05 mart 2024 17:14
320

Gənclərimiz bu vərdişlərə zamanında yiyələnməsələr... - İLQAR ORUCOVDAN AÇIQLAMA/EKSKLÜZİV

Təkcə Azərbaycanda deyil, bütövlükdə qlobal miqyasda iş tapmaq və işə qəbul hər zaman çətin olub, bu gün də çətindir. Zənnimcə, əmək bazarında məzunların  iş tapması, işə qəbul olunması gələcəkdə də problemi olaraq qalacaq. Dövlətlər, iqtisadiyyatlar insanların məşğulluğunu təmin etməkdə hər zaman maraqlı olublar. Ümumiyyətlə, hər bir  dövlət üçün  həm də strateji əhəmiyyət kəsb edən vətəndaşlarının rifahalının yaxşılaşmasıdır, onların məşğulluq imkanlarının təmin olunmasıdır. Bu mənada Azərbaycan üçün də bu, prioritetdir. Digər tərəfdən, bu, universitetlərin qarşısında duran çox vacib məsələdir. Vacib sual isə budur: mənim təhsil verdiyim məzun gələcəkdə əmək bazarında özünü necə reallaşdıracaq? Universitetlərin bütövlükdə özünün də gələcəyi bu sualdan asılıdır. 

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib. 

Əmək bazarının tələbləri xeyli çətinləşib

İlqar Orucovun sözlərinə görə, artıq əmək bazarının tələbləri xeyli çətinləşib: “Bir çox hallarda nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar, vərdişlər, insanların kommunikasiya  bacarıqları, dil bilikləri, vizual görünüş, liderlik qabiliyyəti, təşəbbüskarlığı, yeni ideyalara açıq olması və daim öyrənmək və öz üzərində çalışmaq bacarığı işəgötürülmə prosesinə öz təsirini göstərir. Əslində, planlı şəkildə öz gələcəyini düşünən gənclər sözügedən tələbləri başa düşərək bu mənada xeyli səfərbərdirlər”.

Özəl sektor üzrə işəgötürənlər iş təcrübəsi tələbi qoyur

Həmsöhbətimiz diqqətə çatdırıb ki, daha çox özəl sektor üzrə işəgötürənlər iş təcrübəsi tələbi qoyurlar. Təbii ki, bir gəncin praktiki olaraq özünü təsdiq etməsi ilə bağlı problemlər yaşanır. Gənclər bu istiqamət üzrə hətta yuxarı  sinif yaşlarından,  tələbəlik vaxtlarından çalışmağa başlamalıdırlar. Müxtəlif könüllülük proqramlarına, layihələlərə qoşula bilərlər, ictimai-sosial həyatının rəngarəng olması onların ümumi inkişafına təsirsiz ötüşmür. İşəgötürənlərin iş təcrübəsi ilə bağlı tələbi sərt yox, sırf öz ixtisası üzrə işləmiş yox, eyni zamanda, onun əlavə hansı sosial bacarıqlarını aydınlaşdırmaq üçün nəzərdə tutulmalıdır. Bu baxımdan, yanaşmaq düzgündür. Əslində, dövlət qurumlarında belə bir tələb yoxdur. Dövlət qulluğunda vahid standartlar var və həmin standartlar çərçivəsində fərqi yoxdur ki, gəncdir, universiteti bu il bitirib, yoxsa 5 il bundan öncə. Təbii ki, orada tələblər fərqlidir və hamıya bərabər tələblərdir. Dövlət qulluğunda belə bir tələb yoxdur. Amma, özəl müəssisələrdə bu tələblər olur və bu da bəzən gənclərimizdə “mənim iş təcrübəm haradan ola bilərdi” kimi haqlı narazılığı da səbəb olur.

Universiteti bitirməklə kifayətlənmək olmaz

Həmsöhbətimiz çağırış edib ki, gənclərimiz təkcə universitet bitirməklə qane olmamalıdırlar. Universitetdə əldə olunan nəzəri biliklərə arxayın olub, bəlli biliklərlə kifayətlənməsinlər, davamlı olaraq öz üzərində çalışsınlar, məqsədyönlü olsunlar, inkişafları üçün zəruri olan bilik və bacarıqları özlərində formalaşdıra bilsinlər. Əgər, gənclərimiz bu vərdişlərə zamanında yiyələnməsələr sonralar çətin olacaq.  

Yaqut Ağaşahqızı, “İki sahil”