29 fevral 2024 00:47
385

Heç nə cavabsız qalmayacaq!

Azərbaycan Qərbin və Ermənistanın bütün məkrli oyunlarını pozmağa qadirdir

Almaniya paytaxtında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın başçılıq etdikləri nümayəndə heyətləri arasında görüşün keçirildiyi bir vaxtda düşmən ölkədə müharibə isterikası yenidən güclənməkdədir. Bir tərəfdən sülh gündəminə sadiqlikdən dəm vuran rəsmi İrəvan digər tərəfdən vəziyyətin gərginləşdirilməsi üçün baza formalaşdırmaqla məşğuldur. Müstəqil siyasət yürütmək, sağlam qərarlar vermək imkanları getdikcə məhdudlaşdırılan Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsini Qərbin, xüsusilə ermənipərəst Fransanın Cənubi Qafqazda planlaşdırdıqları yeni oyunun oyuncağına daha çox çevirdikcə regionda dayanıqlı sülhə nail olunması da bir o qədər uzaq görünür. Halbuki Azərbaycanın cəhdləri iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaratmışdı. İndi isə bir müddət əvvəl Qərb mediasında olduğu kimi, Ermənistan mətbuatında da anti-Azərbaycan təbliğatı, Azərbaycanın guya yeni müharibəyə hazırlaşması ilə bağlı kütləvi şəkildə yalan məlumatlar yayılmaqdadır. Bu tip informasiyalar indi Ermənistanın rəsmi şəxslərinin, deputatlarının da açıqlamalarında açıq mətnlə yer alır. Bəs, əslində Ermənistanda nələr baş verir? Proseslərin bu istiqamətdə inkişafı sülh danışıqları və ümumilkdə region üçün hansı təhdidlər yaradır?

Ermənistanda Azərbaycan əleyhinə təbliğatın və yeni müharibə təhlükəsi barədə məqsədli şəkildə yayılan məlumatların tezis şəklində Qərbdə hazırlandığı şübhə doğurmur. Bunun reallıq olduğunu təsdiqləyən ciddi faktorlar da mövcuddur. Belə ki, son günlər Ermənistan və Fransa rəsmilərinin qarşılıqlı səfərləri, ikitərəfli əlaqələrin inkişafı təkcə diplomatik münasibətlərin inkişaf etdirilməsinə hesablanmayıb. Qərbin timsalında Fransa açıq şəkildə Ermənistanı silahlandırmaqla, işğalçı ölkənin döyüş və müdafiə qabiliyyətini artırmaqla məşğuldur. Bəllidir ki, məqsəd Ermənistanı hansısa mövcud olmayan təhlükədən qorumaq deyil. Çünki öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan üçün prioritet regionda dayanıqlı sülhün əldə edilməsidir. Əgər Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiaları olsaydı və bunu hərbi yolla həll etməyə çalışsaydı, o zaman Vətən müharibəsi zamanı döyüş əməliyyatlarını dayandırmaz, yaxud ermənilər tərəfindən şərti sərhəddə törədilmiş təxribatlara hətta paytaxt İrəvanı belə ələ keçirməklə cavab verə bilərdi. Çünki Azərbaycanın buna qadir müzəffər ordusu var, əksinə Ermənistan silahlı qüvvələri sözügedən müharibədən sonra döyüş qabiliyyətini demək olar ki, tamamilə itimişdi. Sadə məntiqlə, belə bir planı olsaydı Azərbaycanın düşmənin güclənməsinə imkan vermədən çox asanlıqla öz məqsədinə çatması çətin deyildi. Ancaq Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Üstəlik, Azərbaycana məxsus anklavlar hələ də erməni işğalı altındadır, sülh danışıqlarında həmin kəndlərin qaytarılması müzakirə olunan mövzular arasındadır.

Deməli, vəziyyəti gərginləşdirmək məqsədilə ortaya atılmış Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması ilə bağlı dezinformasiya Qərbin, xüsusilə Fransanın yeni məkrli planının bir hissəsidir. Yəni, Fransanın əsas məqsədi Rusiyaya qarşı yeni münaqişə ocağı yaratmağa nail olmaqdır. Öz yarıtmaz siyasəti ilə ölkəsinin siyasi nüfuzunu ciddi şəkildə zədələmiş Prezident Emmanuel Makron indi Ermənistan üzərindən qurduğu oyunlarla mövqeyini möhkəmləndirməyə çalışır. Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmağa hesablanmış bu planda Ermənistan artıq alətə çevrilib, Azərbaycan isə yürütdüyü müstəqil siyasətlə planı pozmaqda davam edir.

Yeri gəlmişkən, Makronun Rusiya-Ukrayna müharibəsindən öz maraqlarını təmin etməyə yönəlmiş bütün addımları bir-birinin ardınca fiaskoya uğrayıb. Bu isə ermənipərəst dövlət başçısının hakimiyyəti üçün ciddi təhdidlər yaratmaqdadır. Onun bir neçə gün əvvəl NATO qoşunlarını Ukraynaya göndərmək ideyası həm Qərb liderləri, həm də ABŞ tərəfindən birmənalı qarşılanmayıb, hətta dünya mediasında kəskin tənqid olunmaqdadır. “CNN”,  “Bloomberg”,  “New York Times”, “Berliner Zeitung”,  “USA Today”,  “La Repubblica”, “Politico” kimi aparıcı kütləvi informasiya vasitələri Fransanın dövlət başçısını məsuliyyətsiz bəyanat verməkdə ittiham edirlər. Makron əleyhinə çoxsaylı məqalələrdən ikisi xüsusilə diqqətçəkəndir. Belə ki, “Wall Street Journal” yazır ki, Makronun açıqlamaları Qərb müttəfiqlərinin nümayiş etdirdiyi təmkindən məhrumdur. O, liderlik boşluğunu doldurmağa çalışdı, lakin Rusiyaya güc göstərmək cəhdi onun əleyhinə çevrildi. Fransanın məşhur “Le Figaro” nəşri isə Fransa Prezidentinin sözlərinin bütün Avropada kəskin reaksiyalara səbəb olduğunu və Makronun təcrid olunduğunu yazıb.

Bütün qeyd edilənlər Fransa Prezidentinin Cənubi Qafqazda proseslərə fəal qoşulmaq cəhdlərinin səbəbləri haqqında daha aydın təəssürat yaradır. Makron Ermənistanı planlaşdırdığı müharibəyə hazırlamaq üçün hətta Paşinyanla hakimiyyətə gəldiyi vaxtdan soyuq münasibətlər saxladığı xaricdəki erməni diasporunun arasını da düzəltməyə çalışır. Belə ki, o, Paşinyanı Parisə son səfəri zamanı Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib, daşnaklarla və revanşist qüvvələrlə “barışdırmağa” çalışıb.

Qərbdə Fransanın fəaliyyəti nəticəsində Ermənistanda anti-Azərbaycan isterikasının güclənməsi fonunda ermənilər tərəfindən yenidən şərti sərhəddə atəşkəsin davamlı pozulmasının, təxribatlara əl atılmasının məqsədli şəkildə vəziyyəti gərginləşdirməyə və baş verənlərdə Azərbaycanı günahlandırmağa hesablandığı məlumdur. Ancaq həm Qərbin bəzi dairələri, həm də onların əlaltılarına çevrilmiş Ermənistanın rəhbərliyi bir şeyi unudur ki, Azərbaycan ölkəmizin əleyhinə hazırlanmış bütün məkrli planları, oyunları pozmağa qadirdir. Heç nə cavabsız qalmayacaq. 44 günlük İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə dəfələrlə olduğu kimi...

Mahir Rəsuloğlu, “İki sahil”