07 mart 2024 01:57
326

Üçüncü tərəflərin bölgəyə cəlb edilməsi sülh prosesinə təhdiddir

Rəsmi İrəvan, nəhayət, anlamalıdır ki, Ermənistanın havadarlarının bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdükləri məkrli siyasət heç bir nəticə verməyəcək

Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib, bu gün də sülh prosesinə sadiqdir. Ancaq Ermənistanın siyasi rəhbərliyinin qeyri-konstruktiv və səmimi olmayan mövqeyi ucbatından sülh prosesi ləngiyir. Çünki İrəvan hökuməti sülh danışıqları ilə bağlı hələ də qeyri-müəyyən mövqe sərgiləməyə davam edir. Rəsmi İrəvan xaricdəki havadarlarının şirnikləndirmələrinə, fitnələrinə uymaqdan əl çəkməli, sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün yaranmış tarixi fürsəti əldən buraxmamalıdır.

Son zamanlar baş verənlər göstərir ki, Ermənistan üçün sülh prosesindən çox silahlanma əsas prioritetdir. Bu ölkə bir tərəfdən Azərbaycanla hərtərəfli sülhün vacibliyindən danışır, digər yandan gələcək sülhə təhlükə yaradan addımlar atır. Eyni zamanda, Ermənistan, Fransa, Hindistan, Yunanıstan və Kiprdən ibarət hərbi-texniki və siyasi-hərbi birliyin formalaşması üçün addımlar atır. Hindistan, Fransa və Yunanıstanla bağlanmış hərbi-texniki anlaşmalar, hər addımda Fransa ilə məsləhətləşmələr, bu ölkələrdən zenit-raket kompleksləri, uzaqvuran artilleriya sistemləri, radioelektron mübarizə sistemləri almaqla öz silahlı qüvvələrini yenidən dirçəltmək istəyən Ermənistanın baş naziri Nikol Paşinyanın sülh haqqında ağızdolusu dedikləri ilə əməlləri üst-üstə düşmür. Təbii ki, rəsmi İrəvanın bu cür təxribatçı addımları yalnız onların özlərinin ziyanınadır. ABŞ Müharibə Araşdırmaları İnstitutunun bu yaxınlarda dərc edilmiş hesabatında da göstərilir ki, N.Paşinyan bu əməlləri ilə ölkəsinin təhlükəsizliyini təhdid altına salır.

Bundan başqa, Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi sülh prosesinə təhdiddir. Bakı dəfələrlə bəyan edib ki, bəzi Qərb dövlətləri Ermənistandakı revanşist qüvvələri dəstəkləyir, bununla da sülh prosesinə mane olurlar. Bu mənada amerikalı politoloq Endru Korıbkonun söylədikləri diqqəti daha çox çəkir. Siyasətşünas bildirir ki, Qərbdəki bəzi dairələr Cənubi Qafqazı parçalamaq və idarə etmək üçün bir vasitə kimi erməni revanşizmini dəstəkləməyə çalışırlar.

Bu, bir gerçəklikdir ki, Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara hazır olduğunu bildirsə də, Qərbdəki bəzi dairələr, xüsusilə də Fransa kimi ölkələr regiondakı geosiyasi maraqları üzündən bu iki dövlət arasında sülh müqaviləsinin imzalanmasını, münasibətlərin normallaşmasını heç vəchlə qəbul etmirlər. Bütün bunların fonunda üçüncü tərəflərin Ermənistanın revanşist davranışını cəsarətləndirmək istiqamətində atdıqları addımlar ciddi narahatlıq doğurur. Çünki bu, Ermənistanı artan hərbi təxribatlara və aqressiv ritorikaya əl atmağa sövq edir. Ekspertlər bildirirlər ki, rəsmi İrəvanın himayədarları Cənubi Qafqazda vəziyyətin gərgin olaraq qalmasında maraqlıdırlar. Buna görə də bütün vasitələrdən istifadə edərək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşamasına mane olurlar. Ancaq bütün hallarda sülh prosesinin uzanmasında və pozulmasında əsas məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür. Rəsmi İrəvan anlamalıdır ki, Ermənistanın Qərbdəki bəzi himayədarlarının indi göstərdiyi dəstək həlledici məqamda effektiv olmaya bilər.

Bundan başqa, Ermənistan Azərbaycanla sülh sazişini imzalamaq üçün əsas əngəllərdən biri olan konstitusiyasını da dəyişməlidir. Bu ölkənin Müstəqillik Bəyannaməsində və konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəalar aradan qalxmalıdır. Belə ki, 1991-ci ildə Ermənistanda Müstəqillik Bəyannaməsi qəbul olunarkən, bu sənədə ovaxtkı Azərbaycanın SSR-in bir parçası olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı müddəa daxil edilib. Bu, 11-ci müddəada göstərilib. Həmin müddəa ləğv olunmalıdır. Bu istiqamətdə müsbətə doğru dəyişikliklər aparılmadan nə Azərbaycanla sülhün təmin olunması, nə də Türkiyə ilə münasibətlərin normallaşması mümkün olacaq.

Ermənistan sülh müqaviləsinin bağlanması üçün Azərbaycana qarşı yanlış mövqe sərgiləməkdən, sürətlə silahlanmadan əl çəkməli, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməli, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərindən əl çəkməlidir. Bütün bunlar həm regional sülhün və təhlükəsizliyin təminatı, həm də Ermənistanın öz maraqları baxımından yeganə düzgün seçim ola bilər. Rəsmi İrəvan nəhayət, anlamalıdır ki, Ermənistanın havadarlarının bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdükləri məkrli siyasət heç bir nəticə verməyəcək.

Zahid Rza, “İki sahil”