14 mart 2024 03:02
576

Separatçılar Avropada dayaq axtarışında

Ermənistanda bir müddət susqun yaşayan qondarma rejimin keçmiş “başçı”sı Samvel Şahramanyan son aylarda fəallaşıb. O, separatçı-terrorçu rejimin İrəvanda sülənən tör-töküntüləri ilə mütəmadi əlaqə saxlamaqla yanaşı, təcavüzkar ölkədəki  müxtəlif dövlətlərin  diplomatları ilə də sıx əlaqə saxlayır. Bu günlərdə Xocalı qatillərindən – Robert Koçaryandan, Serjik Sarkisyandan, Seyran Ohanyandan və digərlərindən təlimatlar alan Şahramanyan Fransanın, Rusiyanın, ABŞ-ın səfirləri ilə görüşüb və onlarla Qarabağı könüllü tərk etmiş  ermənilərin məsələsini gündəmə gətirib. Başqa sözlə desək, Qarabağda ləğv edil­miş separatizmi yenidən körükləmək üçün onlardan dəstək istəyib. Şübhəsiz, bu da müəyyən güc mərkəzlərinin geosiyasi maraqlarına, həm də  münaqişənin yenidən alovlanmasına xidmət edir.

Üstəlik, İrəva­na qaçan separatçılardan təşkil edilən və əsas qayəsi Qarabağda ləğv edil­miş separatizmi yenidən körükləməkdən ibarət olan “xüsusi komitə”nin, daha doğrusu, "artsax xalqının vətənə qayıdışı"nın üzvləri   həm də  Avropa ölkələrində özlərinə dəstək axtarışına çıxıblar. “Hraparak” nəşrinin məlumatına görə, hələ də heç nəyin itirilmədiyini iddia edən, Qarabağ ermə­nilərinin geri qayıtmalarına israrlı yanaşıl­sa, danışıqlar prosesində dəyişiklik şansı qalacaq deyən Ermənistanın sabiq xarici işlər naziri, “komitənin başbiləni” Vardan Oskanyan və “komitə”nin bəzi nümayəndələri Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq təşkilatların nü­mayəndələri ilə görüşlər keçirirlər. Onların 20-yə yaxın görüşdə iştirak etdikləri söylənilir. Hətta Oskanyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarla da görüşüb. Əsas məqsəd isə “komitə”ni qeyri-hökumət təşkilatı  kimi qeydiyyatdan keçir­mək, daha sonra isə beynəlxalq mandat almaqdır. Onlara bu məsələdə ən çox dəstək verən isə anti-Azərbaycan təbliğatı ilə seçilən, digər dövlətləri, həmçinin bəzi beynəlxalq qurumları Azərbaycana qarşı qaldırmaqda peşəkarlaşan Fransadır. Hətta bu ideyanın  Fransanın Prezidenti Makronun “məhsul”u olduğunu da əminliklə demək olar. Şübhəsiz, bu, Ermənistanı silahlandıran, onu müharibəyə təhrik edən, təcavüzkar dövləti ovucunun içində bəsləyən rəsmi Parisin ölkəmizə qarşı növbəti təxribatıdır. Təbii ki, bu məsələdə xarici ölkələrdəki erməni diasporu da separatçılara yardım əlini uzadır. Onların 30 il Azərbaycan torpaqlarını işğalda saxlamaqla milyardlar qazandıqları isə sirr deyil.

Artıq həmin görüşlərin əks-sədası gəlməkdədir. Belə ki, İspaniya parlamentinin üzvü Con İnarritu bildirib ki, “zorakılıq və təqiblərdən xilas olmaq üçün evlərini tərk etməyə məcbur olmuş 100 mindən çox köçkün artsax ermənisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq ictimaiyyətin müdaxiləsinə təcili ehtiyac var”. Halbuki, onun bu fikirləri tamamilə absurddur. Çünki artıq bütün dünya da bilir ki, onlar Qarabağı könüllü tərk ediblər. Bunu Paşinyan da etiraf edib, BMT də. Həmin ermənilərin sayı da onun dediyi qədər deyil. Şübhəsiz, bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, həm də Azərbaycana qarşı əsassız ittihamdır.

Bu faktlar bir daha sübut edir ki, Fransa, ABŞ kimi dövlətlər Qarabağda separatizmi yenidən cücərtməyə çalışırlar. Başqa sözlə desək, Ermənistanda mövcud siyasi qüvvələr maksimum dərəcədə təbliğat və təşviqat aparırlar ki, hayları yenidən Azərbaycana qarşı qaldırsınlar. Elə bu səbəbdən separatçılar öz havadarları sayəsində “Qarabağ problemi”ni gündəmdə saxlamağa çalışırlar. Amma unudurlar ki, dünya çoxdan Qarabağı Azərbaycanın tərkib hissəsi sayır. Burada artıq xeyli vaxtdır ki, Azərbaycan qanunları bərqərar olub. 44 günlük müharibədən və lokal antiterror əməliyyatlarından sonra Azərbaycan ərazisində bir nəfər də olsun erməni separatçısı qalmayıb. Digər tərəfdən,  görünən budur ki, Nikol Paşinyan hakimiyyəti qondarma “artsax” ideyası­nı Bakıya qarşı mümkün kart kimi əlində saxlamağa çalışır. Bütün bunlar Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiasında olduğunu açıq-aydın göstərir. Həmçinin Paşinyanın sözü ilə əməlinin qətiyyən eynilik təşkil etmədiyini bir daha ortaya qoyur. Yəni, Ermənistanın baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatlar verir, digər tərəfdən də separatizmi dəstəkləyir. Halbuki, separatçılar İrəvana qayıtdıqları ilk vaxtlarda Ermənistan hakimiyyəti onlara qarşı müəyyən addımlar atırdı. Hətta qondarma rejimin Ermənistanda fəaliyyətinin davam etdirilməsinə imkan verilmədi, aksiya keçirmələri qadağan edildi. İndi isə...

Amma  bu, İrə­vana yaxşı heç nə vəd etmir. Necə deyərlər, çanaq Hayastanın başında çatlayacaq.  Çünki özünün yüksək inkişaf dövrünü yaşayan və Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan öz ərazisində məhv etdiyi separatizmin yenidən “cücərməsi”nə heç vaxt imkan verməyəcək. Amma bu məsələdə bir istisna ola bilər: Azərbaycan ermənilərin Qarabağa qayıtmasına o zaman razılıq verə bilər ki, 300 min azərbaycanlı da Ermənistandakı dədə-baba ocaqlarına - Qərbi Azərbaycana  qayıtsın. Bu, həm də beynəlxalq hüquq normalarına uyğundur. Haylardan isə belə bir addım gözləmək sadəlövhlük olardı. Ona görə ki, bu, bölgədə möhkəmlənmək istəyən Qərbin planlarına tamamilə ziddir. Gah nala, gah da mıxa vuran Paşinyanın isə onların çaldıqları havalara  oynadığını hər kəs yaxşı bilir.

Qvami Məhəbbətoğlu, “İki sahil”