19 mart 2024 00:59
416

Dünya gündəminin aktual məsələləri Azərbaycanda müzakirə edilir

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfərləri yüksək etimadın təsdiqidir

Xarici siyasətimizin əsas tərkib hissələrindən biri ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsidir. Azərbaycanın böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipi əsasında əlaqələr qurması xarici siyasətimizin dəyişməz prinsipləridir. Bu mühüm məqam da daim qeyd edilir ki, regional çərçivədən başlanan əməkdaşlığın coğrafiyası illər keçdikcə daha da genişlənib və beynəlxalq miqyas alıb. Azərbaycan-Gürcüstan-Türkiyə birliyi, həmrəyliyi regional inkişafın əsası kimi dəyərləndirilir və bölgədə sülhün, təhlükəsizliyin qarantıdır.

Ölkələr arasında əlaqələrin inkişafında əsas amil etimad mühitinin mövcudluğudur. Bu gün diqqətdə olan Azərbaycan -Gürcüstan əlaqələri dərin köklərə malikdir. Məlum olduğu kimi, martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlət başçısı İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə oldu. Səfər başa çatsa da istər iki ölkə liderlərinin istər təkbətək, istərsə də geniş tərkibdə keçirilən görüşlərdə, mətbuata birgə bəyanatlarında səsləndirdikləri çağırışlar ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Qeyd edək ki, İrakli Kobaxidze Baş nazir təyin edildikdən sonra ilk səfərini məhz Azərbaycana edib. Bu faktın özü Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında belə bir əminliyi ifadə etdi ki, bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. Bizim nümayəndə heyətinin üzvləri bir-biri ilə uzun illər təmasdadırlar və onları da dostluq əlaqələri bağlayır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.

İki ölkə arasında əməkdaşlıqdan bəhs edilərkən ilk olaraq enerji sektorunda mövcud əlaqələr göz önünə gəlir. Rəsmi Bakı ilə Tbilisinin birgə səyi ilə reallaşan beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi hər iki ölkənin enerji və tranzit imkanlarının təqdimatında mühüm rol oynayır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layhələrinin reallığa çevrilməsi ilə nəinki iştirakçı, digər dövlətlərin də uzunmüddətli iqtisadi inkişafı üçün geniş imkanlar yarandı. Azərbaycan regional inkişafın əsas aparıcı qüvvəsinə çevrildi. Mətbuata bəyanatında “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirilən infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir.

Cənab İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırdı ki, bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirildi. Gürcüstan bu tədbirdə yüksək səviyyədə təmsil olundu. Bütün iştirakçılar bir daha gördülər ki, burada Azərbaycan, Gürcüstan və Türkiyə bu layihənin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumiyyətlə, hazırda Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq.

Azərbaycan və Gürcüstan yeni layihələr üzərində işləyir. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq. Yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Hər iki ölkə zəngin bərpaolunan enerji resurslarına malikdir. Hazırda texniki-iqtisadi əsaslandırma üzərində işlər gedir. İlin sonuna qədər işlər başa çatacaq və ondan sonra praktiki addımlar atılacaq.

Bu fakt da reallıqdır ki, hər bir ölkə iqtisadi əlaqələrin qurulmasında maraqlı olduğu ölkələrdə demokratik inkişafa xüsusi diqqət göstərir. Müstəqilliyimizin bərpasının ilk illərində mövcud vəziyyəti yada salaq. O illərdə ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda yaradılan sabitlik bu tərəddüdlərin aradan götürülməsinə səbəb oldu. Xarici investorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin oldular. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, investisiya cəlbediciliyi ilə diqqətdə oldu. Cənab İlham Əliyev Gürcüstanın Baş naziri ilə mətbuata birgə bəyanatında diqqəti dost, qardaş Gürcüstanda mövcud vəziyyətə yönəldərək bildirdi ki, aparılan düşünülmüş islahatlar nəticəsində Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bu, xüsusilə indiki geosiyasi vəziyyəti nəzərə alsaq, böyük nailiyyətdir və biz bütün bu uğurlar münasibətilə gürcü qardaşlarımızı təbrik edirik. İki ölkənin ticarət dövriyyəsi də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılıb. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.

Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Qeyd edək ki, Gürcüstanın Baş naziri mətbuata bəyanatında belə bir əminliyi ifadə etdi ki, Prezident İlham Əliyev tezliklə Gürcüstana səfər edəcək : “Mən onu artıq dəvət etdim. Bu, bizim üçün çox böyük şərəf olardı. Bu səfər bizim əməkdaşlığımızın dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bir daha vurğulamaq istəyirəm ki, tərəfdaşlığımız mükəmməl səviyyədədir. Əlbəttə, hər zaman potensial var və biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.”

O da məlumdur ki, Prezident İlham Əliyevin ötən ilin oktyabr ayında qonşu ölkəyə on birinci işgüzar səfəri olmuşdur. Bu, Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, möhkəm təməllərə əsaslanan, zamanla daha da inkişaf edən dövlətlərarası münasibətlər XXI əsrin ən qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasına münbit şərait yaradıb. Hər iki ölkənin milli maraqlarına, dövlətçilik mənafeyinə uyğun siyasi, iqtisadi, sosial məsələlərin, imzalanan sənədlərdə göstərilən prioritetlərin icrasında göstərilən birgə səylər münasibətləri daha da möhkəmləndirib. Dünyanın siyasi arenasında geosiyasi və geostrateji əhəmiyyəti ilə aktuallığını qoruyan Cənubi Qafqazın bu iki dövlətinin İpək Yolunun üzərində yerləşməsi, Orta Dəhliz layihəsinin əsasını təşkil edən irimiqyaslı enerji və nəqliyyat layihələrinin yeni keyfiyyət baxımından icrasındakı iştirakı bölgənin aparıcı dövlətləri olan Azərbaycanla Gürcüstana marağı artırır. 

Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında əsas diqqət göstərilən məsələlərdən biri də regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Dövlət başçısı İlham Əliyev “Eyni zamanda, bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək” söyləyərək onu da əlavə etdi ki, heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir. Ölkə Prezidentinin bu fikirlərinin davamı olaraq dost ölkənin Baş naziri qeyd etdi ki, hər zaman Azərbayan bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtının çatdığını bildirir. Hər zaman çıxışlarında «Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür» söyləyən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını bölgədəki gərginliyin normallaşmaya doğru addımlar kimi dəyərləndirir.

Gürcüstanın Baş nazirinin ardınca martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri Azərbayanın beynəlxalq münasibətlər sistemində artan roluna işıq saldı.

Qeyd edək ki, əsası 1992-ci ildə qoyulan NATO-Azərbaycan əlaqələri qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. 1994-cü ildən etibarən «Sülh Naminə Tərəfdaşlıq» Proqramına qoşularaq NATO ilə əlaqələri möhkəmləndirən Azərbaycan Şimali Atlantika Alyansının dünyada sabitliyin qorunması naminə həyata keçirdiyi bütün tədbirlərdə layiqincə təmsil olunur. Demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında inkişaf edən bu münasibətlərin nəticəsidir ki, ölkəmizdə ordu quruculuğu ilə bağlı islahatlar NATO standartlarına uyğun təkmilləşir, müdafiə qüdrətimiz möhkəmlənir. Dünyanın ən güclü siyasi-hərbi təşkilatı, ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels Vaşinqton Zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında məntiqli çıxışları ilə diqqət çəkən Prezident İlham Əliyevin dünyada sülhün, əmin-amanlığın qorunması naminə irəli sürdüyü təkliflər maraqla qarşılanıb. NATO PA-nın «Cənubi Qafqaz: Çağırışlar və imkanlar» mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi, Əfqanıstanda, İraqda, Kosovada sülhyaratma missiyasını həyata keçirən Alyansın qüvvələri tərkibində əməliyyatlarda iştirak edən Azərbaycanın əsgər və zabitlərinin döyüş hazırlığının, nizam –intizamının yüksək dəyərləndirilməsi, ölkəmizə minnətdarlıq məktublarının göndərilməsi sübut edir ki, bölgənin ən güclü ordusuna malik Azərbaycan Şimali Atlantikanın ən etibarlı müttəfiqidir. Qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində vədinə sadiqliyini Əfqanıstanda sülhün təminatına göstərdiyi hərtərəfli yardımları ilə sübut edib. Hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə göstərdiyi siyasi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirən NATO təmsilçiləri dəfələrlə bildirmişlər ki, XXI əsrdə qloballaşan dünyada təhlükəsizlik çağırışlarına dəstək göstərən, müxətlif illərdə beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi edən rəsmi Bakı ilə əməkdaşlıqda israrlıyıq, dialoqumuzun və əlaqələrimizin güclü potensialı vardır. İllərin təcrübəsi göstərir ki, NATO-Azərbaycan dialoqunun möhkəm təmələ əsaslanan əməkdaşlıq formatı təkmilləşir, beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycanın Şimali Atlantika Alyansı ilə münasibətləri Avrasiya məkanında əməkdaşlıq imkanlarını genişləndirir.

NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfəri, keçirilən görüşlər, müzakirə edilən məsələlər münasibətlərimizin dünəni, bu günü və gələəyi bardə aydın təsəvvür yaradır. “Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir” söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk. Uzun illər davam edən müzakirələr zamanı həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Azərbayan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdi. Hazırda isə ölkəmiz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindədir.

Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olundu, Cənubi Qafqaz regionunda postmünaqişə dövrünün reallıqları geniş təhlil edildi. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, sülh danışıqlarına başlamaq ölkəmizin təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.

Prezident İlham Əliyevin mətbuata bəyanatında diqqət göstərdiyi əsas məsələlərdən biri də ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyi oldu. Qeyd etdi ki, bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq: “Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun.” NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycanda keçiriləcək növbəti COP görüşünü çox səbirsizliklə gözlədiyini bildirdi. Vurğulandı ki, iqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və onun fəsadlarını dünyanın hər yerində, o cümlədən Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur. Lakin, eyni zamanda, qlobal istiləşməyə qarşı mübarizə aparılmalıdır. Enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda alternativ enerjiyə sərmayə yatırır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, beynəlxalq səviyyədə belə Cənubi Qafqazın lider dövləti kimi tanınan, qlobal enerji, kommunikasiya-nəqliyyat layihələri, faydalı təşəbbüsləri, hədəfə ünvanlanmış çağırışları dəstəklənən Azərbaycanın daxili və xarici siyasəti, bölgədə yaratdığı yeni reallıqlar, irəli sürdüyü təkliflər dünyanın ən güclü hərbi təşkilatı olan NATO tərəfindən yüksək dəyərləndirilir. Dünya siyasətində aktuallığı ilə diqqəti cəlb edən, Mərkəzi Asiya, Xəzər regionu, Aralıq dənizi ölkələrinə çıxış istiqaməti olan, geniş sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın göstərdiyi qətiyyət NATO səviyyəsində də dəstəklənir. Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin görüşü, mətbuata birgə bəyanatları dünyada sabitliyin təminatına böyük töhfələr verən Azərbaycanla dialoqun və qarşılıqlı anlaşmanın önəmini göstərir. NATO-nun Baş katibi bu reallığı da diqqətə çatdırdı ki, tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və bunu alqışlayırıq. Bundan əlavə bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir. Həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir.

Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında əsas mənbə olan ölkəmizin artan rolu da xüsusi vurğulandı. Dövlət başçısı İlham Əliyev bildirdi ki, NATO-nun Baş katibi ilə Brüsseldəki son görüşdən bəri qaz təchizatı baxımından quruma üzv daha 2 dövlət tərəfdaşımız oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir: “Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.”

Azərbaycana göstərilən yüksək etimad qarşıdakı illərdə NATO-Azərbaycan əməkdaşlığının yeni istiqamətlərinin ifadəsidir. Yaranan geniş imkanlar, dünya siyasətinin tələblərinə, müasir dövrün çağırışlarına uyğun mövqeyi ilə fərqlənən ölkəmizə göstərilən dəyərlər diplomatiyamızın növbəti uğurudur. Azərbaycanın düşünülmüş və məqsədyönlü, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənən siysəti uğurlarımızın davamlılığını şərtləndirir. Günümüzün reallıqları ölkəmizin sğzünün imzası qədər dəyərli olduğunu bir daha təsdiqləyir.

Yeganə Əliyeva, “İki sahil”