06 mart 2024 16:14
418

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir

Hər şey bünövrənin necə qoyulmasından asılıdır. Təməl möhkəm olarsa, ucaldılan bina da uzunömürlü olacaq, zamanın gərdişləri ona təsir göstərə bilməyəcək. Bu mənada əminliklə demək mümkündür ki, ümummilli lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə və müdrikcəsinə yaradılan fundamental ideya əsasları müstəqil Azərbaycanın əbədiyaşarlığını təmin edəcək. 30 il müstəqil dövlət quruculuğu üçün elə də böyük zaman kəsiyi deyil. Ancaq ötən 30 ildə müstəqil Azərbaycan qərinələrə bərabər inkişaf yolu keçib. Bunun təməlində isə ulu öndər Heydər Əliyevin parlaq ideyaları və inkişaf fəlsəfəsi dayanır.

Ulu Öndərin diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri də möhkəm iqtisadiyyat quruculuğu ilə bağlı idi. Həmin illərdə Ulu Öndər Heydər Əliyev bir tərəfdən respublikanın aqrar sektorunda pambıqçılıq, üzümçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafına nail oldu, digər tərəfdən isə respublikanı sənaye inkişafına yönəltdi.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Ölkənin qarşısında dayanan çoxsaylı prioritetlər sırasında əsas məsələlərdən biri də milli iqtisadiyyatın dirçəldilməsi idi. Ulu Öndər xüsusi olaraq vurğulayırdı: “ İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Belə vəziyyətdə Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən 100-dən çox fərman və sərəncam imzaladı. Nəticədə, 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı. Ulu Öndərin səyləri sayəsində 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” milli iqtisadiyyatımızın qarşısında keyfiyyətcə yeni bir inkişaf mərhələsi açdı.

Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasi xəttin vacib elementlərindən biri olan iqtisadiyyatın inkişafı və güclənməsini həmişə əsas diqqət mərkəzində saxlamışdır. Ölkənin yeraltı və yerüstü sərvətlərini  düzgün istifadə etmək, xarici ölkələrlə əməkdaşlıq qurmaq, Azərbaycan neftini və qazını dünya bazarına çıxarmaq xarici siyasətin əsas elementidir. Cənab İlham Əliyev xalqın iradəsi ilə hakimiyyətə gələndən sonra iqtisadiyyatı gücləndirmək, dünya bazarında daha ugurlu tərəfdaşlar tapmaq üçün Ulu Öndər Heydər Əliyevin xarici siyasətini davam etdirməyə davam etdirdi.

2011-ci ildə Avropa Komissiyası və Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalanıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. 30 noyabr  2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb.

Azərbaycan Respublikasının Prezidentinin 29.10.2013-cü il tarixində “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” 15 nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 25.02.2014-cü il tarixində “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 287 nömrəli Sərəncam imzalanıb. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilib.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı 2022-ci il fevralın 4-də, doqquzuncu toplantı isə 2023-cü il fevralın 3-də keçirilib.

Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib.

Cənab İlham Əliyev həmişə olduğu kimi yenə jurnalistin verdiyi suallara bir iqtisadçı, bir dahi siyasətçi dəqiqliyi ilə  cavab verirdi: “Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”.

Təkcə bu cümlələrə diqqət etməklə cənab İlham Əliyevin nə qədər düzgün qərar verdiyinin şahidi oluruq. Ona görə də xalq bütün məsələlərdə öz rəhbərinə inanır. Bir zamanlar cənab Prezident çıxışlarında Qarabağı düşməndən azad edəcəyimizi də deyəndə çoxları buna inanmaq istəmirdilər. Lakin zaman göstərdi ki, uzaqgörən siyasətin nəticəsi həm hərbi, həm iqtisadi sahədə özünü göstərməkdədir.

İnanırıq ki, cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxacaq.

Günel Səmədova,
YAP Xətai rayon təşkilatının "P. Həşimov 34" ünvanı üzrə ərzi partiya təşkilatının sədri