26 fevral 2024 22:58
429

Nikolun bitib-tükənməyən oyunları

Azərbaycan Vətən müharibəsindən sonra Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sülh sazişinin mətnini göndərdi və bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış etdi. Ermənistan isə hələ də  müxtəlif bəhanələrlə sülhdən yayınmaq üçün fərqli mövqe ortaya qoymaqdadır. Məsələn, rəsmi İrəvan ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdi. Halbuki, hazırkı vəziyyətdə Ermənistanın bu təklifinin heç bir məntiqi əsası yoxdur. Belə ki, Azərbaycanın Ermənistana təklif etdiyi 5 baza prinsipində bütün bunlar öz əksini tapıb.

Bu günlərdə Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində yeni absurd iddialarlı çıxış edib. Ermənistan hökumətinin rəhbəri de­yib ki, əgər Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” hesab edirsə sülhün qeyri-müm­künlüyü aydındır. Əvvəla qeyd edək ki, Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” adlandırmır. Qərbi Azərbaycan süni şəkildə yaradılmış dövlət olan indiki Ermənistanın böyük bir hissəsidir. Yəni, bunlar bizim tarixi torpaqlarımızdır və onların Ermənistanın tabeli­yinə necə keçdiyini göstərən kifayət qədər əlahəzrət faktlar var. Digər tərəfdən, rəsmi Bakı  sadəcə azərbaycanlıların pozul­muş hüquqları müqabilində bu faktlardan söz açır. Yəni, Paşinyan və onun havadarları sülh müqaviləsinə Qarabağdan köçmüş er­mənilərin bölgəyə qayıtmaları müddəasını əlavə etməyə cəhd göstərirlərsə, Azərbaycan niyə  Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılar üçün eyni qayıdış hüququnu qabartmasın? Biz nə üçün Qərbi Azər­baycan məntiqinə, tarixi reallığa müraciət etməyək? Olmaya rəsmi İrəvanın bunlardan xəbəri yoxdur?

“Azərbaycan bizimlə ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasına əsaslanan sülhə yox, Ermənistanda yeni ərazilərin ələ keçirilməsinə can atır” deyən Nikol Paşinyanın sözlərinə görə, guya Bakının bu  kimi bəyanatları Ermənistana yeni hücum ehtimalını aktuallaşdırır. Halbuki, rəsmi Bakının heç bir zaman belə bir niyyəti olmayıb,  dəfələrlə də bəyan edib ki, Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Bu mənada Ermənistanın guya təhlükələrlə üzləşməsi barədə Paşinyandan tutmuş, makronların, borrellərin  dedikləri ağ yalandır.

Amma bu bir həqiqətdir ki, Nikol Paşinyanın “Azərbaycan Ermənistana qarşı təcavüz reallaşdıracaq” məntiqi işğalçı ölkənin yeni təcavüzə köklənməsindən xəbər verir. Elə son günlər Ermənistanın Fransa kimi havadarına arxalanaraq sürətlə silahlanması, fransız hərbi müşavirin  İrəvanda yerləşdirmək məsələsinin gündəmə gətirilməsi, Qərbin demək olar ki, bütün ən nüfuzlu kəşfiyyat xidmətlərinin rəhbərlərinin İrəvana səfərlər etmələrii, 1990-2000-ci illər arasında qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı coğrafi ərazi iddialarının öz əksini tapması, Hayastanın şərti sərhəddə atəşkəsi yenidən pozması buna əyani sübutdur. Yeri gəlmişkən qeyd edək ki, fevralın 24-də  Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Kəlbəcər rayonunun Yellicə  və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu da Ermənistanın hələ də öz “amp­luasında” qalmasından, həmçinin qarşıdakı günlərdə də hərbi təxribatları dayandırmayacağından xəbər verir. Hazırda görünən odur ki, təcavüzkar ölkə daha geniş təxribatlara baş vurmaq üçün Fransanın işarəsini gözləyir. Bütün bunlar Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini, beynəlxalq hüququ ayaqlar altına atdığını açıq-aydın göstərir. Bu, həm də  Paşinyanın riyakarlığını, sözü ilə əməlinin qətiyyən üst-üstə düşmədiyini ortaya qoyur. Ermənistanın Fransa tərəfindən sürətlə silahlandırılması onu deməyə əsas verir ki, İrəvan sülhə deyil, müharibəyə hazırlaşır. Şübhəsiz, Azərbaycan hadisələrin istənilən inkişaf variantına hazırdır.

Elə son günlər Ermənistanda “Qarabağ münaqişəsi həll olunmayıb” kimi gülünc iddialarla çıxışlar edən, Azərbaycanın suverenliyini təhdid edən, hələ də “öz müqəddəratını təyin etmək”dən dəm vuran separatçı rejimin tör-töküntülərinin, o cümlədən Xocalı caniləri Robert Koçaryanın, Serjik Sarkisyanın, Seyran Ohanyanın fəallaşmasına geniş şərait yaradılması da Nikol Paşinyanın oyunlarının tərkib hissəsidir. Bəli, bir tərəfdən Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda bəyanatlar verir, digər tərəfdən separatizmi dəstəkləyir. Bu yerdə yaxşı deyiblər ki, qarğadan gözəl quş istədilər, balasını göstərdi.

Bu kimi addımlar Ermənistanın sülh danışıqları prosesinə qeyri-səmimi yanaşmasını, regionda sabitliyin yaranmasında əsla maraqlı olmadığını, sülh gündəliyi məsələsində öz xislətinə uyğun oyunlar oynamaqla məşğul olmasını  bir daha sübut edir. Bu baxımdan Prezident İlham Əliyevin çıxışlarında Ermənistana və havadarlarına Azərbaycan torpaqlarına göz dikməmək çağırışını səsləndirməsi, xə­bərdarlıqlar ünvanlaması heç də təsadüfi deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”