26 fevral 2024 15:23
515

Dünyanın ən qədim abidələr diyarı Ordubada yönələn əsassız erməni iddiaları

Kiçik Qafqaz sıra dağlarının ətəklərində yerləşən, 7000 il yaşı olan və Ümummilli lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubad ən qədim insan məskənlərindən biri olmaqla bərabər özünün tarixi, memarlıq abidələrilə ölkənin mühüm bölgəsi hesab olunur. Bu mənada Azərbaycan dövləti Ordubad regionu abidələrinin qorunmasını daim diqqət mərkəzində saxlayıb. Eyni zamanda bu amil Ermənistanın bu diyarın tarixinə, abidələrinə əsassız iddialar irəli sürməsinə səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2024-cü ildə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı Ordubadın maddi-mənəvi irsinin mühafizəsinin vacibliyini bir daha önə çəkdi. Sərəncam Ordubadın potensial turizm bölgəsinə çevrilməsinə, şəhər abidələrinin restavrasiyası, qorunmasının “bir küçə, bir ölkə” prinsipi ilə reallaşmasına səbəb olacaqdır.

Həmçinin belə bir mühüm Sərəncamın imzalanması Ermənistanın işğalçılıq siyasəti səbəbindən dövlətimizin suveren ərazisindən ayrı düşən Naxçıvanla Azərbaycanın bütövləşməsi yolunda olduqca böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın dövlət siyasətinin prioriteti olan Zəngəzur dəhlizinin açılışı bilavasitə Ordubad regionu ilə bağlıdır. Hələ iki il öncə Ordubada səfər edən Prezident İlham Əliyev Zəngilanı Naxçıvanla ayıran 40 km.lik Zəngəzur dəhlizinin Şərqi və Qərbi Zəngəzuru birləşdirən tarixi yol olacağına əminliyini ifadə etmiş və bu yolun nə qədər əhəmiyyətli olmasını xalqın diqqətinə çatdırmışdır.

Ermənilər Ordubada iddialarını tarixi kontekstdə irəli sürürlər. Lakin abidələr buranın əzəli türk yurdu olduğunu göstərir. Belə ki, “Ordubad” - ("ordu" və "abad") adı qədim türk dillərində "xan düşərgəsi", "iqamətgah", "qərargah" mənalarını daşıyır. Şəhərin salındığı tarix dəqiq müəyyənləşdirilməsə də, onun adı ilk dəfə VII əsrə aid mənbələrdə çəkilir.

Naxçıvan diyarında qədim insanın məskunlaşdığı əsas bölgələrdən biri olan  Ordubad rayonunun ərazisi Daş dövründən başlayaraq orta əsrlərə qədərki abidələrlə zəngindir. Rayonun ərazisində miqyasına görə irili-xırdalı 292 tarixi-memarlıq incəsənət abidələri və arxeoloji abidələr mövcuddur. Onların 30-dan çoxu dövlət tərəfindən qorunur.  Bu abidələrdən dördü dünya əhəmiyyətli hesab olunur.

Muncuqlutəpə nekropolu Dəmir dövrünə aid arxeoloji abidədir, Xaraba Gilan və Plovdağda isə e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləridir.

Qapıcıq dağının ətəyində, fantastik görünüşü ilə insanı heyrətə gətirən Gəmiqaya abidəsi VI-I minilliklərdə yaşamış tayfaların həyat tərzini və mədəni inkişaf yollarını özündə əks etdirir.

Bəşər sivilzasiyasının ilkin yaşayış məskənlərindən biri sayılan Gəmiqayadakı abidələr Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, "təkcə təbiətin böyük bir abidəsi olmayıb, eyni zamanda, min illərlə insan yaradıcılığının məhsuludur". Məhz məkrli erməni iddialarında Gəmiqayanın adının tez-tez çəkilməsi də onların bu torpağa və tarixə "sahiblik" iddialarından irəli gəlir.

Ordubadın şəhər quruluşu da özündə müsəlman-türk şəhərsalma ənənələrini əks etdirir. 1977-ci ildən qoruq elan olunan və orta əsr milli memarlıq və şəhərsalma quruluşunu qoruyub-saxlayan Ordubad şəhəri 5 hissəyə bölünmüşdür: Ambaras, Kürdətal, Mingis, Sərşəhər və Üçtürləngə. Bütün küçələr boyu relyefdən asılı olaraq müxtəlif yüksəkliklərdə 2-3, bəzən isə 4 kiçik meydan yerləşir. Şəhərdə hər məhəllənin özünəməxsusluğu hər birinin daxilində məhəllə meydanı, məscid, qoca çinar ağacı və kəhriz olması ilə səciyyələnir.

Ərazidə orta əsrlərdə türk-İslam mədəniyyətinin möhtəşəm nümunələrindən hesab edilən xeyli sayda türbə, məscid, xanəgah, buzxana, karvansara, körpü, hamam və digər abidələr ucaldılıb. Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti illərində Ordubad şəhərində inşa edilən və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə abidəsi orta əsrlər zamanı əhalinin və şəhərin ticarət-iqtisadi həyatında mühüm rol oynayıb. Bu cür xüsusi statuslu abidənin Ordubad şəhərində inşası şəhərin daim Səfəvi hakimiyyətinin diqqət və qayğısı ilə əhatə olunmasından xəbər verir.

I Şah Abbasın fərmanına əsasən Ordubad şəhərinin mərkəzi meydanında ucaldılan daha bir orta əsrlərə aid memarlıq abidəsi Cümə məscididir. Məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı şahın Ordubad əhalisinin düşmənlə mübarizədə göstərdiyi şücaətinə və qəhrəmanlığına hörmətini təcəssüm etdirir.

Gilançayın sahilində, təpələr və dağlar üzərində yerləşən Xaraba Gilan ərazisində antik dövrdə şəhər mədəniyyəti yaranmış, sonralar bu yaşayış yeri ölkəmizin mühüm ticarət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdir. Şəhər xarabalıqları yüz hektardan artıq ərazini əhatə edir. Arxeoloji qazıntılar nəticəsində daş, çiy və bişmiş kərpicdən tikilmiş yaşayış evləri, karvansaralar, türbələr, məscid, habelə sənətkarlıq ocaqları və digər tikinti qalıqları aşkar edilmiş, XII-XIV əsrlərə aid gil qab və memarlıq fraqmentləri üzərində kufi, nəsh xətlərlə yazılara rast gəlinir.

Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahların marağına səbəb olmuşdur. Rus alimi İ.Şopen, polyak tədqiqatçı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarını bildirmişlər.

XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinləri çoxlu işgəncələrə məruz qalmışlar. 1990-1992-ci illərdə Ermənistanın işğalçılığı nəticəsində Ordubad rayonunun Kilit kəndi Mehri rayonu ərazisindən top atəşinə tutularkən 35 yaşayış evi və çoxlu yardımçı binalar, məktəb, mağaza, məscid və bir neçə tarixi abidə dağılmışdır.

Ordubad şəhəri ölkənin qədim tarixi regionu olmaqla yanaşı dünyaya açılan tranzit qapıdır. Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür. Bu mənada Naxçıvan MR-in “Sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”-da Ordubadın yeni planının hazırlanması, şəhər abidələrinin qədimiliyi və müasirliyin vəhdətində yenidənbərpası, buranın turizm şəhərinə çevrilməsi nəzərdə tutulur.

Yeganə Baxşıyeva,
AMEA Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin elmi işçisi