06 mart 2024 18:12
615

Yaşıl enerjiyə keçid aktiv fazadadır

Müasir dünyada baş verən texnoloji inkişaf qloballaşma proseslərini daha da sürətləndirməkdədir. Qloballaşan dünyada dövlətlərin enerji təhlükəsizliyi ilə bağlı məsələlər ön plana çıxır. Çünki enerji təhlükəsizliyini təmin etmədən milli iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Bu gün inkişaf etmiş iqtisadiyyata malik olan Avropa dövlətləri öz enerji təhlükəsizliklərini daha etibarlı şəkildə təmin etməkdə maraqlıdırlar. Şübhəsiz ki, həmin dövlətlər bu problemin həlli istiqamətində ilk növbədə Azərbaycan Respublikası ilə əməkdaşlığa xüsusi önəm verirlər. Mövcud reallıq bundan ibarətdir ki, Avropada Azərbaycan qazına böyük tələbat var. Qarşıdakı illərdə bu tələbatın daha da artacağı ehtimal olunur. Azərbaycan isə öz növbəsində əməkdaşlığa can atan ölkələr üçün sərfəli və etibarlı tərəfdaşdır. Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından ölkəmizin kifayət qədər resursları var. Azərbaycan Respublikasında bu istiqamət üzrə lazımi infrasturuktur da yaradılmışdır.

Qeyd etmək yerinə düşər ki, ölkəmiz yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Həm Ermənistan işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, həm də ölkəmizin digər bölgələrində Yaşıl Enerji istehsalı ilə bağlı layihələr reallaşdırılmaqdadır. Ekoloji problemlərin müasir dünyada qlobal xarakter alması Yaşıl Enerjiyə olan tələbatı daha da aktuallaşdırır. Bu baxımdan Azərbaycan Respublikasının bu istiqamətdə atdığı addımlar dünya birliyi tərəfindən də müsbət qarşılanır.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 2024-cü ilin 1 mart  tarixində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında bir sıra vacib məqamlarla bağlı öz fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Möhtərəm Cənab İlham Əliyev bildirdi ki, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Əvvəlki illərdə Azərbaycana qarşı çox hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.

Avropa İttifaqına üzv ölkələrin 1/3-i ilə strateji tərəfdaş olan Azərbaycan Respublikası bu gün də verdiyi təklif və layihələrlə qloballaşan dünyanın inkişafına öz əvəzsiz töhfələrini verir. Azərbaycan dövləti əmindir ki, həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı kifayət qədər fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə ölkəmizə əlavə dividentlər qazandıracaq.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi