29 fevral 2024 02:15
410

Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaranıb

Dövlət başçısı İlham Əliyev bildirir ki, əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək

«Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.» Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində söylədiyi bu fikirlərlə yeni dövrün hədəflərinə zamanında və yüksək səviyyədə nail olmaq üçün geniş imkanların olduğunu təsdiqlədi.

Dövlət başçısının  hər bir çıxışında bu fikir  yer alır ki, hər dövrün öz tələbləri var. Əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Cənab İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında səsləndirdiyi bu çağırışı bir daha yada salmaq istərdik: «Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.»

Azərbaycanın yeni dövrünün hədəflərindən söhbət açarkən  təbii ki,  ilk növbədə,  tarixi Zəfərimizdən bəhs etməyi özümüzə borc bilirik. Çünki dövlət başçısı İlham Əliyevin Xocalı faciəsinin 32-ci ildönümü günündə  Xocalı rayonuna səfəri zamanı rayon sakinləri ilə görüşündə qeyd etdiyi kimi, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı.

Ölkəmiz 30 illik işğal dövründə nə qədər  dünya güclərinin  ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da, heç zaman ruhdan düşmədi, daim irəliyə doğru inamla addımladı. Sülh danışıqları səmərə verməyəcəyi  təqdirdə hərb variantının seçiləcəyi inkar edilmədi.   Prezident  İlham Əliyev daim çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, bugünkü Azərbaycan Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyil.

Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük İkinci Qarabağ müharibəsində aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın dövrdə edə bilmədiklərini etdi. Haqq-ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, işğalçı Ermənistana və ona dəstək verən dövlətlərə bir daha çatdırıldı ki, beynəlxalq hüquq deyilən məfhum var və ona riayət edilməsi mütləqdir. Dövlət başçısı İlham Əliyev Xocalı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bildirdi ki, Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, ona qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın: «Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir.»

Təbii ki, qazanılan uğurlar, zəfərlər böyük səylərin nəticəsidir. Son 20 ilin uğurlarını qeyd edərkən 1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməli xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyev bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində də bu məqamı xüsusi qeyd etmişdir ki,  bugünkü reallıqları  2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı: «1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.»

Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə cənab İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Azərbaycanın son 20  ildən artıq dövrdə  keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlət başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Zəfərimiz bu uğurların zirvəsində dayanır.  Bu Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha  dünyaya çatdırdı.

Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq prioritetlər müəyyənləşdirildi.  Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də artıq yeni hədəflərin  müəyyənləşdirildiyini və  əvvəlki illərdə əldə olunan uğurlar əsasında  gələcəyə inamla addımladığımızı təsdiqləyir. Təhlillər əsasında Azərbaycanın daim hədəfə doğru inamla addımladığını görür və bundan böyük qürur hissi keçiririk. Cənab İlham Əliyev postmünaqişə dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində «Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı» sualını cavablandırarkən bildirmişdir ki,  mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir.  Bütün güclər də səfərbər edilib.  Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir: «Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.»

Cənab İlham Əliyev konkret tarix söyləməsə də bu günə qədər görülən işlər göz qabağındadır.  Bütün böyük infrastruktur layihələri ilə yanaşı,  əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Dövlət başçısı İlham Əliyev istər andiçmə mərasimində, istərsə də Xocalı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu reallıqları böyük qürur hissi ilə qeyd etdi. Bildirdi ki, artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. O cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alıb.

Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq. Hədəf bu mərhələdə 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Cənab İlham Əliyev bu əminliyi ifadə edir ki,  biz buna da nail olacağıq. 

Göründüyü kimi,  ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Bu, Azərbaycan dövlətinin, xalqının daim irəli baxmasına əsaslanır. Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı.  Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir.

Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri  hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi də deyilənlərin təsdiqidir. Əvvəldə də qeyd etdiyimiz kimi,  Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına stimuldur.

Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır.  Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Müqayisəli təhlil aparsaq görərik ki, 2003-cü ildə  minimum əməkhaqqı  9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır.

Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir: «Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək.»

Yeganə Əliyeva, «İki sahil»