18 mart 2024 12:30
355

Dünya sürətlə dəyişir

Dünyada nüfuzu sürətlə artan Azərbaycan bu gün beynəlxalq problemlərin həlli platformasına çevrilib. Azərbaycan hər zaman dialoq formasında dünyamiqyaslı məsələlərin həllinin mümkünlüyünü təbliğ edir, bəşəri qərarların qəbuluna və icrasına birbaşa töhfələr verir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakı daha bir qlobal foruma evsahibliyi etdi. "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu dünyanı narahat edən problemlərin, qlobal çağırışların geniş və hərtərəfli müzakirə edildiyi mühüm platforma oldu.

Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparıldı, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunuldu. Forum iştirakçılarının qarşısında duran ən mühüm vəzifələrdən biri sürətlə dəyişən dünyada etimad və əməkdaşlığın qurulması üçün yeni formatların və yolların axtarışıdır. Bu gün Bakı qlobal geosiyasi fikir mərkəzlərindən birinə çevrilib, burada həll yollarının axtarışı gedir. Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, uzun illər əvvəl irəli sürdüyü təşəbbüslər və layihələr  Avropa və Asiya üçün həyati əhəmiyyət kəsb edir - bütün bunlar dünya üçün məhz Azərbaycanın qlobal problemlərin həlli üçün uğurlu yer olduğunu təsdiq edir.  

Hazırda dünyamız çox narahat və gərgin bir dönəmdən keçməkdədir. BMT-nin qəbul etdiyi qərarlar icra olunmur, beynəlxalq hüquq onu qorumalı olan böyük dövlətlər tərəfindən tapdalanır, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi fundamental hüquqlar heçə sayılır. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü dünya nizamını qoruyub saxlaya bilmir. Problemin həlli üçün ciddi müzakirələr gedir. Yeni-yeni dövlətlər bu problemin həllinə töhfə vermək üçün aktivlik göstərir. Azərbaycan bu sırada ön yerlərdədir. 

XI Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu gün regionda və dünyada cərəyan edən hadisələrə geniş aspektdə toxunaraq, problemlərin həlli yolları barədə fikirlərini açıq şəkildə bildirib. “İndi biz Ermənis­tanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”, – deyən dövlət başçısı xüsusi olaraq qeyd edib ki, Cənubi Qafqazda müstəqillik tarixində sülhə bu qədər yaxın olmamışıq və bu, İkinci Qarabağ mühari­bəsinin nəticəsidir.

Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğunu, etnik təmizləməyə məruz qaldığını xüsusi vurğulayan döv­lət başçısı, həmçinin əlavə edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü si­yasi iradəmiz, həmçinin potensialımız var. Güclü hərbi imkanlar və xalqın bir­liyi olmadan biz uğur qazana bilməzdik. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi birincisi, beynəlxalq hüququn tam pozulması, ikin­cisi isə belə bir ölkə üçün çox böyük iddia idi. Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər. Amma 2020-ci ilin sentyabr-no­yabrında bundan dərs götürdülər”.

Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirdi ki, COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir. Forum iştirakçıları da çıxışlarında belə mötəbər tədbirin Bakıya tapşırılmasının doğru seçim olduğunu qeyd etdilər. Latviyanın sabiq Prezidenti Egils Levits çıxışında haqlı olaraq qeyd etdi ki, Bakı COP29 üçün düzgün seçilmiş bir məkandır. Onun sözlərinə görə, bu mötəbər tədbir iqlim dəyişiklikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək. 

Bakı Forumunun gedişində jurna­listlərə açıqlama verən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, Ermənis­tan Qarabağ münaqişəsinin həllindən sonra blokadadan çıxmaq üçün fürsət əldə edib: “Bu ölkənin konstitusiyası də­yişməli, Ermənistan separatçı məqsəd­lərindən əl çəkməlidir. Zəngəzur dəhlizi mütləq açılmalı, eyni zamanda, gerbdən Ağrı dağının simvolu çıxarılmalıdır”.

Bir sözlə, üç gün ərzində davam edən XI Qlobal Bakı Forumunda dünya gündəmində yer alan mühüm problemlər araşdırıldı, onların həlli yönündə müzakirə və fikir mübadilələri aparıldı.  Bu cəhdlərin qlobal miqyasda problemlərin həllinə töhfə verməsi və bu prosesdəAzərbaycanın fəallığı kimlərisə narahat etsə də ölkəmiz, onun lideri, cənab İlham Əliyev mötəbər çalışmaları, təqdirəlayiq fəaliyyətləri davam etdirməkdədir.

Taleh Yusifov,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqatİ nstitutunun aparıcı mühəndisi
YAP Xətai rayon təşkilatının üzvü