Tarixən başqa dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə "milli-mədəni", siyasi və hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər etmişlər. 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrı Azərbaycan xalqının parçalanmasının, tarixı torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Qarabağa köçürülməsi prosesinə başlanılmışdır. Beləliklə, soyqırımı və terror Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmiş, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər, - orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, - öz havadarlarının himayəsı altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail olmuşlar.
Belə süni ərazi bölgüsü ilə azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuşdur. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil etmişdir. "böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlı kəndlərini əhatə etmişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşlar. 1918-ci ilin 18 martında əzəli Azərbaycan torpaqlarında "Ararat respublikası", sonra isə Ermənistan dövləti yaradılmışdır. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılmışdır. Həmin günlərdə ermənilər 30 mindən artıq dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
1920-ci ildən sonra Zaqafqaziyanın sovetləşməsindən çirkin məqsədlərı üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan olunmuşdur. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsı siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atmışlar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusı qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.
Erməni millətçiləri ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvı təcavüz kampaniyasına başlamışlar. Ermənistanda yaşayan azərbaycanlı əhalinin hüquqları ermənilər tərəfindən kobudcasına pozulmuş, ana dilində təhsil almalarına əngəllər törədilmiş, onlara qarşı repressiyalar həyata keçirilmişdir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş vermişdir. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaratmaq məqsədinə yönəlmişdir. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri antiazərbaycan təbliğatı ötən əsrin 80-ci illərinin sonunda daha da güclənmişdir.
Hələ respublikaya rəhbərliyinin birinci dövründə ermənilərin məkrli planlarının qarşısını qətiyyətlə alan Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna - informasiya savaşına başlamışdır. A.Aqanbekyan 1987-ci ilin noyabr ayının 18-də Fransanın "Humanite" qəzetinə verdiyi müsahibəsində cəfəng iddia ilə çıxış edərək demişdir ki, "mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq". Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynamışdır.
1988-ci ilin yanvar ayınadək Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmış, Heydər Əliyevin İttifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirmişdir. Sonrakı mərhələdə isə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə fevralın 13-də Xankəndidə ilk nümayiş keçirilmişdir. Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklif müzakirəyə çıxarılmış və antikonstitusion qərar qəbul edilmişdir. Belə bir qeyri-konstitusion qərarın verilməsi, eləcə də SSRİ rəhbərliyinin bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmağa çalışması ilə Azərbaycan zorən hərbi münaqişəyə cəlb edilmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Rövşən Novruzov,
Xətai rayonu, 265 saylı məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü