07 mart 2024 00:12
417

Kaspar Karapetyanın brilyantları...

Əgər həqiqəti görən gözlər kordursa...

Avropa İttifaqının ayrı-ayrı qurumlarının Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində əvvəllər yaranan pozitiv fonu pozmaq cəhdləri ardıcıl şəkildə davam edir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan qərəzli surətdə məhrum edilməsi barədə qərarın ardınca Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı qətnamə qəbul edib. Yuxusunu qarışdıran avropalı parlamentarilərin qətnaməsində yenə də Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi ilə bağlı reallığa uyğun olmayan, əsassız ehtimallar yer alıb.

Əslində, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzi daha heç kəsə sirr deyil. Ölkəmizin Qarabağ Zəfərini həzm edə bilməyən aktyor-diplomatlar özləri üzlərini gizlətdikləri maskalarını cırıb atdılar. Belə ki, 7 fevral növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərilmədiyi halda, qurum Azərbaycandakı seçkiləri müşahidə etməyəcəyi ilə bağlı absurd açıqlama yaymışdı. Bu absurd açıqlama və ittihamların sayı  Azərbaycanın ötən ilin sentyabrında öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra artmışdı. Öz ərazisində beynəlxalq hüququ bərpa edən ölkəmizin bu uğurundan narahat olan Avropa Parlamenti Azərbaycana qarşı “diplomatik hücuma” keçdi. Diplomatik təzyiq və sanksiya hədələrini bəhanə etmək üçün isə Qərb ənənəvi “erməni kartı”ndan istifadə edir. Bu istiqamətdə rəsmi Bakıya qarşı iki əsas tezis irəli sürülür.

Bunlardan biri Azərbaycanın guya Qarabağın erməni sakinlərinə qarşı təzyiq göstərməsi və onların bölgəni tərk etməsi ilə bağlıdır. Halbuki bu tezisi darmadağın etmək üçün ciddi araşdırma  aparılması tələb olunmur. Hər şey hamının gözləri qarçısındadır. Ancaq bunların həqiqəti görən gözləri kordur. 250 min azərbaycanlı Ermənistandan zorakı üsullarla qovulanda da  özlərini karlığa və korluğa vurmuşdular...

Azərbaycan əvvəldən Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya planını açıqladı, bunu açıq və şəffaf şəkildə etdi. Hərbi təxribatların davamlı hal alması fonunda həyata keçirilən aniterror tədbirləri isə zərgər dəqiqliyi ilə aparıldı, dinc sakinlərə heç bir zərər yetirilmədi, əksinə, onların qida, dərman və geyim ehtiyacları təmin edildi. Bu fonda erməni sakinlərin Qarabağı könüllü şəkildə tərk etməsi bütün dünyanın gözü qarşısında baş verdi. Belə olan halda öz suveren ərazisində antiterror tədbirləri aparan Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham etmək heç bir sağlam məntiqə sığmır. Bu ittihamı irəli sürən avropalı siyasətçilər belə bunu yaxşı anlayırlar.

Digər arqument isə Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması ilə bağlıdır. Artıq bir neçə aydır ki, yayılan bu dezinformasiyanı Fransa prezidenti Emmanuel Makron və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell aktiv şəkildə tirajlayırlar. Ermənistanın sürətlə silahlanması fonunda səslənən bu fikirlər də öz arxasında heç bir ciddi arqument daşımır və planlı şəkildə yayılır.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamlara toxunmuşdu: “Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya müxtəlif silahlar göndərirlər. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük”. Prezident əslində bütün Avropanın siyasi qurumlarına ünvanlanan sual vermiş və onları təkzibedilməz faktlar qarşısında qoymuşdur.

Dövlət başçısı Azərbaycanın guya Ermənistana hücum etməsi barədə iddialara da yekun cavabını verib: “Belə ki, Cozef Borrell bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.

Göründüyü kimi, əslində Prezident İlham Əliyev əvvəlcədən Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab verərək onun  arqumentlərini darmadağın edib. Bütün bunlardan sonra bədnam qətnamənin qəbul edilməsi bu addımın irəlicədən verilmiş qərar olduğunu üzə çıxarır. Əslində həmin kağız parçası yalnız bir ovuc ermənipərəstin mövqeyidir.

Nəzərə almaq lazımdır ki, Avropa Parlamentində Azərbaycana qarşı heç də yekdil mənfi rəy mövcud deyil. Anti-Azərbaycan isterikasının arxasında yalnız bir qrup parlamentari dayanır. Əsasən Fransanı təmsil edən həmin deputatlar erməni diasporu ilə əlaqəli, yaxud Avropada mövcud olan islamofob, irqçi, "səlibçi" və türkofob dairələrin nümayəndələridir. Neokolonial təfəkkürdə olan bu “səlibçilər” özlərini hələ də XIX əsrin imperialistləri qiyafəsində zənn edir, qarşı tərəfdəkiləri isə öz xidmətçiləri və müstəmləkələri hesab sayırlar. Onların bir qismi Avropa Parlamentindəki seçkilər öncəsi erməni lobbisindən maliyyə və seçici dəstəyi almağa çalışır. Xüsusən, adı çirkli pulların yuyulmasında və maliyyə fırıldaqlarında hallanan, Brüsseldə yaşayan erməni, Yunanıstan vətəndaşı Kaspar Karapetyan bu işdə korrupsioner avropalı deputatlara pulla dəstək verir. Almaz biznesi ilə məşğul olan Karapetyan ələ aldığı bir qrup deputatdan istifadə edərək hətta Avropa İttifaqının ümumi gündəliyinə müdaxilə etməyə çalışır. Beləliklə, Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli ilə bağlı rüşvət qalmaqalından dərs çıxarmayan bu qurumun bəzi üzvləri bu dəfə Kaspar Karapetyanın pul tələsinə düşüblər. Kaspar da tamahı qılıncdan iti olan  həris-diplomatların başına ip salıb arxasınca gəzdirir, onlara öz şərtlərini qəbul etdirir. Bu, hayların ata-babalarından qalma tipik xarakteridir və Kaspar da o yolu davam etdirənlərdən biridir.

Azərbaycanın Avropa İttifaqı, həmçinin Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Bu qurumlar Azərbaycanı iradəsinə zidd olan heç nəyə məcbur edə, yaxud sanksiyalarla təhdid edə bilməz. Azərbaycan kimi müstəqil və zəngin bir ölkəyə bu cür quraşdırma faktlarla təsir etmək sadəcə axmaqlıqdır, sonda bumeranq effekti verəcəkdir. İrəli sürdükləri  saxta arqumentlərlə ölkəmizi irəlilədiyi yol xəritəsindən əsla sapındıra bilməzlər. Azərbaycan müstəqim və möhkəm addımlarla gələcəyə doğru gedir. Necə deyərlər, "İt hürür, karvan keçir."

Vəli İlyasov, "İki sahil"