05 mart 2024 17:18
231

Keçən il korrupsiya ilə bağlı 224 cinayət işi məhkəməyə göndərilib

2023-cü il ərazində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarə tərəfindən 405 şəxs barəsində 280 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd edilib ki, həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib.

Məhkəmələrə göndərilmiş 336 şəxs barəsinbdə 224 cinayət işindən 66 şəxs barəsində 45 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 51 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 67 şəxs barəsində 34 iş rüşvət alma (passiv rüşvətxorluq), 48 şəxs barəsində 26 iş rüşvət vermə ( aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 7 şəxs barəsində 5 iş cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qalanları isə digər faktlarla əlaqədar olub.