07 mart 2024 00:41
414

Qərbin islamofobiya xəstəliyi

Bu gün dünyanın bir sıra ölkələrində müsəlmanlara münasibət birmənalı deyil. Demək olar ki, artıq İslam və müsəlman əleyhdarlığı irqçilik səviyyəsinə yüksəlib. Görünməmiş islamofobiya təzahürləri Qərbdə, xüsusilə özünü demokratiyanın beşiyi kimi qələmə verən, əslində isə dünya miqyasında nüfuzunu itirən Fransada daha çox nəzərə çarpır. Hazırda bu ölkədə islamofobiya yerli müsəlmanların gündəlik həyatına təsir göstərir. Belə ki, Fransada müsəlmanların əksəriyyəti məşğulluq və əməkhaqqı məsələsində ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşir. Xüsusilə müsəlman qadınlar hicablarına və dini baxışlarına görə təhsil və iş sahəsində problemlərlə  qarşılaşırlar. Hətta bu ölkədə müsəlmanlara məxsus dükanlar, idman zalları, dərnəklər, ibadət evləri və s. bağlanıb, həmçinin islamofob cinayətlərin sayı xeyli artıb. Bir sözlə, Fransada  müsəlmanlarla “ikinci dərəcəli” insanlar kimi davranılır. Artıq bu ölkə rəsmiləri müsəlmanları eyni zamanda, potensial terrorçu kimi görür, onları terrorçularla eyniləşdirirlər. Özü də bu proses Emmanuel Makron Prezident seçildikdən sonra daha da kəskinləşib. Müsəlmanların hüquqlarının kobud şəkildə pozulması artıq Emmanuel Makron hakimiyyəti üçün adi hala çevrilib. Təkcə bir faktı xatırladaq ki, 2020-ci ildən indiyədək Fransada 89 məscid, 650-yə yaxın ibadət yeri bağlanıb. Üstəlik, bu ölkədə elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox. Bəli, hökumətin müsəlmanlara baxışı qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanmadığı üçün bu ölkədə islamofobiya təzahürləri hər keçən gün artır.

Azərbaycan ərazilərinin 30 il müddətində Ermənistanın işğalı altında qalmasına heç bir reaksiya verməyən Fransanın 44 günlük Vətən müharibəsində torpaqlarımızın separatçılardan azad edilməsinə qarşı çıxmasının əsasında duran mühüm amillərdən biri məhz bu islamofob yanaşma olub. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda İslam dininə aid mədəniyyət nümunələrini, məscidləri təhqir edib, dağıdıb. Şübhəsiz, Ermənistan bu vandalizm aktlarını həyata keçirərkən Əlcəzair xalqına və Afrikanın bir sıra ölkələrində müsəlmanlara qarşı qəddar soyqırımları həyata keçirmiş Fransanın “təcrübəsi”ndən nümunə götürüb.

Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın uğurlarını həzm edə bilməyən Fransanın çirkin nümunəsindən ruhlanan Danimarkada, Niderlandda, İsveçdə “Qurani-Kərim”in  yandırılması, müsəlmanların təhqir olunması, təxribat xarakterli fotoşəkillərin hazırlanması, məscidlərə hücumların edilməsi, vəhşi vandalizm aktlarının təşkil olunması adi hala çevrilib. İnsanların həssas olduğu dəyərlərə, inanclarına toxunmaq yolverilməzdir. Bəli, bu gün dünyada İslam mədəniyyəti və müsəlmanlara qarşı açıq şəkildə müxtəlif siyasətlər həyata keçirilir. Halbuki, islamofobiyanın siyasiləşdirilməsi bəşəri təhlükədir. Şübhəsiz, bunlar İslama və müsəlmanlara qarşı düşmənçiliyin, nifrətin təzahürüdür. Elə bu kimi səbəbləri nəzərə alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə keçirilən III Antalya Diplomatiya Forumunda çıxışında islamofobiyanın Qərb dairələrində  vəba xəstəliyi kimi sürətlə yayıldığını, amma dövlətlərin bunun qarşısını almaq məqsədilə heç bir tədbir görmədiklərini bir daha diqqətə çatdırıb.

İslamofobiyaya meyillərin artması İslam mədəniyyətinin və tarixinin bir parçası olan Azərbaycanı da ciddi narahat edir. Hətta Azərbaycan ilk ölkələrdəndir ki, bu mühüm və aktual problemi qlobal müstəviyə çıxarıb. Bir sözlə, rəsmi Bakı islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə fəal mübarizə aparır. Məsələn, ötən ilin mart ayında Bakıda bir sıra beynəlxalq qurumların iştirakı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Dövlətimizin başçısı da bu məsələni dəfələrlə gündəmə gətirib.  Məsələn, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının tədbirlərinin birində geniş vüsət alan islamofobiyadan, eyni zamanda, İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını bildirmişdir. Üstəlik vurğulamışdır ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Azərbaycan bu gün də bu istiqamətdə işini davam etdirir. Elə Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, G20 Dinlərarası Dialoq Forumunun və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda martın 8-9-da Bakıda keçiriləcək beynəlxalq elmi konfrans  bunu bir daha təsdiq  edir.  Konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirak etməsi gözlənilir. Şübhəsiz, bu tədbirdə beynəlxalq ictimaiyyətin islamofobiya ilə mübarizədə hansı addımların ata biləcəyi əsas müzakirə mövzusu  olacaq. Yəni, Azərbaycan islamofobiyadan əziyyət çəkən insanların səsini bir daha dünyaya çatdıracaq, bir daha Qərb ölkələrinin bu istiqamətdə çirkin niyyətlərini ifşa edəcək.  

Yeri gəlmişkən, hər il martın 15-i bütün dünyada İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. Bu barədə ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında qərar verilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”