07 mart 2024 01:14
382

Nə Cənub, nə Şimal...

Orta Dəhliz həm də ən təhlükəsiz beynəlxalq rəqəmsal kommunikasiyalar marşrutuna çevrilə bilər 

Martın 5-də Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələrində “Meta” şirkətinə məxsus “Facebook”, “Instagram” kimi beynəlxalq platformalara girişdə yaranan qlobal xarakterli problem Asiya ilə Avropanı birləşdirən Cənub Dəhlizinin də təhlükəsiz olmadığını göstərdi. Sözügedən sosial şəbəkələrin müasir həyatımızdakı yerini və əhəmiyyətini də nəzərə alsaq təxminən bir saata yaxın davam edən problemin niyə şok effekti yaratdığını anlamaq çətin olmaz –bu platformalardan təkcə sosiallaşma, yaxud əylənmək məqsədilə deyil, həm də rəsmi fəaliyyətlərinin təqdimatı, biznes imkanlarının genişləndirilməsi məqsədilə istifadə edilir. Təbii ki, bu siyahını uzatmaq da olar.

Bəs martın 5-də nə baş vermişdi və “Meta” şirkətini üzr istəməyə məcbur edən texniki nasazlığın yaranma səbəbi nə idi? Şirkətin Honq-Konq provayderi “HGC Global Communications Limited” bəyan etdi ki, “Facebook” və “Instagram”dakı nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır. Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyiblər. Bu isə qlobal trafikin dörddə birini təşkil edir. Hadisənin əslində nə qədər ciddi təhlükə daşıdığını, təkrarlanma ehtimalının olduğunu və daha ağır fəsadlarla nəticələnə biləcəyini söyləməyə ehtiyac yoxdur. Bu mənada ən mühüm məqam beynəlxalq kommunikasiyaların, o cümlədən rəqəmsal ötürücülərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı problemlərin mövcudluğudur. Beləliklə, baş verən hadisə sübut etdi ki, Rusiya və Belarusdan keçən Şimal Dəhlizi kimi, Süveyş kanalından keçən Cənub Dəhlizi də təhlükələrdən sığortalanmayıb, insan faktorunun da rol oynadığı risklər artıq ehtimal deyil, realdır.

Şimal marşrutunu təhlükəli edəh əsas faktorlara gəlincə, Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində Rusiyanın effektivliyini məhdudlaşdırıb. Bəzi ekspertlərin proqnozlarının əksinə olaraq sözügedən müharibənin uzanması, artıq üçüncü ildir davam edən silahlı toqquşmaların dayandırılması ehtimalının artmaq əvəzinə azalması Şimal Dəhlizinin əhəmiyyətini ciddi şəkildə azaldıb. Bəs sözügedən beynəlxalq kommunikasiya marşrutlarını təhlükələrdən qorumaq üçün indiki halda nəsə etmək mümkündürmü? Təəssüf ki, həmin dəhlizlər boyu təhlükələr nəinki azalır, əksinə artır. Belədə xilas yolu kimi tək bir variant qalır – Orta Dəhlizin inkişafı.

Qeyd edək ki, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Mərkəzi Asiya ölkələrindən, Xəzər dənizi üzərindən, nəhayət Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Regionda yaranmış münbit geosiyasi şəraitdə, həmçinin müasir çağırışlar və təhlükələr fonunda Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan bu dəhlizə maraq getdikcə artır. Şimal, son hadisələrdən sonra isə həm də Cənub Dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 7 min kilometr məsafə qət etməklə daşımalar mümkündür. Bu kontekstdə Orta Dəhliz avtomobil və dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Avropa İttifaqı və daha geniş regionda şirkətlərin və hökumətlərin diqqətini çəkməyi bacarıb. Məlumat üçün onu da bildirək ki, Çinlə Avropa ölkələri arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir.

Orta Dəhlizin ən aparıcı dövlətlərindən birinə çevrilmiş Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensial imkanlarını yüksək dəyərləndirərək infrastrukturun inkişafına mühüm töhfələr verməkdədir. Bu, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz ifadəsini tapıb. Artıq Dövlət Gömrük Komitəsi tərəfindən sözügedən dəhliz boyunca tranzit daşınmaların rəqəmsallaşdırılması və ümumi tranzit portalının yaradılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Bütün görülən işlər, üstəlik alternativ marşrutlarda mövcud problemlər Orta Dəhlizin potensialından daha səmərəli istifadəyə, daşınma həcminin artmasına, tranzit daşınmalarından daha çox gəlirin əldə olunmasına zəmin yaradıb.

Məlum olduğu kimi, ölkəmizdə beynəlxalq dəhlizlərin iş səmərəliliyini artırmaq məqsədilə indiyədək çoxlu sayda genişmiqyaslı layihələr reallaşdırılıb. Məsələn, infrastruktur təminatını yüksəltmək üçün son 20 ildə 19 min kilometr avtomobil, 1400 kilometr dəmir yolu tikilib və yaxud əsaslı təmir edilib. Bundan başqa, 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanması yaradılıb, 8 beynəlxalq hava limanı istifadəyə verilib. Azərbaycanın regionda ən böyük gəmiqayırma zavoduna malik olması və Bakı gəmiqayırma zavodunun bütün növ gəmiləri istehsal edə bilməsi də respublikamızın transit imkanlarını genişləndirib. Ələtdə yaradılan terminalda isə böyük həcmdə yüklərin daşınması, qəbulu və yola salınması üçün davamlı işlər aparılıb və gələcəkdə bu infrastrukturun daha da güclənməsi məqsədilə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur.

Yəmən husilərinin Cənub Dəhlizi boyu keçən beynəlxalq internet şəbəkəsini zədələməsindən sonra qlobal trafikin Orta Dəhliz marşrutunun yaradılması da aktuallaşa bilər. Çünki bu dəhlizin ən aparıcı ölkələrindən olan Azərbaycan xüsusilə son illər müasir texnologiyaların və rəqəmsal kommunikasiyaların inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edib. Prezident İlham Əliyev 2022-ci il noyabrın 25-də Bakıda ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bildirmişdi ki, indi rəqəmsal kommunikasiyalar inkişaf və təhlükəsizliyin ən mühüm elementlərindən biridir.

İnkişaf və təhlükəsizliyə nail olunması üçün isə ilk növbədə rəqəmsal kommunikasiyaların öz marşrutu təhlükəsiz olmalıdır.

Bunun üçün hazırda ən əlverişli marşrut Orta Dəhliz – Rəqəmsal İpək yolu ola bilər.

Mahir Rəsuloğlu, “İki sahil”