18 mart 2024 00:10
528

Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizdə səfərdə oldu. Şübhəsiz, bu səfər iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə öz növbəti töhfəsini verəcək.

 Gürcüstan ölkəmizin  müstəqilliyini ilk tanıyan döv¬lətlərdən biridir. Amma o illərdə iki ölkə arasındakı əlaqələr möhkəm deyildi. Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlmələrindən sonra bu əlaqələr yeni bir mərhələyə qədəm qoyub. Belə ki, 1995-ci ildə Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin martında isə Tbilisidə Azərbay¬can səfirliyi açılıb. (2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu fəaliyyətə başlayıb). Prezident Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə, 1997-ci ildə Prezident Eduard Şevardnadzenin Bakıya səfəri çərçivəsində imzalanan sənədər iki qardaş ölkə arasındakı münasibətlərə yeni çalarlar əlavə edib. Yeri gəlmişkən qeyd edək ki, bir-birinin ərazi bütövlüklərini tanıyan iki qardaş ölkə müxtəlif beynəlxalq qurumların tədbirlərində bu istiqamətdə həmişə birgə addımlar atıblar.  Gürcüstan ölkəmizdə Heydər Əliyevin rəhbərliyi ilə hə¬yata keçirilən neft strategiyasına da biganə qalmayıb. Yəni, 1994-cü il sentyabrın 20-də imzalanan Əsrin müqaviləsinə öz töhfəsini verib. Bu mənada ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edib. Bu məqamda bir məsələyə də toxunmaq istərdik. Bakı–Tbilisi –Ceyhan əsas ixrac neft kəmərinin Gürcüstandan keçməsini istəməyən qüvvələr də olub. Amma iki dövlətin dostluğu bu kimi maneələri dəf etməyi bacarıb.  Heydər Əliyevin uzaqgörən¬liyi, müdrikliyi, Şevardnadzenin qətiyyəti, cəsarəti sayə¬sində bu layihə uğurla reallaşıb. Azərbaycanla Gürcüstan arasında bu siyasət sonrakı dövrlərdə də uğurla həyata keçirilib.
Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir və ildən-ilə bu əməkdaşlıq genişlənməkdədir. Bu mənada demək olar ki, Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir.

Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Elə Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdiyi bəyanatı da bunun bir daha təsdiq edir. Belə ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır” deyən dövlətimizin başçısı bildirib ki, birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq: “Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.
Bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının keçirildiyini  və bu tədbirdə Gürcüstanın  yüksək səviyyədə təmsil olunduğunu  xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir: “Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil”. Yaxın gələcəkdə bu ölkələrin sayının artacağını əminliklə qeyd edən dövlətimizin başçısı, həmçinin bildirib ki, bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir: “Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”.
Bütün bunlarla yanaşı, iki ölkə yeni layihələr üzərində də işləyir.  Onlardan biri yaşıl enerji layihəsidir: “Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır”.
Şübhəsiz, dünyada çox strateji rola malik olan regionumuzun daha da inkişaf edə bilməsi üçün bir çox regional, o cümlədən, Şərqlə Qərbi bir-biri ilə təbii və effektiv şəkildə əlaqələndirmək üçün belə birgə layihələr həyata keçirmək vacib əhəmiyyət daşıyır. Bütün bunlar isə o deməkdir ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.
Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır, bu rəqəmlər getdikcə artacaq Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Prezidentin qeyd etdiyi kimi, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.


Prezident Azərbaycan və Gürcüstan arasındakı  siyasi münasibətlərin də iqtisadi sahə kimi dərinləşməkdə olduğunu söyləyib və əminliklə bildirib ki, iki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdi: ”Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”. 
Bununla da dövlətimizin başçısə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Qeyd edək ki, Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Bəli, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı qon¬şuluq strategiyası bu gün Prezident İlham Əliyevin sayəsində Gürcüstan və Azərbaycanın timsalında bir örnəyə çevrilib. Gürcüstanla Azərbaycan münasibətləri Ermənistan üçün örnək olmalıdır. Onu da bildirək ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”