Künc zərbəsi
Radikal müxalifətin Azərbaycanın düşmənləri ilə bir cəbhədə yer alması rəzilliyin son həddidir
Ermənilər və onların havadarları Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, Qarabağda separatizmə son qoyulması ilə heç cür barışa bilmir, hər vəchlə əleyhimizə məkrli oyunlar qurmağa çalışırlar. Onsuz da onillər boyu işğalçı Ermənistanı qoruyan, ona bircə dəfə də olsun təsir, təzyiq göstərməyən, əksinə bəhanələrlə Azərbaycanda “günah” axtarnağa çalışan sözdə “demokrat”ların həqiqətlərə qərəzli, ikili standartlarla yanaşmalarından əziyyət çəkmişik. Guya ədaləti bərpa etmək missiyasını üzərlərinə götürmüş həmin dairələrin – erməni disaporunun at oynatdığı ABŞ-ın, “vasitəçilik” maskası cırıldıqdan dərhal sonra ermənilərlə “bacı” olduqları ortaya çıxan Fransanın, öz işinə yaramadıqda laqeydcəsinə “insan haqları”na tüpürən bəzi Qərb dövlətlərinin anti-Azərbaycan fəaliyyətləri daha sadəcə təəccüb deyil, təəssüf doğurur.
Təəssüf doğuran həm də bu Vətənin havasını udub, çörəyini yeyib, suyunu içib onun uca adını, milli maraqlarımızı düşmənlərimizə satanların rəzilliyidir. Xəyanəti peşəyə çevirmiş bu bir dəstə antimilli ünsür – AXCP sədri Əli Kərimli və onun əlaltıları, Müsavat başqanı Arif Hacılı, dırnaqarası “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və Koordinasuya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, REal Partiyasının sədri İlqar Məmmədov və katibi Natiq Cəfərli, adını jurnalist qoyub əqidəsini ermənilərə peşkəş etmiş sevinc osmanqızılar, qənimət zahidlər Azərbaycan əleyhinə nəsə etmək üçün fürsət axtarırlar. Elə bil pusquda dayanıb həvəslə gözləyirlər, yox, eləcə gözləmirlər, həm də çalışırlar, çabalayırlar ki, hansısa xarici dövlət, hansısa xarici təşkilat Azərbaycan əleyhinə bir addım atsın. Görün, bu rəzillik hansı səviyyəyə çatıb ki, gah ermənipərəst Fransanı və onun ölkəmizə qarşı açıq şəkildə düşmənçilik aparan Prezidenti Makronu, gah ikili oyunlar oynayan ABŞ-ı müdafiə edən Əli Kərimli az qala açıq mətnlə beynəlxalq təşkilatların Azərbaycana qarşı sanksiyalar tətbiq etməsini təşviq edir, arzulayır. Axı normal bir vətəndaş öz Vətəninə, ölkəsinə bunu niyə arzulasın? Axı Qərbin deqradasiyaya uğramış, köhnəlmiş, sadəcə təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı “prinsipləri”nin əleyhimizə yönəlməsi daha çox ermənilərin işinə yarayır. Elədirsə, nədir Əli Kərimlini ermənilərin maraqlarının müdafiəçisi qismində çıxış etməyə vadar edən? Bundan sonra o, hansı üzlə, hansı sifətlə “mən azərbaycanlıyam” deyə biləcək?
AXCP sədrinin tapşırığına əsasən müavinləri Ayaz Məhərrəmli və Seymur Həzi “Freedom House”un Azərbaycan əleyhinə növbəti qərəzli hesabatını məlumatsız insanlara vacib bir sənəd kimi sırımığa çalışırlar. Bir zərrə milli təəssübkeşliyi olan hər kəs siyasi baxışlarından asılı olmayaraq bu hesabatı da, onu hazırlayanları da ədalətsiz, qərəzli, hər şey cəhənnəmə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, erməniləri müdafiə edən bəndlərinə görə qınamalı idi. Mənzil-qərargahı ABŞ-da yerləşən “Freedom House”un vaxtilə erməni separatistlərinin işğalı altında olan Qarabağı “Ermənistanla Azərbaycan arasında mübahisəli ərazi” adlandırdığını hamımız yaxşı xatırlayırıq. Həmin, ondan əvvəlki və sonrakı hesabatlar da təxminən eyni məzmunlu olub. Sonuncu hesabatdan aşağıdakı sitatlar müəlliflərin iyrənc məqsədini açıq şəkildə göstərir: “Ötən ilin sentyabrında Dağlıq Qarabağın Azərbaycan rejimi tərəfindən blokadaya alınması yerli hakimiyyət orqanlarının ləğvinə və 120 mindən çox erməninin məcburi köçkünlüyünə gətirib çıxardı ki, bunu da bir çox xarici müşahidəçilər etnik təmizləmə adlandırırdı.” Və ya: “1990-cı illərdən bəri hökumət etnik ermənilərə qarşı ayrı-seçkiliyə yol verən siyasət yürüdür, Ermənistan vətəndaşları və onların övladlarının ölkəyə girişi qadağan edilir. Dağlıq Qarabağın ələ keçirilməsi Prezident İlham Əliyevin ölkədəki nüfuzunu artırıb və cəsarətlənən Azərbaycan rəhbərliyinin Ermənistana genişmiqyaslı hücuma başlaya biləcəyindən yana qorxuları artırıb. O Ermənistan ki, artıq sərhədləri pozulub.”
Guya Əli Kərimli bilmir ki, erməni lobbisinin təsiri altında fəaliyyət göstərdiyi çoxdan şəkk-şübhə doğurmayan, ancaq buna rəğmən, həyasızcasına özünü “beynəlxalq insan haqları təşkilatı” adlandıran “Freedom House” bura qədərki hesabatlarının da hamısı belə qərəzli, anti-Azərbaycan və anti-Türkiyə əhval-ruhiyyəlidir?
Ancaq nə Əli Kərimli, nə müavinləri, nə də radikal müxalifətin tək bircə nümayəndəsi buna nəinki etiraz etməyib, əksinə ermənilərin bu təxribatından Azərbaycanın adını ləkələmək məqsədilə istifadə etməyə çalışırlar. Bu, artıq satqınlıqdan betərdir. Bu, elə bir rəzillikdir ki, “it hürər, karvan keçər” də demək olmur...
Mahir Rəsuloğlu, “İki sahil”