15 mart 2024 16:45
398

İki xalq arasında mövcud olan tarixi,mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir 

Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixə malikdir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur. Qeyri-rəsmi məlumatlara görə hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.                                                           

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 30-da qurulmuşdur. Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan hökuməti arasında 100-dən çox sənəd imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi səfərin yaddaqalan və qürurlu anlarından oldu. Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib ki, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.  Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi  xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan nneft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi bu il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.                                 

Qazaxıstanın Azərbaycandakı səfirliyi 9 yanvar 1993-cü ildə Bakıda fəaliyyətə başlamışdır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük və qədim tarixi var. Sovet dönəmində Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssisləri böyük rol oynamışlar. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və post münaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Komissiyanın indiyədək 18 iclas keçirilib. Sonuncu iclas ötən il iyulun 5-də Qazaxıstanda baş tutub. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. zərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Eyni zamanda, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 134 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il24 avqust, Bakı) xüsusi vurğulanmalıdır.

Səbinə Axundzadə,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü