07 mart 2024 13:12
327

Dövlət qadın siyasəti

Azərbaycan qadını öz idarəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri verilmişdir. Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud"un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.

Orta əsrlər tariximizdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimlərinin adları hörmətlə yad edilir.

Sara xatun — Azərbaycanın ilk diplomat qadını sayılan şəxs.

Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşər, ən məsul diplomatik danışıqlar üçün onu göndərərdi.

O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmed kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə etmişdi. Osmanlı Ağqoyunlu dövlətinin müttəffiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyinin aradan qaldırmaq istədikdə Osmanlı sultanı II Mehmedlə danışıqlar aparmaq üçün yenə də Sara xatun göndərilmişdi. Sara xatunu bir diplomat, həmçinin dövlət xadimi kimi də təkcə Şərqdə deyil, Avropada da tanıyırdılar. Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar ki, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara xatunun adı çəkilir, ondan bəhs olunur. Cəlaləddin Əli bəyin həyat yoldaşı, Uzun Həsənin və Cahangir Mirzənin anası. Əslində Sara xatunun adı Saray xatun olmuşdur, lakin Azərbaycan dilində artıq Sara xatun kimi yazılış normaya çevrilib.

XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnir. Bu mənada Xurşid banu Nətəvanın, Ağa Bəyim Ağa Ağabacının, Gönçəbəyimin, Fatma xanım Kəminənin, Şahnigar xanımın, Qəmərbəyim Şeyda Qarabağinin və başqalarının yaradıcılığı diqqəti cəlb edir. Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi.

Xurşidbanu Natəvan — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.

Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır. Xeyriyyəçi, messenant və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olmuşdur.Xurşidbanu Natəvan Gənc şairə Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil etmişdir. 1873-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur.Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etmişdir. 1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunu rastlaşdırmışdır. Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilini yaxşı bilməsi onlar aralarında dostluq telləri yaratmışdır. Onlar Abşeronda birgə gəzintiyə çıxmış, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim etmişlər. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da A. Dümanın "Qafqaza səyahət" kitabında öz əksini tapmışdır.

Dünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması. O dövrün möhtəşəm abidəsi olan Təzə-pir məscidi də həmin xeyriyyə tədbirlərindən biri kimi Nabat xanım Aşurbəyli-Rzayeva tərəfindən tikdirilmişdir. Bütün bu işlərin məntiqi nəticəsi olaraq tariximizdə il dəfə olaraq qadınlara seçib-seçilmək hüquq verildi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.

1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı. 1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.

İkinci Dünya Müharibəsi qadınların əməyə daha geniş surətdə cəlb edilməsinə təkan verdi. Bir çox sahələrdə cəbhəyə gedən kişiləri qadınlar əvəz etdi. Həmin dövrdə Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi, Şövkət Səlimova kimi qadın gəmi kapitanı yetişmişdi. Müharibə dövründə qadınlarımız ön cəbhədə mərdliklə döyüşmüş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmişlər. Bütün bunlar Azərbaycanda qadın hərəkatı tarixinin unudulmuş səhifələridir.

Əldə edilmiş nailiyyətlərlə yanaşı sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın məsələlərinin həlli və qadın inkişafı haqqında sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı. Məşğulluğun forması, göstəriciləri qabardılır, əməyin keyfiyyətli, qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu və qadının əməkdə öz potensialını ifadə etmək imkanları unudulurdu.

Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər.1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Azərbaycanın milli qəhrəmanları - Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. Erməni qəsbkarlarının Azərbaycanın ərazisinin 20%-ni işğal etməsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxluq təşkil edirdi. Həmişə sülhün, əmin-amanlığın çarçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.

Qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar. Ümummilli miqyasda fəaliyyət göstərən qadın təşkilatları öz əsas məqsədi kimi Azərbaycanda qadının vəziyyətinin yaxşılaşdırılmasını, onun sosial-iqtisadi problemlərinin həllini və sair məsələləri qeyd edirlər. Bu gün də yeni yeni qadın təşkilatları formalaşır, mövcud təşkilatlar isə öz şəbəkəsini, fəaliyyət dairəsini genişləndirir.

1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınların Milli Komitəsi Pekin konfransına ümummilli məruzəni hazırlayıb təqdim etmişdir. Konfransdan sonra ümummilli fəaliyyət platformasına aid müzakirələr və konfranslar keçirilmişdir. Azərbaycan Respublikası 1995-ci iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.

Pekin konfransından keçən beş il ərzində onun sənədlərində qeyd olunmuş prinsip və tövsiyələrin həyata keçirilməsi istiqamətində çox işlər görülmüş və Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarına bu barədə hesabatlar təqdim edilmişdir.

Respublikada qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli, Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib hazırlamaq tapşırıldı.

Fərmanın yerinə yetirilməsi ilə əlaqədar respublika həyatının müxtəlif sahələrində, ayrı-ayrı nazirlik, idarə və şirkətlərdə, ümumiyyətlə dövlət idarəçiliyi sistemində qadınların təmsil olunmasına dair əldə edilmiş statistik məlumat göstərdi ki, respublikanın 80-dən çox şəhər və rayon icra başçısından yalnız 5-i qadındır və hətta əksər işçiləri qadınlardan ibarət olan dövlət qurumlarında və müxtəlif peşə sahələrində qərar qəbul etmə mövqelərində qadınlar çox zəif təmsil olunurlar. Şəhər və rayonlarda işçilərinin böyük əksəriyyətini qadınların təşkil etdiyi təhsil şöbələrinin 5-nə, səhiyyə şöbələrinin isə 8-nə qadınlar rəhbərlik edir.

Respublikada müxtəlif səviyyələrdə qəbul olunan qanunvericilik aktları, qərar və qətnamələr, xüsusilə Nazirlər Kabineti, ayrı-ayrı nazirlik və idarələrdə qəbul olunan qərarlar çox vaxt gender siyasətinin tələbləri baxımından ekspertiza olunmur.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb edir. Bu baxımdan qeyd edilməlidir ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir.

Qadın problemlərinin həlli zərurəti Azərbaycan qadınlarının 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayında qeyd olundu. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultay göstərdi ki, cəmiyyətdə qadınların rolunun artırılması yolunda hələ çox iş görülməlidir.

Hüquqi bazanın təkmilləşdirilməsi, bərabər hüquqların təmin edilməsi üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı  təqdim olunur.

Səbinə Əliyeva,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 86" ünvanı üzrə ərazi partiya təşkilatının sədri