14 mart 2024 01:36
426

Makronun əsl siması: Qorxaq, rəzil, xəyanətkar!

Avropanın üz qarası olan Fransa Prezidenti Emmanuel Makron əndazəni aşan uğursuz siyasəti ilə bütünlükdə fransızların baş ağrısına çevrilib. Ölkə iqtisadiyyatını tənəzzülə sürükləyən, islamofobiya meyillərinə dəstək göstərməklə daxili sabitliyi gərginləşdirən, milli azlıqların hüquqlarını pozmaqla demokratik prinsiplərə xələl gətirən Makronun Cənubi Qafqaz siyasəti dalana dirənib. Əsarət altında saxladığı digər Afrika ölkələrini tərk etməyə məcbur qalan fransız əsgərlərinin Mali və Nigeriyadan qovulması ilə başını itirən Yelisey Sarayı başçısının xarici siyasətinin NATO və Avropa İttifaqı tərəfindən «qeyri-kafi» qiymətləndirilməsindən ən çox zərər çəkən fransız xalqıdır. Beynəlxalq aləmdə nüfuzunu itirən, Ermənistanın daxili işlərinə qarışmağı başçılıq etdiyi ölkənin iqtisadi, siyasi problemlərinin həllindən üstün tutan Makrona ölkə vətəndaşlarının inamının azalması təbiidir. Düşdüyü labirintdən çıxmaq, yeni müstəmləkə sorağı ilə Cənubi Qafqaza üz tutan, bu regionda neokolonialist siyasətini yeritmək üçün Ermənistandan vasitə kimi istifadə edən Fransa «lideri» iyrənc niyyətinin baş tutmayacağını başa düşsə də, saqqala, yoxsa bıga tüpürmək seçimi qarşısında qalıb. Çünki illərdən bəri Ermənistana hərbi, siyasi dəstək göstərən, artıq gorbagor olmuş ATƏT-in Minsk qrupunun həmsədri kimi haylara əl tutan Makron Azərbaycanın siyasi, hərbi gücünü Vətən müharibəsində gördü və dərsini aldı. Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsində Ermənistanla birgə məğlub olan müsyö Emmanuel o zaman anlamalı idi ki, qüdrətli Azərbaycanla qarşı-qarşıya gəlmək onun öhdəsindən gələ biləcəyi iş, girə biləcəyi kol deyil. Amma necə deyərlər, köpək itdiyini tərgitsə də sümsünməyini tərgitmir. İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin rəşadətindən, 2023-cü ilin sentyabrındakı birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən, Cənubi Qafqaz regionunda sülh üçün yaranan imkandan təşvişə düşən Makron həmin taleyi yaşayır.

Vətən müharibəsindən sonra belə hayları, revanşistləri yeni müharibəyə şirnikləndirən, qaniçən erməniləri əlavə silah – sursatlarla, hərbi avadanlıqlarla təmin edən, Azərbaycanla şərti sərhəd yaxınlığında toplaşan terrorçulara təlim keçən Makronun başı hələ də dumanlıdır. Ermənistanın baş naziri Nikol Paşinyanı sülh sazişini imzalamaqdan çəkindirən, Cənubi Qafqaza soxulmaq üçün yollar axtaran Makron xəyanət cəbhəsini anti-Azərbaycan dairələr vasitəsilə genişləndirməyə çalışır. Onun təşəbbüsü ilə formalaşdırılan Fransa- Hindistan - Ermənistan-Yunanıstan dördlüyündən ibarət şər birliyinin hədəfi təkcə Azərbaycan deyil, eyni zamanda qardaş Türkiyədir. Bu məqsədlə Cənubi Kipri də sıralarına əlavə edən Makron hələ də nəyəsə nail olacağına ümid edir. Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistan-Yunanıstan-Kipr arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlığı uğurlu adlandırmasından daha da həvəslənən müsyö Makron Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında dördtərəfli əməkdaşlığı mümkün hesab edir. Bu cür dəstəkdən arxayınlaşan, sürüşkən siyasəti, destruktiv mövqeyi ilə sülh sazişinin imzalanmasını ləngidən Ermənistanın baş naziri Nikol Paşinyanın havadarlarına cavabı isə «Ver yeyim, ört yatım, gözlə canım çıxmasın» sözləridir.

Amma Cənubi Qafqazda sabitliyi pozmağa, rəsmi İrəvan vasitəsilə özlərinin maraqlarını həyata keçirməyə çalışanlar unudurlar ki, bölgədə baş verənlər təkcə regional yox, qlobal xarakterli prosesdir.

Təbii ki, sülhün təminatına təsir etməyə çalışan kənar güclərin bölgəyə müdaxiləsinin qarşısı alınacaq. Rəsmi Afina ilə İrəvan arasında hərbi-texniki əməkdaşlıq sazişi imzalansa belə, bölgədə yeni müharibə ocağı yaratmağa çalışanların niyyətləri baş tutmayacaq. İrəvana dəstək görüntüsü yaratmaqla siyasi təlxək Nikol Paşinyanı sülh gündəliyindən uzaqlaşdırmağa çalışanların aqibəti də bəllidir. Siyasi ekspertlərin söylədikləri kimi, Ermənistan, Yunanıstan, Fransa və Hindistan dördlüyünün hərbi əməkdaşlığı rəsmi İrəvanın dövlətçiliyinin sual altına düşməsi deməkdir.

