15 mart 2024 01:57
527

Paşinyan “marşrut”dan çıxa biləcəkmi?

Hazırda Qazax rayonunun 7 (Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli), Naxçıvan Muxtar Respublikasının 1 kəndi (Kərki) Ermənistanın işğalı altındadır. Bu fakt təcavüzkar ölkənin Azərbaycana qarşı ərazi iddiasından hələ də əl çəkmədiyinin göstəricisidir. Rəsmi Bakı həmin anklav (Kərki və Qazağın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı) və qeyri-anklav (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) kəndlərin azad edilməsi istiqamətində əməli addımlar atmaqda davam edir. Amma Qərbdən, xüsusilə Fransadan təlimatlar alan Hayastan bu məsələdə hələ də nala- mıxa vurmaqdadır. Belə ki, öz ölkəsinə sahiblik edə bilməyən Nikol Paşinyan anklavlarla bağlı bir-birinə zidd açıqlamalar verir. O, martın 12-də keçirdiyi  mətbuat konfransında bildirib ki, Almatı  Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütöv­lüyünün tanınması üçün əsasdır. Söhbət o Bə­yannamədən gedir ki, 1991-ci il dekabrın 21-də imzalanmışdı və keçmiş müt­təfiq respublikaların bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanı­dıqlarını rəhbər tuturdu. Paşinyan vurğulayıb ki, delimitasiya prosesində biz de-yure bu “reallıq”dan çıxış etməliyik: “Ermənistanda olan Ermənis­tanındır, Ermənistanda olmayan Ermənista­nın deyil”.

Göründüyü kimi, rəsmi İrəvan özünün xeyrinə olduğu üçün Almatı Bəyannaməsini əsas götürür. Halbuki, Nikol özü bir müddət öncə işğal altında saxla­dıqları Azərbaycanın 8 kəndinin Ermənis­tanın ərazisinə daxil olmadığını, bu kəndlərin Azərbaycana məxsusluğunu etiraf etmişdi. Bununla da Paşinyan Azərbaycana qaytarılma­yan Qazaxın 7 və Naxçıvan Muxtar Respublikasının Kərki kəndi­nin ölkəmizin ərazisi kimi tanıdığını rəsmən bildirmişdi.

Nikol Paşinyan, həmçinin sözügedən mətbuat konfransında hazırda işğal altındakı 8 kənddən anklav olmayan 4 kəndlə bağlı fikirlər də söyləyib. O, “Ermənistanda heç vaxt belə adda kəndlər olmayıb” deməklə 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de-yure Ermənistan ərazisində olmadığını etiraf etməli olub. Şübhəsiz, Paşinyan bu sözlərlə həm də özünü sığortalamağa çalışıb. Yəni, dolayısı ilə erməni ictimaiyyətinə mesaj ötürüb ki, ermənilərin o adlarda kəndləri yoxdur. Hansısa mərhələdə sözügedən kəndlərin öz sahibinə qaytarılması Ermənistanda ciddi ajiotaj yaratmamalı və ərazi itkisi hesab olunmamalır. Hazırda Hayastanda qərar qəbul etmək Paşinyanlıq deyil. Yəni, onun  bu məsələdə öz havadarlarının müəyyənləşdirdikləri “marşrut”dan çıxa biləcəyi sual altındadır.

Azərbaycan isə işğal altındakı bütün    kəndlərin qaytarılmasında israrlıdır. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində demişdir ki, o kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır”. Yəni, dövlətimizin başçısı bitişik ərazilərin heç bir danışıq mövzusu olmadığını, o birilərinin isə müzakirə olunacağını bildirmişdir. Göründüyü kimi, rəsmi Bakı işğal altında qalan 8 kəndin beynəlxalq hüquq normaları çərçivəsində qaytarılması ilə bağlı "mərhələli həll" variantından çıxış edib. Dövlətimizin başçısı, həmçinin vurğulamışdı ki, bizim mövqeyimiz çox ədalətli və məntiqlidir: ”Ya siyasi metodologiya əsas götürülmə­lidir, ya xronologiya götürülməlidir, ya da biz, bütövlükdə, heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yara­dılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”.

Yeri gəlmişkən qeyd edək ki, indiyədək döv­lət sərhədinin delimitasiyası üzrə yaradılmış hökumətlərarası işçi qrupun 7 görüşü keçirilib. Martın 7-də keçirilmiş sonuncu görüşdə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlanılıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələri müzakirə edilib.

Azərbaycan öz torpaqlarının işğalda olması faktı ilə heç vaxt barışmayıb və barışmayacaq. Bunu Paşinyan da yaxşı bilir. Artıq bu,  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırılan 44 günlük Vətən müharibəsi, eləcə də ötən ilin sentyabrında keçirilən lokal antiterror tədbiri ilə öz təsdiqini tapıb. Bu prosesdə Prezident İlham Əliyevin “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda bildirdiyi kimi, güclü hərbi imkanlar və xalqın birliyi önəmli rol oynayıb. Bu gün xalqımız vaxtilə işğal altındakı 20 faiz ərazisinin azad olunması məsələ­sində həmrəy olduğu kimi, 8 kəndinin əsarətdən qurtulmasında da yekdil mövqedədir. Şübhəsiz, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən dövlətimizin başçısı düşünülmüş siyasəti ilə bu problemi də tezliklə həll edəcək və bununla  Azərbaycanın nələrə  qadir olduğunu bir daha ermənipərəst dairələrə göstərəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”