05 mart 2024 14:34
482

Məzunlar niyə iş tapa bilmir? - DEPUTATDAN AÇIQLAMA/ÖZƏL

Son dövrlərin aktual müzakirə mövzularından biri də universiteti yeni bitirən gənclərin iş tapmaqda yaşadıqları çətinliklərdir. Bir çox məzunlar uyğun işə qəbul ola bilmədiklərini, buna səbəb isə onlardan dil bilikləri və təcrübə tələb edilməsini göstərirlər. 

Bəs bu vəziyyətin yaranmasının səbəbi nədir? Sözügedən problemin həlli üçün çıxış yolu nədir? Hansı sahə üzrə ali təhsil almalıyıq ki, sonradan iş tapmaq asan olsun?

Tələbələr düzgün ixtisas seçimi etmirlər

Milli Məclisin deputatı Ceyhun Məmmədov sözügedən mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırarkən bildirdi ki, məzunlarının iş tapa bilməməsinin bir sıra səbəbləri var: “Universitetlər əmək bazarının vəziyyətini, şərtini nəzərə almadan tələbə qəbulunu həyata keçirirlər. Yəni, bir ixtisas üzrə hər il yüzlərlə tələbə məzun olur. Digər mühüm səbəb isə tələbələrin düzgün ixtisas seçimi etməməsidir. Bu gün Azərbaycanda İnformasiya Texnologiyaları (İT) ixtisası üzrə mütəxəssislərə çox böyük ehtiyac var. Amma, təəssüflər olsun ki, kifayət qədər mütəxəssis yoxdur. Ona görə də universitetlər bu sahədə düzgün addım atmalıdırlar, eləcə tələbələr düzgün seçimlərini etməlidirlər. “

Universitetlərlə işəgötürənlər arasında əlaqə olmalıdır

Deputat hesab edir ki, universitetlərlə işəgötürənlər arasında əlaqə olmalıdır. Yəni, tələbə universitetdə təhsil aldığı müddətdə işəgötürən müəssisədə təcrübə keçməlidir. Məsələn, bank ixtisası üzrə təhsil alırsa bankda, iqtisadiyyat üzrə oxuyursa bu sahə üzrə təcrübə qazanmalıdır.Bu çox önəmli məsələdir. Yəni, söhbət universitetlərlə işəgötürənlər arasında əlaqənin, ünsiyyətin, münasibətin qurulması, davam etdirilməsi çox vacib və önəmli məsələdir. Söhbət ondan gedir ki, birinci kursdan artıq universitetlər işəgötürənlərlə birbaşa bu prosesə başlamalıdırlar və fəaliyyət göstərməlidirlər. O zaman biz istədiyimiz hədəf və məqsədə nail ola bilərik. 

Bunu etməsək, istədiyimiz nəticəni ala bilməyəcəyik

Həmsöhbətimiz diqqətə çatdırdı ki, tələbələ universiteti bitirdikdən sonra iş üçün müraciət etdikdə onlara deyilir ki, sizdə bizim istədiyimiz keyfiyyət yoxdur,  bizim tələblərə cavab vermirsiniz. Belə olduğu halda da təbii ki, avtomatik olaraq bu məsələ ortaya çıxır. Ona görə  ilk illərdən bu ünsiyyət və əlaqə qurulmalıdır ki, birgə fəaliyyətə başlasınlar, məzunların iş tapmasında çətinlik yaranmasın. Hazırki situasiyada bu olmadığına görə təbii ki, sözügedən problem özünü açıq-aşkar göstərir, əksər hallarda da narahatlıq yaradır. Ona görə də  universitetlərlə işəgötürənlər sıx əməkdaşlıq, birgə fəaliyyəti olduqca önəmli əhəmiyyət daşıyan bir məsələdir. Bunu etməsək, istədiyimiz nəticəni ala bilməyəcəyik. 

Yaqut Ağaşahqızı, “İki sahil”