Dünyada beynəlxalq kriminal ofşor zona kimi tanınan yunan Kipri illərdən bəri artıq tarixin arxivinə atılmış Qarabağdakı qanunsuz rejimin «çirki pulları»nın yuyulduğu məkan olub. Fransanın, Yunanıstanın Kipri bu xəyanətkar platformaya daxil etmək cəhdlərinin səbəbi Türkiyəni də hədəfə almaqdır. Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacağından təşvişə düşənlər türk birliyinin güclənməsini özlərinin məhvi anlamında qəbul edirlər. Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əlaqələrin inkişafı onu deməyə əsas verir ki, Şimali Kipr gələcəkdə qurumun tamhüquqlu üzvünə çevrilə bilər. Bu isə ikitərəfli əlaqələri daha da yaxşılaşdıran faktor ola bilər. Şimali Kiprin TDT-nin Şuşada keçiriləcək Zirvə görüşünə dəvət olunması da məsələ ilə bağlı ehtimalları gücləndirir.

Reallıq budur ki, dünyada baş verən qlobal hadisələr fonunda Ermənistanı silahlandırmaqla niyyətlərinə çatacaqlarını xəyal edən Fransanın, Yunanıstanın və Hindistanın əli boşda qalacaq. Çünki Ermənistanı silahlandırmaqla Azərbaycana qarşı yeni hərbi cəbhə açmağa çalışanların qarşısında Rusiya amili güclü sipərdir. Hazırda Ermənistanın sərhədlərini, aeroportlarda təhlükəsizliyi qoruyan əsgərlərin, Rusiyanın hərbi hissələrinin Hayastandan çıxarılması çağırışları səslənməkdədir. Bu nankorluq əsrlərdən bəri daşnaklara siyasi, iqtisadi, hərbi dəstək göstərən rəsmi Kreml tərəfindən loyallıqla qarşılanmayacaq. Xatırladaq ki, Rusiya ilə Ermənistan arasında 2049-cu ilədək hərbi tərəfdaşlıqla bağlı müqavilə imzalanıb. Bir məsələni də unutmaq olmaz ki, Yunanıstan NATO-nun üzvü, Hindistan isə Rusiyanın hərbi müttəfiqidir. Belə ki, Ermənistan yenə də başqalarının maraqlarının toqquşduğu poliqona çevrilməklə varlığını təhlükə altına qoyacaq.

Bölgədə vəziyyəti gərginləşdirən ən mühüm məsələ nəqliyyat- kommunikasiyalarla birbaşa bağlıdır. İkinci Qarabağ müharibəsindən sonra 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda göstərilən nəqliyyat-kommunikasiya xətlərinə nəzarətin Rusiyaya həvalə olunması bölgədə vəziyyəti gərginləşdirən, sülh sazişinin imzalanmasını əngəlləyən Qərbin maraqlarına uyğun deyil. Bəyanatda qeyd olunan, Azərbaycanın tarixi ərazisində yerləşən Zəngəzur dəhlizinin bərpası ilə bağlı öhdəliyinə əməl etməyən Ermənistanın yola nəzarət məsələsində fikir dəyişkənliyi də gərginliyi artırır. Dəhlizə nəzarətlə bağlı canfəşanlıq edən Fransanın isti aşına soyuq su qatılır. Belə ki, Ermənistanı silahlandırmaqla, bölgədə yeni müharibə ocağı alovlandırmaqla Zəngəzur dəhlizi ilə bağlı problemin öz maraqlarına uyğun həllinə çalışanların niyyətləri baş tutan deyil. Çünki beynəlxalq əhəmiyyətli bu infrastrukturun bərpasında, dəhlizə nəzarət hüququ barədə danışıqlarda əsas söz sahibi Azərbaycandır.

Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləməsinə etirazını bildirən Qərbi Azərbaycan İcması rəsmi Afinanın müdafiə naziri Nikos Dendiasın Ermənistana son səfəri ilə bağlı narahatlığını «Ermənistanın Fransa, Hindistan və Yunanıstanın dəstəyi ilə sürətlə silahlanması, Fransa və Yunanıstanın Ermənistan ordusunun idarəetməsində rol alması, dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması planları ciddi narahatlıq doğurur. Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması niyyətinə gəlincə isə, qeyd edək ki, eyni regionda yerləşməyən dövlətlərin belə əməkdaşlıq formatı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir. Fransa, Hindistan və Yunanıstan bu cür addımları ilə Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər”» sözləri ilə diqqətə çatdırıb. «Şər dördlüyü»ndə birləşən dövlətlərdən militarist siyasətlərinə, Ermənistanı silahlandırmaq kimi çirkin niyyətlərinə son qoymaq tələb edilir.

Dil pəhləvanı, Cənubi Qafqaza hərbi müdaxilə imkanlarından məhrum Fransa Prezidentinin Kiyevə səfərini təxirə salmasını gülünclə qarşılayan fransızların sosial şəbəkələrdə yazdıqları kimi, Makron əzələlərini nümayiş etdirməyə çalışarkən dəhşətli dərəcədə alçalır. Yəni, güc nümayiş etdirmək üçün beynəlxalq alyans yaratmaq niyyətinin arxasında gizlənən Makron bu rüsvayçılığı ilə əsl, hiyləgər, qızışdırıcı simasını bəlli edir.

Xuraman İsmayılqızı, «İki sahil»