26 fevral 2024 16:43
305

Sərbəst güləşçilərimiz təlim-məşq toplanışa başlayıblar

Sərbəst güləş üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına start verib.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, komanda geniş tərkibdə Qubaya yollanıb.

Quba Olimpiya İdman Kompleksində təşkil edilən hazırlıq prosesi martın 10-dək davam edəcək.

Təlim-məşq toplanışında böyüklərlə yanaşı, gənclərdən ibarət yığmanın üzvləri də yer alıblar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev ilə Şərif Şərifov, Oyan Nəzəriani, eləcə də U-20 millisinin böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 70-dən çox güləşçi həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində məşq edəcək. ABŞ-dən dəvət edilən fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi də xüsusi fiziki hazırlıq üzrə təmrinlərin həyata keçirilməsində yaxından iştirak edəcək.

Hazırlıq prosesində Qazaxıstan, Rusiya və Belçikadan sınaqçı-rəqiblər də yer alıb.

Quba toplanışı Bakıda keçiriləcək məsul yarışlara – Avropa Olimpiya Təsnifat turnirinə (5-7 aprel) və U-23 Avropa çempionatına (20-26 may) hazırlıq xarakteri daşıyır.