18 mart 2024 16:22
531

Novruz bayramı ölkəmizə şənlik, birlik və həmrəylik gətirir

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl və əziz bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz bayramı ölkəmizin bütün bölgələrində təmtəraqla, özünəməxsus gözəlliklə qeyd olunur.

Hər bir xalqın milli sərvəti sayılan adət və ənənələri zaman keçdikcə formalaşaraq müəyyən dəyişikliklərə uğramış, yeniləri ilə əvəz olunmuşdur. Onlardan bəziləri tamamilə unudulsa da, digərləri klassik nümunələrə çevrilərək insanların həyat tərzində özünü göstərə bilmişdir. Hələ X əsrə aid mənbələrdən birində zərdüştlərə məxsus 36 bayramın adı öz əksini tapmışdır. Onların arasında “Qadınlar bayramı” (martın 5-də keçirilib), “Bəhməncə”, “Gül-çiçək” və “Səddə” (odla əlaqəli), “Azər” (şölə, alov), “Abrizəkan” (su ilə bağlı) bayramlarının adları xüsusilə qeyd olunmuşdur. Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında Azərbaycanda Novruz bayramının keçirilməsi yer almışdır.

Daim maldarlıq və əkinçiliklə məşğul olan xalqımızın həyatında təbiət hadisələrinin, xüsusən də ilin fəsillərinin böyük rolu olmuşdur. Qışın öz yerini bahar fəslinə verməsi ilə təbiətdə baş verən canlanma insanın məişətində bayram əhval-ruhiyyəsi yaratmışdır. Bunun ən parlaq nümunəsi Şərqdə, o cümlədən Azərbaycanda daha geniş şöhrət tapmış bahar fəslinin başlanmasının təntənəsi olan Novruz bayramının qeyd olunmasıdır. “Yaz bayramı” adı ilə qeyd olunan bu bayramın keçirilməsi barədə ilk məlumata eramızdan əvvəl 505-ci ilə aid mənbələrdən birində rast gəlinir. Əsrlərdən bəri təravətini, gözəlliyini, qədimliyini saxlayan Novruz bayramı dini bayram sayılmamış, insana həyat verən 4 ünsürün - suyun, odun, yelin və torpağın isinməsi, dirilməsi istəyi ilə yaranmışdır.

Novruzun başlanmasına 4 həftə qalmış xalq həmin 4 ünsürlə bağlı özünün yaratdığı adət, ənənə, etiqad və ayinlərini icra etmişdir. 4 müqəddəs çərşənbənin birincisi Su çərşənbəsi (sular Novruzu, gül çərşənbəsi), ikincisi Od çərşənbəsi (uğru çərşənbə, üzgü gecəsi), üçüncüsü Yel çərşənbəsi (yelli, küləkli çərşənbə), dördüncüsü isə İlaxır (torpaq, yer) çərşənbəsi adlanır. Axır çərşənbə kiçik, martın 21-i axşamı isə böyük bayram hesab olunur. Çərşənbələrlə bağlı yaradılmış bayatılar, xalq oyunları - “Kos-kosa”, “Baca-baca”, “Artırma”, “Ənzəli”, “Keçəl gəldi qaç”, “Zorxana”, “At mindi”, “Çövkən” və müxtəlif tamaşalar dövrümüzə kimi qorunub saxlanmış və onlardan indi də istifadə olunur.

Novruz bayramında bişirilən qoğal, şəkərbura, paxlava xüsusi gözəlliyi ilə seçilir. Qoğal günəşin, şəkərbura ayın, paxlava isə alovun rəmzi sayılır. Bayramqabağı göyərdilmiş səməni, buğda-noxud Novruzun əsas atributlarından sayılır. Həm ictimai, həm də ailə şənliyi kimi qeyd olunan Novruz bayramı daxilən də, əxlaqca da təmizlik və saflıq tələb edir. Bu bayram insanları əl-ələ verməyə, küsülüləri barışmağa, mehribanlığa, kimsəsizlərə, imkansızlara əl tutmağa, bir-birinə diqqətli və həssas olmağa çağırır.

Hər il ölkəmizin bütün guşələrində Novruz bayramı münasibətilə müxtəlif tədbirlər, ümumxalq şənlikləri keçirilir. Azərbaycanın təşəbbüsü ilə BMT tərəfindən 21 martın Beynəlxalq Novruz Günü elan olunması bu bayramın həm ölkəmizdə, həm də dünya miqyasında roluna yüksək önəm verilməsinə dəlalət edir. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi böyük sevgi ilə yaşadan Prezident İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır.

Xalqımız bu il öz milli bayramını, ən ali bəşəri dəyərləri özündə cəmləşdirən Novruz bayramını uzun illərdən sonra Xankəndidə, Xocalıda qeyd edəcək. Bu tarixi torpaqlarımızda 32 ildən sonra yenidən bayram tonqalları yandırılacaq, ilaxır çərşənbəsi xoş əhval-ruhiyyə ilə qeyd ediləcək. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımıza xoş arzu və niyyətlərini bildirəcək. Yurdumuza, elimizə, evimizə mehribançılıq, sülh, bərəkət, xoş ovqat gətirən Novruz bayramınız mübarək!

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri