19 mart 2024 01:57
571

Avropa Parlamenti erməni diasporunun əsirliyində

44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbiri ilə separatizmə birdəfəlik son qoyan Azərbaycana  qarşı mütəmadi qərəzli mövqe sərgiləyən Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Bu günlərdə qurumun bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin qorunması bəhanəsi ilə növbəti dəfə Azərbaycana şər atıb.  Yəni, ölkəmizi Qarabağın vaxtilə ermənilər yaşamış hissəsində mədəni irs nümunələrini məhv etməkdə suçlayıb. Halbuki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarında soydaşlarımıza məxsus mədəni irsi sistematik və kütləvi şəkildə dağıdıb. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər tarixi abidə yer üzündən silinib. Azərbaycan isə öz ərazisindəki müxtəlif xalqlara, o cümlədən ermənilərə məxsus bütün  mədəni və dini irsi göz bəbəyi kimi qoruyur. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədilə UNESCO missiyasının səfərinə imkan vermir. Yaxşı olardı ki, Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq əvəzinə, bu məsələ ilə yanaşı, Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasından söz açsınlar.

Hələ bu azmış kimi, ermənipərəst qurum martın 19-da “Avropa İttifaqı Ermənistanın və erməni xalqının yanındadır” deyən Bolqarıstan­dan olan deputat Andrey Kovaçevin təşəbbüsü ilə “Azərbaycanda saxla­nılan erməni hərbi əsirlərə” həsr olunmuş tədbir keçirməyi planlaşdırıb. Məlumata görə, həmin tədbirdə 3 il əvvəl Avropa Parlamentinin onların heç bir şərt olmadan azadlığa buraxılması ilə bağlı qəbul etdiyi “qətnamə” gündəmə yenidən gətiriləcək. Şübhəsiz, Avropa Parlamentinin bu növbəti təxribatının əsasını yenə də hayların və onların havadarlarının hazırladıqları saxta məlumatlar təşkil edəcək. Görəsən, bu qurum hansı hərbi əsirləri gündəmə gətirir?

Bəri başda qeyd edək ki, indiyədək iki ölkə arasında bir neçə dəfə  hərbi əsirlərin mübadiləsi həyata keçirilib.  Sonuncu belə mübadilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlara əsasən, heç bir vasitəçi olmadan 2023-cü il dekabrın 13-də həyata keçirilib. Həmin gün Azərbay­can müxtəlif vaxtlarda saxlanılmış və barələrində hökm çıxarılmış 32 nəfəri, Ermənistan isə qondarma ittihamlarla mühakimə etdiyi 2 hərbçimizi azad edib. Artıq Azərbaycanda hərbi əsir yoxdur. Müharibə cinayətləri törətmiş Vaqif Xaçaturyan kimi bir neçə şəxs var ki, onlar da məhkəmənin hökmü ilə cəzaları­nı çəkməkdədirlər. Lo­kal xarakterli antiterror tədbirlərindən sonra saxlanılaraq Bakıya gətirilmiş separatçı rejimin “başbilənlər”inə (Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Ruben Vardanyan və başqaları) gəldikdə, onların üzərində məhkəmə prosesi hələ başla­mayıb. Bu mənada onların hərbi əsir kimi təqdim edilməsi beynəlxalq hüquqa uyğun deyil. Yeri gəlmişkən qeyd edək ki, həmin şəxsləri heç Nikol Paşinyan hakimiyyəti “hərbi əsir” adlandırmır və onlarla bağlı məsələ qaldırmır. Çünki yaxşı bilir ki, qaldıracağı məsələnin heç bir əsası yoxdur.

Şühbəsiz, ermənipərəst dairələrin sifarişini yerinə yetirən Avropa Parlamentinin bu canfəşanlığı onların xristian təəssübkeşliyindən, ikili standartlardan irəli gəlir. Onlar müharbə cinayətləri törətmiş şəxsləri “hərbi əsir” kimi qələmə verməklə həm də ölkəmizə qarşı  növbəti qarayaxma kampaniyasını genişləndirməyə çalışırlar. Bütün bunlar belə deməyə əsas verir ki, bu qurumu bölgədə sülh və əmin-amanlıq deyil, gərginlik, münaqişənin yenidən alovlanması maraqlandırır. Halbuki, Ermənistanın qeyri-konstruktiv davranışına baxmayaraq, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir. Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuata bəyanatında bildirdiyi kimi, hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik: “Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.” NATO-nun Baş katibi də qeyd edib ki, uzun illərin münaqişəsindən sonra Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var: “Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm”. Amma bəzi Qərb dövlətləri və təsisatları, o cümlədən AŞPA və Avropa Parlamenti kimi qurumlar təhrikçiliklə məşğuldurlar.  Bu da bir daha Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyində Fransa ilə ortaq dəyərlərə malik olmasından xəbər verir. Hətta belə demək olar ki, bunun sifarişçisi elə Makron Fransasıdır. Şübhəsiz, bu gün Azərbaycanda hərbi əsirlərin olmadığını Avropa Parlamenti də yaxşı bilir. Amma yenə də erməni diasporunun və onların tərəfdarlarının təkidi ilə bu məsələni gündəmə gətirir. Bu isə AŞPA kimi, Avropa Parlamentinin də erməni diasporunun əsiri olduğundan xəbər verir.  Bu mənada bu gün həmin əsirin azad olunması daha aktual olmalıdır. O ki qaldı Avropa Parlamentinin “hərbi əsirlərlə” bağlı  qəbul edəcəyi növbəti hər hansı  kağız parçasına, Azərbaycan o qədər belə kağız parçaları görüb ki… Bu mənada belə  addımların Azərbaycan dövlətinin siyasi iradəsinə, regiondakı proseslərə təsir edə bilməyəcəyi şəksizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”