18 mart 2024 15:52
362

Əfsuslar olsun ki, münaqişəsinin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu

1993 – cü ilin oktyabr ayının 3 – də Ulu Öndər Heydər Əliyev ümumxalq səsverməsi  yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin qarşısında ölkəni parçalanma təhlükəsindən xilas etmək , ölkədə sabitlik yaratmaq , ordu quruculuğunu həyata keçirmək, beynəlxalq arenada uğurlu siyasət aparmaq kimi tarixi vəzifələr dururdu.

Prezident Heydər Əliyevin dünya miqyasında apardığı gərgin iş 1994 – cü ilin may ayında Bişkekdə Ermənistanla Azərbaycan arasında cəbhədə atəşkəs rejiminin əldə edilməsi ilə nəticələndi. Atəşin dayandırılması xarici və daxili siyasəti dövrün tələblərinə uyğun aparmaq, ölkə iqtisadiyyatını dirçəltmək, ordu quruculuğunu davam etdirmək və digər məsələlər üçün zəmin yaratdı.

Keçmiş Qarabağ münaqişəsi  Ulu Öndərin dövlət başçıları və xarici nümayəndə heyətləri ilə görüşlərdə, beynəlxalq forumlarda danışıqların əsasını təşkil edirdi. ATƏT – in 1994 – cü il Budapeşt, 1996 – cı il Lissabon və 1999 – cu il  İstanbul sammitlərində Qarabağ münaqişəsinin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə Lissabon  Zirvə görüşü zamanı Heydə Əliyevin uzaqgörənliyi və müdrikliyi  sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul edildi.

1998 – ci ildə Robert Koçaryan hakimiyyətə gəldikdən sonra münaqişənin həlli üçün müqavilə bağlamaq təkliflərini davam etdirmək cəhdlərini rədd etdi. 2001 – ci ildə Koçaryan və Heydər Əliyevin ATƏT tərəfindən təşkil edilən sülh danışıqları üçün Ki Vest, Floridada görüşdülər. Bir sıra Qərb diplomatları optimist atmosferi ifadə etsə də, danışıqlar uğursuz oldu və münaqişənin sülh yolu ilə həlli ümidinin qarşısını aldı.

2003 – cü ildə İlham Əliyev Azərbaycan respublikasının Prezidenti seçildi. Ali Baş Komandanın xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi – texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyev ordumuzun güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoymuşdur. Ali Baş Komandan dəfələrlə vurğulayıb ki, Ermənistanın istənilən alçaq niyyətinin qarşısını almaq üçün Respublikamızın kifayət qədər və daha üstün imkanlara malikdir. Hərbi gücümüz istənilən təhdidin qarşısının alınmasına ən yüksək səviyyədə imkan verir. Azərbaycan hələlik sülh danışıqlarına sadiqdir. Amma səbrin də bir həddi var.

Praqa danışıqları, Madrid prinsipləri ətrafında gedən danışıqlar da bir nəticəyə varmadı. Düşmən isə öz xislətindən əl çəkmirdi. Cəbhə boyu ərazilərə tez- tez diversiya qruplarının göndərməsi , atəşkəsin pozulması sülh danışıqlarına zərbə vurdu.

2020 – ci il sentyabrın 27 də düşmənin hücum cəhdinin qarşısı alındı və əks – hücümla cavab verildi. Azərbaycan ordusu düşmən qüvvələrini məğlub edərək geri oturtdu. Sonda danışıqlar yolu ilə deyil, Azərbaycan öz hərb gücü ilə torpaqlarımızı azad etdi.

Zemfira Şərifova,
Xətai rayonu, 63 saylı tam orta məktəbin tarix müəllimi
YAP Xətai rayon təşkilatının üzvü