06 mart 2024 16:03
306

Azərbaycan ilə Albaniya beynəlxalq təşkilatlarda bir-birilərinə verdikləri dəstək ölkələrdir

1993-cü ilin sentyabrın 23-də Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər qurulub.

Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.2022-ci ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Prezidentin cənab ilham Əliyevin Albaniya respublikasına reallaşdırdığı dövlət səfəri hər iki dövlətin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi istiqamətində daha müfəssəl addımların atılmasını təmin etmək məqsədi daşıyırdı. Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə vurğulanıb. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd imzalanıb. Həmçinin 2013-cü il aprelində Bakıda iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Enerji sahəsində əməkdaşlıq da əlaqələrimizin əsas istiqamətidir.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniya TAP-ın iştirakçısıdır və bu ölkənin coğrafiyası CQD-nin şaxələndirilməsinə imkan verir . TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon dollar, ixracın həcmi 4,29 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 3,63 milyon dollar olub.

Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Azərbaycan ilə Albaniyanın beynəlxalq təşkilatlarda bir-birilərinə verdikləri dəstək ölkələrimizin mövqelərinin güclənməsinə önəmli töhfələr verir: Azərbaycan və Albaniya beynəlxalq təşkilatlarda fəal çalışır, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birilərinə dəstək verirlər. Xüsusilə təqdirəlayiq bir haldır ki, Albaniya Azərbaycanın olmadığı təşkilatlarda da ölkəmizi dəstəkləyir. Qeyd edək ki, o vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə anti-Azərbaycan mahiyyəti daşıyan bir bənd əlavə etdirməyə cəhd göstərmişdi. Həmin sammitdə məhz Albaniya həmin bəndi bloklayan ölkə oldu. Əlbəttə ki, bu addım ölkələrimiz arasında səmimi dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu.

Azərbaycan ilə Albaniya arasında iqtisadi əməkdaşlığın geniş perspektivləri var. Məlumdur ki, bu günə qədər Azərbaycan-Albaniya əməkdaşlıq əlaqələri əsasən enerji sektoruna aid olub. Əlbəttə ki, bu əməkdaşlıq həm ölkələrimiz üçün, həm də çox sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün böyük əhəmiyyət kəsb edir. Albaniyanın ərazisindən keçən boru kəməri əslində Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından müstəsna önəm daşıyır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir.

Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun keçirilmiş iclası digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Bu səbəbdən, bu işçi qrupun əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair əldə olunmuş razılıq da konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümü kimi qiymətləndirilə bilər.

Ülkər Məmmədzadə,
6 saylı Bakı “ASAN” xidmət mərkəzinin baş mütəxəssisi,
YAP Xətai rayon təşkilatının fəalı