15 mart 2024 02:58
427

Qlobal geosiyasi fikir mərkəzi

2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü, gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb

Azərbaycanda 11-ci ildir ki, Qlobal Bakı Forumu keçirilir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən builki tədbirə 70-dən artıq ölkədən 350-dən çox qonaq qatılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.

Göründüyü kimi, Bakı artıq dünyanın qlobal məsələlərin müzakirə edildiyi və problemlərdən çıxış yolunun tapıldığı siyasi mərkəzinə çevrilib. 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb.

Forumun ilk günündə Prezident İlham Əliyev və tədbir iştirakçıları tərəfindən səsləndirilən fikirlər bir daha sübut edir ki, dünya ictimaiyyəti, siyasi elitalar Azərbaycanı Cənubi Qafqazda güclü dövlət, Avrasiya geostrateji məkanında həyata keçirilən çox mühüm qlobal layihələrin əsas təşəbbüskarı kimi tanıyır və onunla hesablaşırlar. Forum Azərbaycan, dünya ölkələri üçün siyasi-sosial və geosiyasi, eyni zamanda, humanitar aspektdən önəmlidir. Hər bir beynəlxalq tədbirdə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs etdi. Ölkə Prezidenti artıq tarixə gömülmüş Qarabağ münaqişəsinin timsalında belə münaqişələrə yanaşmanı və çağırışları ifadə etdi.

Məlumdur ki, Azərbaycan 30 il münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağına ümid etdi. Bu dövrdə danışıqların imitasiya naminə aparıldığı diqqətdən yayınmasa da rəsmi Bakı ədalətin sonda qalib gələcəyinə, məsələnin sülh danışıqları əsasında həll ediləcəyinə böyük ümid bəslədi. Lakin 2020-ci ildə erməni silahlı birləşmələri növbəti dəfə təxribatlar törətməyə cəhdlər göstərməklə Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Belə ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri əsasında əks-hücum əməliyyatına başlaması və nəticədə ölkəmizin qələbəsi ilə nəticələndi. “Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi - birincisi, bu, beynəlxalq hüququn tam pozulması, ikincisi isə bu, belə bir ölkə üçün çox böyük iddia idi - bu fikirləri Prezident İlham Əliyev Forumda çıxışı zamanı səsləndirib: “Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər” deyən dövlətimizin başçısı əlavə edib ki, onlar bundan 2020-ci ilin sentyabr-noyabrında dərs götürdülər.

Dövlət başçısı əlavə etdi ki, indi Qarabağ məsələsi artıq bağlanıb, hazırda biz sülhə çox yaxınıq. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.

Ölkə başçısı Fransanın son dövrlər Azərbaycana qarşı sərgilədiyi mövqeyinə də toxunub. Bildirib ki, bu beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verdi. Bildirdi ki, bir neçə ay sərf edildi ki, həmin abidə (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürülüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirilsin. Hazırda Natəvanın abidəsi oradadır: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.

Forumun mövzusundan da bəlli olur ki, səsləndirilən çağırışlar sadəcə bir fikir olaraq deyil, gələcəklə bağlı ümidlərin yaranmasına, bu arzu və istəklərin reallıqda öz əksini tapmasına xidmət etməlidir. Bu gün Azərbaycan təkcə sivilizasiyalararsı dialoqa deyil, əməkdaşlıqlar üçün də müəyyən bir şərait yaradır. Qarşıdurmalar, ikili standartlar, dünyanı təhdid edən təhlükələrin qarşısını almaq üçün birgə fəaliyyət mütləqdir. Çünki hazırkı dünyanın qlobal problemlərinin həlli də məhz bu yoldan keçir. Bu forumların da əhəmiyyəti sülh şəraitinin formalaşmasıdır. Şübhəsiz ki, budəfəki Forumda da rəsmi Bakı öz baxışları ilə dünyanın tanınmış siyasi liderlərinə və bəzi güc mərkəzlərinə mühüm ismarışlarını verəcək.

Sevinc Azadi, “İki sahil”