27 fevral 2024 00:11
358

Fransanın müstəmləkəçilik siyasətinin növbəti ifşası

İstanbul konfransında Makrona ünvanlanan açıq məktubda hansı tələblər  irəli sürülür?..

Son illər Avropada artan islamfobiya narahatlıq doğurur. Müsəlman icmaları cəmiyyətin müxtəlif təbəqələrindən ayrı-seçkilik və təcrid olunma ilə üzləşirlər. İslamfobiya əsasən yanlış anlamalar, qərəzlər və stereotiplərə əsaslanır. Bu vəziyyət müsəlman fərdlərin gündəlik həyatlarında, iş yerlərində və hətta siyasi sahədə ayrı-seçkiliklə üzləşməsinə səbəb olur. Mediada mənfi təqdimatlar, siyasi diskurslarda ayrı-seçkilik xarakterli ifadələr və cəmiyyətdə geniş yayılmış anti-İslam əhval-ruhiyyəsi islamofobiyanın əsasını təşkil edir.

Arzuolunandır ki, Qərb belə qarşıdurma ssenarilərinə son qoysun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlığı, multikulturalizmi seçsin, bəşəri dəyərləri təbliğ və təşviq etsin. Eynilə Azərbaycan kimi. Dini və milli dözümlülüyün yüksək səviyyədə olduğu Azərbaycan bütün dünya üçün tolerantlıq örnəyidir. Dövlətimiz hər zaman özünün tolerant siyasəti ilə seçilib. Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanın dövlət-din münasibətləri modeli, burada yaşayan müxtəlif dinin nümayəndələrinə xüsusi diqqətin olmasını vurğulamalıyıq. Respublikamızda müxtəlif dinlərə mənsub insanların birgə yaşayışı və onların ölkəmizdə azad şəkildə dini ibadətlərini yerinə yetirmələri üçün yaradılan şərait yüksək qiymətləndirilir.

Bütün bunlarla yanaşı, ölkəmiz islamofobiya meyillərinə qarşı hər zaman etiraz səsini ucaldıb. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı bildirib ki, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Bu, o deməkdir ki, Azərbaycan bundan sonra da Avropada mövcud olan bu zərərli tendensiya ilə bağlı prinsipial mövqeyini davam etdirəcək.

Dövlətimizin başçısı həmçinin neokolonializmə qarşı mübarizə aparan ölkələrin də yanında  olmalı olduğumuzu vurğulayıb. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır. Ölkəmiz neokolonializimin bütün təzahürlərini pisləyir və insan hüquq və azadlıqlarının qorunmasına böyük önəm verir. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində vurğulayıb: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. ...Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar əminəm ki, peşman olacaqlar”.

Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Bu dövlət istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə almağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır.

Azərbaycan isə Fransanın müstəmləkəçilik siyasətini bütün platformalarda ifşa edir. Ölkəmiz Fransanın müstəmləkəçi siyasətinə qarşı mübarizə aparan xalqların yanındadır və onlara dəstək verir.

Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə dəstək məqsədi daşıyan Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həm ölkəmizdə, həm də xaricdə bir sıra tədbirlər keçirilir. Bu  istiqamətdəki tədbirlər bugün də davam etdirilir. Belə ki, fevralın 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfransı keçirilib. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ötən dövrdə bu qurum tərəfindən altı beynəlxalq konfransın keçirildiyini bildirib. Vurğulanıb ki, bu konfransların əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılması idi. Bakı Təşəbbüs Qrupu buna nail oldu və bundan əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslərini dünyaya çatdıra bildilər. Dünya bu regionlarda baş verən hadisələri, Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələrini öyrəndi.

Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Korbin çıxışında müstəmləkəçilikdən zərər görən bölgələrdəki insanların səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycana, o cümlədən bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib. O deyib ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib. Hazırda dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Bəzi ölkələrdə müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində zaman-zaman hərəkatlar baş qaldırsa da, onların özünü idarə etmələri baxımından çox kiçik və uzaq olduqları düşünüldü. Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 müstəmləkə ada var və Azərbaycan tərəfindən təşkil olunan belə tədbirlər buralarda yaşayan insanlar üçün çox vacibdir.

Konfranda iştirakçılar adından Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlanıb. Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çoxdur qəbul olunmasına baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyindən və neokolonializmindən əziyyət çəkdiyi vurğulanır. Məktubda həmin adalarda Fransanın törətdiyi müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən maneə yaradılması, yerli əhalilərin pestisidlərlə zəhərlənməsi və əhalinin bunun fəsadlarından əziyyət çəkməsi, insanların məcburi emmiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də aparılması, orada müstəmləkəçi məhkəmə sistemlərinin tətbiqi və digər faktlar öz əksini tapıb.

İştirakçılar Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırmağı tələb edərək, bu ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının müstəmləkə ölkələrinə göndərilməsi üçün quruma müraciət ünvanlamasına çağırış ediblər.

Onu da diqqətə çatdıraq ki, Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq bu ölkəyə daşınmış 100 mindən artıq maddi və mədəni irs nümunəsinin geri qaytarılması üçün petisiyaya start verildiyi elan edilib. Bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.

Nigar Orucova, “İki sahil”