15 mart 2024 12:47
383

Münasibətlərdə yeni mərhələnin başlanğıcı

Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcıdır.

Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də Azərbaycana dövlət səfəri mühüm məqamları, iki ölkənin gələcək inkişafına stimul olacaq sənədlərin imzalanması, bütün sahələrdə əməkdaşlığın mövcud vəziyyəti fonunda yeni hədəflərin  müzakirəsi baxımından diqqətdə oldu. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrında oldu.  Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak etdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrında Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə oldu.  Qazaxıstan Prezidenti budəfəki səfərin əhəmiyyətini açıqlayan bu məqamı xüsusi qeyd etdi ki,  dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox mühümdür. Bu səfərdə Qazaxıstan Prezidentini çox böyük nümayəndə heyətinin müşayiət etməsi mühüm məqamları özündə ehtiva etdi. Bu, onu göstərdi ki, qardaş Azərbaycana dövlət səfərinin bütün aspektlərinə geniş hazırlıq görülüb.  Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlar, müttəfiq dövlətlərdir. İimzalanan hər bir sənəd münasibətlərdə yeni bir istiqamətin müəyyənləşdirilməsi, eyni zamanda, mövcud əlaqələrin daha da möhkəmləndirilməsi deməkdir: Bugünədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da qeyd etdi ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın yaradılması qərarı özlüyündə tarixdir. Bu, münasibətlərimizin yüksək səviyyəsini və hər iki tərəfin qarşılıqlı əməkdaşlıq potensialının möhkəmləndirilməsi istəyini bir daha sübut edir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir.

Azərbaycan daim türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədir. “Gücümüz birliyimizdədir” çağırışı dövlət başçısı İlham Əliyevin türk dünyasının həmrəyliyinə verdiyi önəmi nümayiş etdirir. Dünya daim Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda türk dünyasının birliyinin şahidinə çevrilib. Bu gün bu birlik digər türkdilli dövlətlərlə münasibətdə də özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri türk dünyasının birliyinə bir daha işıq salır. Belə ki, Qazaxıstan Prezidentinin göstərişi əsasında Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi və martın 12-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə açılış mərasiminin keçirilməsi də bunun təsdiqidir.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında onu da qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Ölkə başçısı həmçinin bildirdi ki, TransXəzər nəqliyyat dəhlizi artıq reallıqdır və özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Belə ki, hər iki ölkədə dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib. Prezidentlər Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilər. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Bu, iki ölkənin əməkdaşlığının mahiyyətində qarşılıqlı fəaliyyətin  strateji xarakter daşıması dayanır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri