27 fevral 2024 01:14
389

Makron Hayastanın vəkilidirmi?..

Fransanın ermənipərəst prezidenti Emmanuel Makron, özünü və Ermənistanın baş naziri Nikol Paşinyanı guya sülh tərəfdarı, rəsmi Bakını isə "təklifi qəbul etməyən, tələbləri ilə sülhü gecikdirən tərəf" qismində göstərmək əvəzinə daha adekvat siyasət yürütməlidir. Ancaq İstər Makronun, istərsə də Paşinyanın pozucu və işğalçı niyyətləri ovuc içindəki kimi görünür. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozan kimdir? İşğalçı Ermənistan. İndi onu birbaşa dəstəkləyən Fransa onun yolunu davam etdirir və ağılsız əməllərini ört-basdır etməyə cəhd göstərir. Beynəlxalq təşkilatlar özlərini nə qədər karlığa və korluğa vursalar da bu həqiqəti bilirlər. Azərbaycan isə özünü etibarlı siyasi, istərsə də iqtisadi tərəfdaş kimi bütün dünyaya sübut edib. Artıq hər kəsin anlaması lazımdır ki, nə Ermənistan vasitəsilə, nə də digər bir yolla Azərbaycana təzyiq göstərmək mümkün deyil. Çünki Azərbaycan otuz beş ildən artıqdır ki, ən müxtəlif təzyiq və təsirlərdən qorunmağı bacarıb. Zamanı gələndə hamısını yerində oturdub. Bu cür cılız vasitələrlə bizi qorxudub dayandırmaq və ya tutduğumuz mövqedən geri döndərmək mümkün deyil. Bu cür “nümunə”lərdən birini bu günlərdə də gördük. Bu mənada Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri və Fransa Prezidenti Makronla görüşlərində bir sıra maraqlı məqamlar diqqəti cəlb etdi.

Nikol Paşinyanla Makron arasında görüşdən olan kadrlara baxanda Fransa prezidentinin Paşinyanın üzərinə çətir qaldırması diqqət çəkir. Fransa sanki Ermənistanın onların çətiri altında olmasını göstərməyə çalışır. Reallıq isə bundan ibarətdir ki, Fransa Ermənistan vasitəsilə regiondakı maraqlarını təmin etməyə çalışır. İrəvana "tam dəstək" vəd edən Fransa prezidentinin çıxışı bütünlüklə Azərbaycana qarşı yönəlmiş, Bakıya təsir cəhdlərindən ibarət bəyanatlar yığnağı sayıla bilər.

Aydındır ki, Fransanın məqsədi Cənubi Qafqazda stabilliyin bərqərar olması, mümkün eskalasiya və risklərin qarşısının alınması yox, məhz Ermənistan vasitəsilə regionda möhkəmlənmək və maraqlarının təminatına can atmaqdır. Makronla Paşinyanın görüşündən sonra Fransanın Müdafiə naziri Sebastyan Lekornyunun Ermənistana səfəri də bu dövlətin yürütdüyü mürtəce siyasətin tərkib hissəsidir.  Adının yarısı “yan” olan Fransa rəsmisi adəti üzrə yenə də Ermənistana növbəti vədlər verməyə başlayıb. Bütün bunların nəticəsidir ki, Ermənistan və Fransa hərbi əməkdaşlıq barəsində sənədlər paketi imzalayıblar. Nazir Fransanın Ermənistana gecəgörmə cihazları göndərdiyini və "Bastion" zirehli maşınları çatdırılacağını qeyd edib.

Ermənistana silah tədarükü isə tamamilə yeni bir şey deyi. Bundan əvvəl 2023-cü ildə Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib. Həmin silahlar Gürcüstanın Poti limanı vasitəsilə çatdırılıb.

Məlumata görə, budəfəki silah göndərişinin Qara dəniz vasitəsilə baş tutması daha mümkün olmayacaq. Çünki Türkiyə hər vəchlə buna mane olaraq bölgədə sülhə qarşı yaradılan maneələrin qarşısını kəsmək iqtidarındadır. Digər tədarük variantı kimi İran göstərilsə də, Tehranın da bu məkrli plana qarşı çıxacağı bildirilir. İranın kəşfiyyat qurumları Fransanın Ermənistanda hərbi bazalar qurması ilə bağlı məlumatlar əldə etdiyindən Tehran hakimiyyəti öz sərhədlərində NATO-nun mövcudluğuna qarşı çıxacaq. İran ümumiyyətlə, Qərbi və ABŞ-ı öz sərhədlərinin yaxınlığında görmək istəmir. O cümlədən də Fransanı.

Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il noyabrın 23-də “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir: "Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır".

Bu səbəbdən regionda istənilən silahlı insident və ya münaqişənin məsuliyyətini birbaşa Fransa daşıyır.

Göründüyü kimi,  Fransa israrla Ermənistanı silahlandırmağa cəhd göstərir və bu  yolla regionda əslində sülh olmayacağını da bilir. Deməli, Fransanın sülhlə bağlı açıqlamaları boş söz yığınıdır. Bu ölkənin məqsədi regiondakı sabitliyi kökündən pozmaq və “ayağına yer eləməkdir”. Ona görə də Fransa prezidenti üzüyola və əfəl Paşinyanın “quyruğunu” əldən buraxmaq istəmir. Ancaq  Fransanın Azərbaycanla bağlı qurduğu qərəzli planlar rəsmi Bakının adekvat reaksiya verməsinə səbəb olur. Biz müstəqilliyi ona görə qazanmamışıq ki, hansısa  Makronun iddialarına qurban verək. Çox makronlar gəlib-gedəcək, Azərbaycan isə daim özünün inkişaf və əməkdaşlıq yolu ilə irəliləyəcəkdir.

Emmanuel Makron ölkəmizlə normal, adekvat və rasional, ən əsası isə maraqlarla mənafelərin qarşılıqlı şəkildə təmin olunacağı əlaqələr qurmaq istəyirsə, ilk əvvəl siyasətini və mövqeyini dəyişməlidir. Azərbaycan Ermənistandan fərqli olaraq, hər zaman müstəqil siyasət yürüdüb. Heç kimin çətirinin altına girməyib. Hazırda yürütdüyü müstəqil siyasət, qazandığı hərbi, siyasi,  iqtisadi qələbələr də onu göstərir ki, çarizmin və bolşevizmin imperiya əsarətindən qurtulan Azərbaycan bundan sonra daha heç vaxt hansısa dövlətin iddialarını qəbul etməyəcəkdir. Ölkəmiz öz dövlət müstəqilliyini etibarlı qorumaq üçün hərbi gücə, sədaqətli dostlara və qardaşlara malikdir. Fransadan, Hindistandan və haradansa gələnlər gəldiklərinə peşman olub gedəcəklər. Tariximiz boyu çox belələrini yola salmışıq.

Vəli İlyasov,  “İki sahil”