26 fevral 2024 17:05
493

Azərbaycana qarşı düşünülmüş təxribat: Sumqayıt hadisələrindən 36 il ötür

27 fevral 1988-ci ildə  Sumqayıtda erməni ekstremistlərinin təşkilatçılığı ilə kütləvi təxribat törədildi. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə hazırlanmış bu təxribat  dünyaya azərbaycanlıların mənfi obrazlarının formalaşdırılmasına və Qarabağdakı separatçılara haqq qazandırmağa  xidmət edirdi. 

SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər (Əhməd Əhmədov) isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluqla başa çatdırılmadı. Hətta heç onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələri ölkəmizin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hərtərəfli araşdırıldı. Araşdırılma zamanı həmin iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilidi. Hadisələrin qiymətləndirilməsi bir daha təsdiq etdi ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub.Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən ermənipərəst ünsürlər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.

İstintaq zamanı müəyyən edildi ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri  Eduard Qriqoryan olub. Amma nə qədər qəribə olsa da, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - Ermənistandakı istintaq təcridxanasına köçürülüb. Bu yerdə Prezident İlham Əliyevin çıxışlarının birində dediyi bu sözləri xatırlatmaq yerinə düşərdi: “O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir”. Qeyd edək ki, dövlətimizin başçısı Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı adlandırmışdı.

İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilmişdi.
Bir sözlə,  bu təxribat Ermənistan və erməni lobbisi dairələri tərəfindən ölkəmizə qarşı təbliğat niyyətilə hazırlanmışdı.  Yəni, 1988-ci il fevralın sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi. Azərbaycanın hüquq-mühafizə orqanları obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsini təkzibedilməz faktlarla sübuta yetirdi.

Azərbaycan dövləti və xalqı torpaqlarının uzun illər ərzində işğal altında qalması ilə barışmayaraq, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi apararaq ərazilərinin böyük bir hissəsini, təxminən 10 min kvadratkilometri işğaldan azad etdi. 2023-cü ilin sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə qanunsuz xunta rejiminin və separatçıların sığındığı digər ərazilər də separatçılardan təmizləndi. Bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. Hazırda Qarabağın hər guşəsində Azərbaycan Bayrağı dalğalanır.

Qvami Məhəbbətoğlu, “İki sahil”