyin təşviq edilməməsi üçün mümkün olan hər şeyi etməlidir. Ermənipərəst mövqeyi ilə seçilən və ictimaiyyətin fikrini daim dolaşdıran rusiyalı “jurnalist” anlamalıdır ki, BJF-nin bu Bəyannaməsinin 8-ci müddəasında - faktların qəsdən təhrif edilməsi və böhtan, təhqir, əsassız ittiham etmə, jurnalistin ciddi peşə pozuntuları hesab edilir. Ancaq görünür, tərcümeyi-halı bərbəzəkli - rusiyalı “jurnalist Vladimir Rudolfoviç Solovyov nə yazdığının, nə danışdığının, nə vicdanın, nə obyektivliyin, nə də qərəzsizliyin fərqindədir. Məqsəd isə bəllidir, yalan-palanları tirajlamaqla olduqca həssas zamanda Rusiyadakı azərbaycanlıları hədəf göstərmək, Bakı ilə Moskva münasibətlərini korlamaq, Ermənistandakı anti-Rusiya ovqatını arxa plana keçirib, erməni diasporunun, kilsəsinin, revanşist ermənilərin məkrli məqsədlərinə çatmasına yardımçı olmaqdır. Fakt budur ki, Solovyov hər zaman erməni oliqarxlarının əlində alət olub bu gün də olmaqdadır.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası V.Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyib. Şura Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş jurnalistin hərəkət və davranışlarına biganə qalmamağa çağırıb.

Sevinc Azadi, “İki sahil”