29 fevral 2024 17:15
318

Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq

Doğma Qarabağımızın əvəzolunmaz guşələrindən biri də Xocalıdır. İşğala qədər rayonda 56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər,səhiyyə müəssisələri və s.fəaliyyət göstərirdi. Əhali əsasən üzümçülük, heyvandarlıq ,arıçılıq və əkinçiliklə məşğul olmuşdur.Xocalı sakinləri firəvan,sakit,xoşbəxt həyat keçirmişdilər. Ta ki,”qonşu”larımızdan biri olan erməni vandalları tərəfindən işğal olunana qədər. 1992-ci il şaxtalı fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ-nin hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalıya hücum etmişlər.Şəhərin müdafiəçiləri və yerli əhali öz ata-baba yurdlarını- Xocalını tərk etməyə məcbur olmuşlar.Bir gecənin içərisində qədim şəhərimiz yerlə-yeksan edilmişdir.Şəhəri tərk edən əhali dağlara,meşələrə üz tutumuşdur. Amma ermənilər öz vəhşiliklərindən geri qalmayaraq əhalini güllələmiş,onlara divan tutmuşdular. Beləliklə o soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşüb, girov götürüldü.İnsanların çoxu gülləyə tuş gəlməkdən özlərini qoruyaraq meşələrə,dağlara qaçsalarda,onların çoxu soyuqdan, şaxtadan məhv oldu. Ermənilərin Azərbaycan xalqına etdiyi vəhşilikləri deməyə insanın ürəyi tab gətirmir.Günümüzdə başımıza gələn ən kiçik hadisəyə belə dözə bilmirik çoxumuz.İndi siz düşünün, bu hadisələri yaşayanların, şahidi olanların nələr çəkdiyini.

Bu yaşananlardan sonra Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən 26 fevral tariximizdə Xocalı Soyqırımı kimi yadda qalır. Artıq bu soyqırımdan 32 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur.32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı,daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır. Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmış və buna da nail olmuşdur. Bəli,artıq son 4 ildir ki,ildönümü fərqli şəkildə anılır. Çünki 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 44 gün ərzində azdlığına qovuşub.Prezident,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu.Düşməni zəbt etdiyi ərazilərdən qovdu.Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının,həmçinin digər şəhidlərimizin qisası alındı.Bu çətin yolda xalqımız da öz dəstəyini əsirgəmədi.Hər kəs-bütün Azərbaycan xalqı “Dəmir yumruq” altında birləşdi. Xalqımız inanırdı ki,bir gün onlar doğma Xocalıya və işğal olunmuş digər bölgələrimizə geri dönəcəklər. Elə də oldu, 2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsi şanlı ordumuzun parlaq zəfəri ilə başa çatdı.Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki yaralara məlhəm oldu. Azərbaycan Respublikası,Ermənistan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış Üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın, Xocalı, Kəlbəcər, Xocavənd, Ağdərə, Xankəndi rayonlarımız azad edildi.

Beləliklə bütün dünya Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdı.Prezidentimiz 26 fevral çıxışında bildirib ki,”Mən də xalqımız kimi inanırdım və bilirdim ki, biz bir gün buraya qayıdacağıq. Otuz iki ildən sonra qayıtdıq. O qanlı faciədən sonra Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində bir sahib kimi, bu Vətənin bir övladı kimi yaşayırıq, qururuq, bərpa edirik.”

Lamiyə Hacıyeva,
Bakı şəhəri, Xətai rayonu M.Hacıyev adına 116 saylı tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü