29 fevral 2024 15:11
300

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək

26 fevral 1992…Dəhşətli gün…Xalqımızın qanayan yarası–Xocalı faciəsinin baş verdiyi gün. O gün neçə körpənin xəyalları, həyatı yarım qaldı. Erməni vəhşiliklərinin gün üzünə çıxdığı tarixdir 26 fevral. Amansızca qətlə yetirilən dinc əhali, yaşlı, ana, körpə demədən vəhşicəsinə öldürülən insanlar, soyumuzu qurutmaq cəhdləri, heç biri yadımızdan çıxmadı, çıxmayacaq. Xocalı soyqırımı nəticəsində 487 yaralı, 1275 vətəndaşımız əsir düşdü, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.. “Şəhidlərimizin qanı yerdə qalmayacaq!” dedik.

30 ildən çox keçməsinə baxmayaraq Xocalı faciəsi qan yaddaşımızdan silinmədi. Kifayət qədər silah-sursatın, ordunun olmamasından faydalanaraq bizimlə qeyri-bərabər mübarizə apardılar. Daha sonra dünyaya yanlış məlumat verdilər, etdiklərini unutdurmağa çalışdılar. Bunları unutmaq olarmı?! Onları necə unuda, bağışlaya bilərik?! Unutmadıq!!!

Heydər Əliyev Fondu yarandığı 2004-cü ildən etibarən Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlət tərəfindən görülmüş tədbirlərə dəstək olaraq bir sıra layihələr həyata keçirib. 2008-ci ildən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir. Bu kampaniyanın sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul edib.

Heydər Əliyevin də dediyi kimi, “Tarix həmişə hər şeyi öz yerinə qoyur”.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Ordu quruculuğunda əhəmiyyətli addımlar atıldı. Şəhidlərimizin qanı yerdə qalmasın deyə ordu inkişaf etdirildi, xüsusi təlimlər keçirildi. Hava hücumu, dəniz hücumu üçün texnikalar əldə olundu. Ordu quruculuğu siyasəti Müzəffər Ali baş komandan uğurla davam etdirildi, nəticədə Azərbaycan ordusu dünyanın ən müasir ordularından birinə çevrildi.

27 sentyabr 2020-ci il, yenidən ayağa qalxdığımız Şanlı tarix. Düşmənlərimiz atəşkəsi yenidən pozmuşdu. Amma bu dəfə “Bəsdir!” dedik. Müharibə başladı. Müharibə deməyimə baxmayın, Müzəffər Ordumuz 44 gündəcə Dəmir yumruq ilə onları yerinə oturtmağa müvəffəq oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il 26 fevralda, azad Xocalıda Xocalı sakinləri ilə görüşdə belə demişdir:

–Biz Xocalı soyqırımını unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt mübarizə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və foto sənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?

Bir vaxtlar 20%-i işğal olunmuş Vətənin ərazi bütövlüyü 2023-cü ilin sentyabrında bərpa olundu, Azərbaycan öz ərazilərini geri aldı, düşmən tapdağından xilas etdi, mənfurlara bizlərə edilənləri unutmadığımızı, şəhidlərimizin qanının intiqamını aldığımızı, zirvənin elə məhz bizim üçün olduğunu göstərdik. Ümummilli liderimizin və xələfinin çəkdiyi bütün əziyyətlər öz bəhrəsini verdi. Ulu öndərimizin “Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz” fikrini İlham Əliyev sübut etdi. Biz özümüzü dünyaya tanıdaraq düşmənlərimizin dünyaya tanıtdığı kimi ölkə olmadığımızı sübut etdik, onların yalanlarını doğrularla əvəz etdik. Artıq dünya ölkələrinin çoxu kimin kim olduğunu və nəyə qadir olduğunu bilir.

Tarixi zəfərimizdən sonra xalqımız artıq bu dəhşətli faciənin ildönümünü fərqli şəkildə anır. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda həlak olmuş digər şəhidlərimizin qisası alındı. Müzəffər ali baş komandan İlham Əliyev Xocalı şəhərində, öz çıxışında belə demişdir:

– İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək.

Gülnarə Quliyeva,
Bakı şəhəri, Xətai rayonu M.Hacıyev adına 116 saylı tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü