05 mart 2024 16:52
565

“Bakı Metropoliteni” vaqon parkını yeniləyir: 65 yeni nəsil vaqon gətiriləcək/EKSKLÜZİV

“Artıq müvafiq razılaşma var. Yaxın 3 il ərzində “Bakı Metropoliteni”nə 65 yeni nəsil vaqonları gətiriləcək. Bu vaqonlar texnoloji innovasiyalar baxımından 4-cü, yəni sonuncu nəsilə mənsub olacaq.”

Bu fikri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni qatarların ölkəmizə gətirilməsi ilə bağlı “İki sahil”in ünvanladığı suala cavabında bildirib.

B.Məmmədov qeyd edib ki, vaqonların istehsalı zamanı “Bakı Metropoliteni”nin texniki şərtləri mütləq qaydada nəzərə alınacaq: “Ümumi götürdükdə, bundan sonrakı bir il ərzində “Bakı Metropoliteni”nə 35, ondan sonrakı il ərzində 20 və nəhayət müqavilənin sonuncu ilində 10 yeni vaqon gətiriləcək. Bu vaqonların gətirilməsinin əsas məqsədi hazırda istismarda olan, lakin istismar müddətini başa vuracaq vaqonların yeni nəsil analoqları ilə əvəzlənməsidir. 

Hazırda “Bakı Metropoliteni”ndə texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub 115 vaqon və yaxud 23 qatar var. Qeyd etdiyim yeni gətiriləcək vaqonlarla “Bakı Metropoliteni”nin vaqon parkı, ümumiyyətlə lokomotiv təsərrüfatında əsaslı şəkildə yenilənmə davam etdiriləcək. 

Cavid Əkbər, “İki sahil”