19 mart 2024 11:46
434

Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir

Novruz bayramı Azərbaycan  xalqının  milli folklor xüsusiyyətlərini, mənəvi dəyərlərini özündə əks etdirir. Xalqımızın qədim və zəngin mədəniyyətini  ifadə edən Novruz bayramına  “Bahar bayramı”, “ Yaz bayramı”  da deyilir. Şəkərbura, paxlava, badambura, şəkərçörəyi, şorqoğalı kimi Azərbaycan xalqına məxsus şirniyyatlar Novruz bayramı süfrəsinin  əsas şirniyyatlarındandır. Plov, yaxud aş kimi xörək növü də bayram süfrəsinin əsas rəmzlərindəndir.  Novruz bayramının əsas atributlarından biri də bərəkət nişanəsi hesab edilən Səmənidir.

Novruz bayramından əvvəl dörd çərşənbə qeyd edilir: Su çərşənbəsi,  Od çərşənbəsi, Yel çərşənbəsi, Torpaq çərşənbəsi. Dörd çərşənbə və Novruz bayramı axşamlarında tonqallar qalanır, tonqalın üstündən tullanırlar. Milli folklora əsasən tonqaldan tullanmaqla insanlar şər qüvvələrdən, sıxıntılardan  uzaqlaşırlar. “Ağırlığım –  uğurluğum odda yansın” deyimi də bunu ifadə edir.

Novruz bayramının əsas atributlarından biri həyatın, canlılığın rəmzi sayılan yumurtanı boyamaqdır. Çərşənbələr zamanı boyanmış yumurtaların döyüşdürülməsi oyunu da tarixin keçmişindən müasir  dövrə qədər gəlmişdir.

Ulu Öndər Heydər Əliyev 21 mart 1996-cı ildə Novruz bayramı ilə əlaqədar çıxışında qeyd etmişdir ki, Novruz bayramı “bizim milli bayramımızdır. Bu bayram əsrlərdən əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır. O da məlumdur ki, ümumxalq, ümumdövlət, ümumölkə amilləri hər bir insanla, hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyyəyə qalxır, insanlar da bir-biri ilə daha sıx ünsiyyətdə olurlar. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir”.

Məlum olduğu kimi, 2009-cu ildə YUNESKO tərəfindən Novruz bayramı qeyri-maddi mədəni irs siyahısına daxil olunmuş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü”  qəbul edilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 mart 2023-cü ildə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirmişdir ki, “Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri