15 mart 2024 17:08
469

Qazax və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin zəngin tarixi, dərin kökləri var

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyev bu əlaqələr haqqında demişdir:  ‘Qazax və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin zəngin tarixi, dərin kökləri var. Bəli, biz həqiqətən eyni köklərə mənsubuq, əcdadlarımız bir olub, dillərimiz çox oxşardır, adətlərimizdə, mərasimlərimizdə və mili ənənələrimizdə oxşar cəhətlər olduqda çoxdur. Bütün bunlar əsrlər boyu xalqlarımız arasında dostluğu, onların qarşılıqlı köməyini və qarşılıqlı dəstəyini müəyyən edibdir‘.

Xalqlarımız eyni etnik soykökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.

Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

Ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfələri danılmazdır. Təsadüfi deyil ki, məhz bu töhfələrinə görə 1997-ci ildə Ümummilli Liderə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu, 1998-ci ildə isə “Astana” dövlət medalı təqdim olunub. 2017-ci ilin aprelində isə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib.Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.

İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. 10 aprel 2023-cü ildə cənab Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğun göstərir. Həmin görüşdən sonra imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Cənab Prezident Qazaxıstanla münasibətlərin tarixi zərurətdən və iki qardaş xalqın ənələrindən qaynaqlandığını qeyd edərək bildirmişdir: “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.

Bu gün də Azərbaycan-Qazaxıstan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir.Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Xalqımız 44 günlük Vətən müharibəsində Qazaxıstanın rolunu və sərgilədiyi mövqeyini heç vaxt unutmayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Prezident Kasım-Jomart Tokayevin işğaldan azad olunmuş tarixi yurd yerlərimizə səfər etməsi Qazaxıstan dövlətinin işğal dönəmində ölkəmizin ərazi bütövlüyünün tanımasının siyasi yekunu olaraq qardaşlığın, birliyin və Azərbaycana olan sevgisinin ifadəsi kimi yadda qaldı.Dünən haqq savaşımızda ölkəmizin yanında olan Qazaxıstan bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesinə öz töhfələrini verir. Çox qürurvericidir ki, dövlət başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu fakt qardaşlıq münasibətlərinin növbəti nümunəsidir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı əməkdaşlığımızın əsas elementlərindən biri olan nəqliyyat-tranzit məsələsi müzakirə olundu. Qeyd edək ki, hər iki ölkə TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində xeyli işlər görüb. Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, enerji sektorunda da uğurlu əməkdaşlıq mövcuddur. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb.

Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir.Xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.

Ceyran Aydınova,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü